"SƏNƏTƏ ARXA QAPIDAN GƏLƏNLƏR ÇOXDU"

 

Ağa Cəbrayıl Abasəliyev: "İstedadı olmayanlar özlərini elə aparırlar ki, elə bil onlara borcumuz var"

 

"Bir vaxtlar Muğam Teatrı ideyasına dodaqbüzənlər indi tədbirlərimizə gəlmək üçün dəvətnamə xahiş edirlər"

 

Dövlət Muğam Teatrının yaranmasından 20 ildən bir qədər çox vaxt keçir. Bu yaxınlarda yubileyini təntənəli şəkildə qeyd edən sənət məbədinin qurucuları çətinliklərdən keçərək teatrı günümüzə kimi yaşadıblar. Belə insanlardan biri də prezident mükafatçısı, Muğam Teatrının musiqi rəhbəri, Milli Konservatoriyanın dosenti, əməkdar artist, istedadlı kaman ustası Ağa Cəbrayıl Abasəliyevdi. Müsahibim həmin günləri belə xatırlayır:

- Muğam Teatrı çox mürəkkəb bir zamanda, 1988-ci ildə Arif Qazıyevin təşəbbüsü ilə yaradıldı. Mənim bu kollektivə gəlməyimin maraqlı bir tarixçəsi var. Teatrın ilk bədii rəhbəri, görkəmli bəstəkarımız Ramiz Mirişli indiki Bakı Musiqi Akademiyasında mənə dərs deyirdi. Bir gün Ramiz müəllim dedi ki, Muğam Teatrı yaradılır, sənin də ora musiqi rəhbəri vəzifəsinə gəlməyini istəyirik. Hörmətli müəllimimin məsləhətinə qulaq asıb Arif Qazıyevin yanına gəldim. Arif müəllim musiqini gözəl duyan, istedadlı bir insandı. Yaradılacaq teatrla bağlı xeyli söhbətlərimiz oldu. Tezliklə gərgin məşqlərə başladıq, "Şur" dəstgahı hazırladıq. İstedadlı xanəndə və musiqiçiləri, o cümlədən Alim Qasımovu bu işə cəlb etdik. Bayaq dediyim kimi çox mürəkkəb bir dövr idi. İşimizə mane olan, Muğam Teatrının ideyasına o qədər dodaqbüzənlər var idi ki... Lakin biz düzgün yolda olduğumuzu bilirdik. Həm də çiyin verdiyimiz işin məsuliyyətini dərk edirdik. Teatrın rəhbərliyindən tutmuş sıravi müsiqiçisinə qədər hamı gecə-gündüz çalışırdı. Nəhayət, proqram hazırlandı. O zamankı Mədəniyyət naziri rəhmətlik Zakir Bağırovun da iştirakı ilə möhtəşəm tanıtım tədbiri keçirildi. Müğam Teatrında ayaq üstə qalmağa belə boş yer yox idi. İlk çıxışımız uğurlu alındı və necə deyərlər, Muğam Teatrı həyata vəsiqə qazandı. Həyat bizim doğru yolda olduğumuzu sübut etdi. Bir vaxtlar işimizə mane olan, dodaqbüzən insanlar indi teatrımızın tədbirlərinə gəlmək üçün dəvətnamə xahiş edirlər. Bir maraqlı məsələni də deyim, tanıtım tədbirimizin lentləri bu gün ABŞ-da, Almaniyada saxlanılır. Təəssüf ki, Azərbaycan Televiziyasından bir nəfər də olsun gəlib həmin çıxışı lentə almadı ki, tarix üçün saxlamaq mümkün olsun.

- İndi teatrınızın təşkil etdiyi tədbirlər telekanallarda, mətbuatda gen-bol işıqlandırılır...

- Son illər Muğam Teatrına həm Heydər Əliyev Fondu, həm də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diqqət var. Teatrımızın 20 illik yubileyi Heydər Əliyev sarayında təntənəli şəkildə qeyd olundu. Biz də öz işimizlə bu qayğıya layiq olmaq istəyirik. Bu gün teatrımızın ansamblından başqa Azərbaycan bəstəkarlarının mahnılarını ifa edən ikinci bir kollektiv yoxdu. Televiziya kanallarını, konsert zallarını zəbt edən bayağı, aşağı səviyyəli mahnıların birini də Muğam Teatrında eşidə bilməzsiz. Kollektivimiz var gücü ilə Azərbaycan musiqisinin keşiyində durub. Son illər ədəbiyyatımıza, musiqimizə böyük töhvələr vermiş Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Cabir Novruzun, Oqtay Kazıminin, Səid Rüstəmovun, Nəbi Xəzrinin və başqalarının yaradıcılıq gecələrini təşkil etmişik. Adlarını çəkdiyim insanların birgə yaradıcılq işlərini ilk dəfə ifa edən sənətkarlarımızın çoxu bu gün həyatda yoxdu. Rəşid Behbudov, Şövkət Ələkbərova, İslam Rzayev, Gülağa Məmmədov, Anatollu Qəniyev kimi müğənniləri əvəz edə bilən gənc nəsil lazımdı. Muğam Teatrı bu işə də xüsusi önəm verir. Mahnı janrında gözəl nümunələr yaratmış klassik bəstəkarlarımızın əsərlərini bərpa etmək, onları gənc ifaçılara öyrətmək və yüksək səviyyədə tamaşaçıya çatdırmaq yüksək zəhmət tələb edir. Kollektivin musiqi rəhbəri kimi mən bu məsuliyyətli işdən zövq alıram.

- Siz təkcə instrumental ifaçı kimi deyil, həm də pedaqoq kimi tanınırsız. Səhv etmirəmsə 10-a yaxın tələbəniz xalq artisti fəxri adına layiq görülüb...

- Pedaqoji işə həvəs mənim qanımdadı. Çünki müəllim ailəsində böyümüşəm. Rəhmətlik atam Ağasaleh Abasəliyev tar müəllimi idi. Tələbələrinə evdə dərs keçdiyinə görə, mən müəllimliyin necə çətin və şərəfli peşə olduğunu hələ uşaq yaşlarından hiss etməyə başlamışam. Müəllimliyə meyl hələ o vaxtlardan məndə var idi. Tanrının qismətindən atamın yolu ilə getmək mənə nəsib oldu. Ali təhsilimi bitirəndən sonra məni indiki Bakı Musiqi Akademiyasında müəllim saxladılar, sonralar oranın dosenti oldum. Tələbələrimin sayı-hesabı yoxdu, onların arasında siz deyən kimi xalq və əməkdar artistlər var. Rəhmətlik atam həm də Tibb İşçilər Evinin "Səadət" ansamblına rəhbərlik edirdi. Korifey sənətkarımız Zeynəb Xanlarova, xalq artisti Flora Kərimova sənətdə ilk addımlarını həmin ansamblda atıblar. Sonra mən "Səadət"ə rəhbər təyin olunandan sonra gənc müğənnilərə müsiqinin sirlərini öyrətməyə başladım. Bu gün xalq artisti kimi tanınan Zaur Rzayev, Azər Zeynalov, Mələkxanım Əyyubova, Aygün Bayramova, Nəzakət Teymurova tələbələrim olublar. Adını çəkdiyim və çəkmədiyim tələbələrim də sizə deyə bilərlər, onlara qarşı çox tələbkar olmuşam. Musiqi nəhəng oxuyandı. Oradan damla-damla nəsə öyrənirik. ?yrəndiklərimizi öyrətməyə borcluyuq. Ona görə bildiklərimi xəsislik etmədən tələbələrimə öyrətmişəm. Biz tələbə olanda bəzi müəllimlər paxıllıq edirdilər. Deyirdilər ki, tələbə öyrənən kimi mənim yerimi tutacaq. Məndə isə belə paxıllıq heç vaxt olmayıb. Bu gün də dərs deyəndə, məşq zamanı həmin tələbkarlığımı saxlayıram. Təbiətcə elə insanam ki, istər evdə, istər çalışdığım yerlərdə işin keyfiyyətlə və peşəkarcasına görülməsini tələb edirəm. Hər üç övladıma qarşı da tələbim bu olub.

- Bəzən deyirlər ki, xanəndəni müşayət etmək solo ifaçılıqdan çətindi. Solo ifası "Qızıl fondda" saxlanılan Ağa Cəbrayıl müəllim bu fikirlə razılaşırmı?

- Hər ikisinin də öz çətinliyi var. Amma musiqiçi həm solo ifanı, həm də xanəndəni səhnədə müşayət etməyi eyni səviyyədə bacarmalıdı. Bu baxımdan mərhum tarzən Əhsən Dadaşovu idealım sayıram. Əhsən müəllim həm gözəl solo ifa edirdi, həm xanəndəni müşayət etməyi bacarırdı, həm ansambla rəhbərlik edirdi, həm də müəllim kimi əvəzsiz idi. Ondan çox şey öyrənmişəm. Bu gün mən də bu dörd cəhəti eyni səviyyədə birləşdirməyə çalışıram. Bir məsələni də xatırladım ki, 1972-ci ildə tələbələrin Almaniyada keçirilən beynəlxalq festivalında iştirak edəndən sonra çalışmaq üçün məni çox yerə dəvət etdilər. Konservatoriyanın II kursunda oxuyarkən Opera və Balet Teatrında işə götürdülər. Orada çalışdığım zaman bizim korifey sənətkarları müşayət etdim, onlarla Azərbaycanın hər tərəfini qarış-qarış gəzdim. Nəyin asan, nəyin çətin olduğunu onu deyənlərdən qat-qat yaxşı bilirəm. Bu günlərdə telekanallardan biri haqqımda veriliş hazırlamışdı. Orada dünya şöhrətli bəstəkarımız Arif Məlikov dedi ki, Ağa Cəbrayıl xanəndəni müşayət edəndə tamaşaçı xanəndəyə yox, Ağa Cəbrayılın ifasına əl çalır. Bu sənətimə verilən böyük bir qiymətdi.

- İndi musiqiçini disk və albomlarının çoxluğuna görə qiymətləndirirlər. İnstrumental ifaçı kimi neçə albomunuz var?

- 54 yaşlı Ağa Cəbrayılın bir dənə də albomu yoxdu. Sizə maraqlı hadisə danışım. Konsertlərimizin birində fransalı musiqişünas iştirak edirdi. Tələbəm Elşən Mansurov konsertdən sonra məni qonaqla tanış etdi. Əcnəbi musiqişünas məndən albom istədi. Dedim ki, yoxumdu, inanmadı. Elə bildi xəsislik edirəm. Məsələnin nə yerdə olduğunu öyrənəndən sonra dedi ki, bu necə ola bilər, tələbənizin diski Fransada hazırlanıb, amma sizin bircə albomunuz da yoxdu.

- Tamaşaçıların maraqla qarşıladığı "Xalq Ulduzu" layihəsinin münsiflər heyətində təmsil olunursuz. Yarışmaya qatılan gənc ifaçıların sonrakı taleyi ilə maraqlanırsızmı?

- Əvvəla layihənin rəhbəri Yaşar Məmmədova təşəkkür edirəm ki, "Xalq Ulduzu-1"də bu işi mənə həvalə etdi. Müxtəlif səbəblərdən həmin yarışmanın münsiflər heyətində təmsil olunmadım. "Xalq Ulduzu-3"də yenə dəvət aldım. Münsif kimi "yaxşı" və "pis" demək asandı. Lakin 16-17 yaşlı gənclərin hər həftə canlı efirə hazırlama, onlara yeni mahnı öyrətmək böyük məsuliyyət tələb edir. Tamaşaçıların rəyindən belə aydın olur ki, zəhmətimiz hədər getməyib. Bu vaxta kimi "Xalq Ulduzu" layihəsində iştirak edən gənclərin bəzilərini artıq Muğam Teatrında işə götürmüşük. Həmin layihədən tanınan Vüsal, Vəli və İsmayıl artıq bizim teatrın işçiləridi. Şəhlanı və Nicatı da tez-tez təşkil etdiyimiz tədbirlərə çağırıram. Nəzərim həmişə belə gənclərin üzərindədi. İstəmirəm ki, "Xalq Ulduzu" layihəsində böyük məktəb keçən gənclər diqqətdən kənarda qalsın. Belə istedadları qorumalıyıq. Onsuz da bu gün sənətə arxa qapıdan gələnlər çoxdu. İstedadı olan da, olmayan da oxuyur. Yerindən duran mahnı yazır. Ona görə belə mahnılar heç bir həftə də yaşamır. Yadda qalan musiqi, gözəl mətn, ürəyə yatan ifa olmayandan sonra nə qədər bəzək vurursan vur, həmin mahnı yaşamaq hüququ qazanmayacaq. Əvvəllər özfəaliyyət dərnəkləri vardı. Burada özünü göstərən xalq yaradıcılığı deyilən bölməyə dəvət alırdı. Burada fərqlənəndən sonra səni peşəkar səhnəyə buraxırdılar. İndi yuxudan tezdən duran deyir ki, mən peşəkar sənətkaram, özünə müxtəlif titullar verməkdən belə utanmır. Mən bəzən bu barədə danışanda bəziləri inciyir. ?zləri bilirlər, axı mənim belələrinə irad tutmağa tam haqqım var. 16 il musiqi təhsili almışam. Hələ də deyirəm ki, heç nə bilmirəm. Amma musiqidən heç bir anlayışı olmayan, zəhmət çəkmədən sənətə gəlmək istəyən özünə necə yüksək qiymət verə bilər? İstedadı olmayanalar özlərini elə aparırlar ki, elə bil bunlara borcumuz var. Mənim həmişə bir devizim olub - sənətdə kim zəhmət çəkibsə, qazandıqları ana südü kimi ona halaldı!

 

Etibar CƏBRAYILOĞLU

 

Ədalət.- 2009.- 20 iyun.- S. 23.