KÖZƏRƏN OCAQ...

 

Elə insanlar var ki, onlar həmişə xalqın çətin və ağır günündə el-obaya dayaq olub, onlara arxa durub. Təbii ki, bu cür insanlara Allah hər şeyi verməklə yanaşı, böyük ürək də bəxş eləyir. O böyük ürək ki, onun işığına və nuruna bəzən bir el-oba bələnir.

Belə insanlardan biri Füzulinin Aybasanlı kəndindən olan Nəriman Xəlil oğlu Əliyevdir. O Nəriman ki, Füzulinin ağır günlərində əlinə silah götürərək onun müdafiəsinə qalxıb, hər kənd, hər oba uğrunda döyüşdə irəli atılıb. Döyüşdə yaralanmış bir neçə silahdaşını ölümün pəncəsindən xilas edərək xəstəxanaya çatdırıb. Bəziləri elə fikirləşir ki, Nəriman çox cavan və gənc olduğuna görə hisslərə qapılan adamdır. Amma bu qətiyyən belə deyil. O nə qədər cavandırsa, bir o qədər təmkinli, müdrik və millətini sevən bir insandır. Təxminən on-on beş gün bundan əvvəl Azərbaycan Dövlət Filarmoniyasında "Muğam gecəsi" keçirilib. Elə həmin "Muğam gecəsi"nin də təşəbbüsçüsü və təşkilatçısı Nəriman Əliyev olub.

Sonradan öyrəndim ki, Nəriman Əliyev milli ruhlu və vətənpərvər bir insandır və bu cür tədbirləri tək filarmoniyada deyil, "Şəhriyar" şadlıq sarayında dəfələrlə keçirib. Milli musiqimizə, muğamımıza və tarixi keçmişimizə bağlı olan bu insan həm də bu tədbirləri keçirərkən əlil, xəstə insanları heç vaxt unutmur. "Şəhriyar" şadlıq sarayında müxtəlif bayramlarda və elin əziz günlərində həmin insanları başına yığıb onlara bacardığı köməkliyi edir, bu adamların dərdlərini unutdurmağa çalışır. Təsadüfi deyil ki, Mənsurə Arışlı Nəriman Əliyevin xeyirxah əməlləri ilə bağlı "Vətən sənə oğul dedi" adlı bir kitab qələmə alıb. O kitabda ürəyi vətən eşqi ilə döyünən, elinə, obasına yaxşılıq eləməkdən doymayan Nəriman müəllimin ömür yolu əks olunub.

İnsanı sevindirmək, onun ruhunu oxşamaq hər adamın işi deyil. Amma Nəriman gənc olmasına baxmayaraq, çox müdrik və ağıllı addımlar atır. Yaddan çıxan, unudulan insanları həmişə öz ocağının ətrafına yığaraq onları sevindirmək istəyir. Bizcə, bundan böyük savab iş yoxdur. "Şəhriyar" şadlıq sarayında keçirilən tədbirlərdə həmin əlil və xəstə insanlara maddi köməkliklər göstərilməklə yanaşı, onlara bir dünya musiqi sevinci də bəxş edilib. Bu xeyriyyə tədbirlərində tanınmış sənətçilərdən və musiqiçilərdən Süleyman Abdullayev, Niyaməddin Musayev, Təşkilat Nəsirov, Eldəniz Məmmədov, Elnur Zeynalov, Zülfiyyə Məmmədova, Hümbət Qurbanov və Arif Quliyev yaxından iştirak ediblər. Seyran Səxavət deyir ki, mən həmin xeyriyyə tədbirlərinin diskinə baxanda gözlərim yaşardı və ağladım. Çünki gördüm ki, iki ayaqdan şikəst olan insanlara sevinc bəxş edəndə onlarda yaşamaq eşqi nə qədər güclü olur. Bunu eləyən oğula min alqış.

Nəriman Əliyev həm də idmançı gənclərimizə, xüsusən də kiq-boksinqlə məşğul olan istedadlı uşaqlara arxa durur. Bir neçə gün bundan əvvəl həmin idmançı gənclərlə o, Türkiyəyə yola düşüb. Aldığımız xəbərə görə, artıq ilk döyüşlərdə onun arxa durduğu uşaqlar rəqiblərini üstələyərək qalib gəliblər. Təbii ki, bu, Nəriman müəllimə böyük ovqat bəxş eləyir. Çünki çəkdiyi zəhmət və əziyyət öz bəhrəsini verəndə o bundan daha çox zövq alır.

Azərbaycan Dövlət Filarmoniyasında keçirilən "Muğam gecəsi"ndən sonra Nəriman müəllim bir qədər ürəklənib. Həmin muğam gecəsində xalq artisti Qəndab Quliyeva, Eldəniz Məmmədov, Zülfiyyə Məmmədova və digər müğənnilər çox möhtəşəm bir konsert proqramı ilə çıxış elədilər. İndi Nəriman müəllim deyir ki, mən belə bir möhtəşəm "Muğam gecəsi"ni Füzulinin Horadiz şəhərində keçirəcəyəm. Budəfəki "Muğam gecəsi"nə isə həmin sənətkarlarla yanaşı, Dədə Süleyman, Səyyad Əlizadə, Manaf Ağayev, Nadir Bayramlı, Təşkilat Nəsirov və digərlərini də dəvət eləyəcəyəm. Qoy erməninin beş addımlığında yaşayan bu insanların ürəyi sevinsin, yağılarınsa Azərbaycan musiqisindən ürəyi partlasın. Axı, bizim musiqini oğurlayan ermənilərin nə elə qeyrəti var, nə də kişilikləri. Baxmayaraq ki, onlar müvəqqəti də olsa torpaqlarımızı işğal ediblər. Seyid Əşrəfin cəddi haqqı, Allah qoysa, tezliklə həmin torpaqlar işğaldan azad olunacaq, yenidən Ərgünəşdən, Köndələndən, Aybasanlıdan, Arışdan, Hoğadan, Cəmillidən milli musiqimizin, muğamımızın, Dədə Süleymanın, Eldəniz Məmmədovun, Zülfiyyə Məmmədovanın, Təvəkkül Musayevin şirin səsi gələcək.

Təki bütün işğal altında olan torpaqlarımız yağılardan azad edilsin, yurd-yuvasından qaçqın düşən insanlar o obalara qayıtsınlar. Bir dəfə Təvəkkül Musayev dedi ki, mən Füzuli şəhərinə qayıdanda torpağı öpməyəcəm, onu dilimlə yalayacam. Qoy bu arzu tezliklə çin olsun.

FAİQ QİSMƏTOĞLU

 

Ədalət.- 2009.- 11 iyun.- S. 4.