SƏHNƏMİZİN YENİ AŞIQ QƏRİBİ - ELNUR ZEYNALOV

 

Daimi tamaşaçılarını yeniliklərlə sevindirməyi bacaran Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından daha bir təzə xəbər var. İki gün öncə kollektivin gənc solisti Elnur Zeynalov "Aşıq Qərib" operasında ilk dəfə Aşıq Qərib rolunda səhnəyə çıxdı.

 

Hacıbəyovların "Aşıq Qərib"i

 

Şərq aləmində məşhur olan dastanı oxumayan az adam var. ?zeyir Hacıbəyov libretto yazarkən dastanda müəyyən dəyişikliklər edib. Qardaşı Zülfüqar Hacıbəyov həmin libretto əsasında "Aşıq Qərib" operası bəstələyib. Bəstəkarın oğlu, məşhur dirijor Niyazi operanı tamamlayıb.

Təbriz sakini Rəsula yuxuda tiflisli xoca Sənanın qızı Şahsənəm buta verir. Rəsul yuxuda gördüyü gözəlin eşqi ilə Tiflisə gəlir. Aşıq Qərib təxəllüsü ilə qapı-qapı gəzəndən sonra Şahsənəmi tapır. Şahsənəmə aşiq olan Şahvələd isə artıq qızın atasından razılıq alıb. Qızının başqasına vurulduğunu öyrənən ata Aşıq Qəribin elçilərinin qarşısında şərt qoyur - Şahsənəmi istəyən 40 kisə qızıl gətirməlidi. Şahvələd Güloğlana Aşıq Qəribi öldürməyi tapşırır. Bu işi bacarmayan Güloğlan kələk qurmalı olur. Şahsənəmə Qəribin öldüyünü deyir, qızı inandırmaq üçün əvvəlcədən hazırladığı qanlı köynəyi göstərir. Lakin...

Aşıq Qərib yeddi ildən sonra - Şahvələdlə Şahsənəmin toy günü qayıdır. Məhəbbət dastanlarmızda ilk dəfə məhz "Aşıq Qərib"də iki sevən gənc - Aşıq Qərib və Şahsənəm bir-birinə qovuşur.

 

Səhnədə görünənlər

 

Aşıq Qəribin yeni ifaçısı Elnur Zeynalov gənc olsa da, muğam və opera həvəskarlarına yaxşı tanışdı. 1981-ci ildə Ağdamda anadan olub. Asəf Zeynallı adına Musiqi Kollecini bitirən Elnur "Space" telekanalının 2005-ci ildə ilk dəfə təşkil etdiyi Muğam müsabiqəsində uğurla iştirak edib. ?zeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının tələbəsi olan gənc istedad xalq artisti, professor Arif Babayevdən dərs alır. Elnur Zeynalov iki ilə yaxındır ki, Akademik Opera və Balet Teatrında solist kimi çalışır. Bu müddət ərzində "Leyli və Məcnun"da Məcnunun atası, "Aşıq Qərib"də Aşıq Səlim və başqa rollarda səhnəyə çıxıb.

Aşıq Qərib rolunda debütü uğurlu alınan Elnur Zeynalovu səhnədən kənarda dinləyək: "Aşıq Qərib rolunda ustad xanəndələrimiz səhnəyə çıxıblar. Bu gün də həmin obrazı tanınmış sənətçilərimiz ifa edirlər. Çox xoşbəxtəm ki, klassik operamızda baş rolda oynamaq mənə nəsib oldu. Teatrımızın rəhbərliyi, baş rejissorumuz Hafiz Quliyev, müəllimim Arif Babayev, Mənsum İbrahimov, tərəf müqabilim Gülyaz xanım Məmmədova sağ olsunlar ki, mənə inandılar, rolun maraqlı alınması üçün dəyərli məsləhətlərini əsirgəmədilər. Mənə inanan, məsələhət verən hər kəsə öz dərin təşəkkürümü bildirirəm. Bu gözəl kollektivin yaxından köməyi ilə rolun öhdəsindən gələməyə çalışdım. Dəyərli tamaşaçıların alqışlarından da hiss etdim ki, debütüm pis alınmadı. İnanıram ki, bundan sonrakı rollarım da uğurlu olacaq. Bunun üçün öz üzərimdə çalışır, təcrübəli solistlərin məsləhətlərinə qulaq asıram. Ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya gənc muğam ifaçılarına yaratdığı şəraitə görə təşəkkürümü bildirirəm".

Tamaşada əməkdar artistlər Gülyaz Məmmədova (Şahsənəm), Sahibə Abbasova (Qəribin anası), Sabir Əliyev (Aşıq Vəli), Bəhram Əliyev (Mahmud) çıxış edirdi. Tamaşaçılar Nizami Bağırovun (Şahvələd), Elşad Aydınoğlunun (Aşıq Səlim) və başqlarının ifasını da maraqla qarşıladılar.

 

Səhnədə görünməyənlər

 

Tamaşanın uğurlu alınması üçün böyük bir kollektiv əziyyət çəkir. Lakin tamaşaçılar onların əksəriyyətini səhnədə görmür. Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi "Aşıq Qərib"in quruluşçu rəssamı əməkdar incəsənət xadimi Əyyub Fətəliyevdi. Solo tarda əməkdar artisti Elxan Mansurov ifa edirdi. Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın tamaşanın dirijoru kimi işi xüsusi qiymətləndirilməlidir.

 

 

ETİBAR

 

Ədalət.- 2009.- 19 iyun.- S. 4.