MÜASİRLƏŞMƏ ZAMANIN TƏLƏBİDİR

 

Bu yaxınlarda Mingəçevir Turizm Kollecinin fəaliyyətindən və qazandığı uğurlardan bəhs edən məqalə dərc etmişdik. Yazıda Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin kollecdə olub buradakı yeniliklərlə maraqlanmasından, eləcə də müasir dövrün təhsil müəssisəsi kimi beynəlxalq əlaqələrindən də söhbət açılmışdı. Kollec rəhbərliyinin və müəllimlərdən ibarət qrupun son illər iki dəfə Şotlandiyanın Stevenson kollecinə səfəri barədə direktor, ictimai elmlər doktoru Əyyub Əyyubovun maraqlı təəssüratı da məqalədə geniş yer almışdır.

Mingəçevir Turizm Kolleci fevral ayında daha bir yeniliklə diqqəti cəlb etmişdir. Bu ildən kollecin aylıq bülleteni də nəşr edilir və onun ilk nömrəsi işıq üzü görmüşdür. Professor Ə.Əyyubovun bu ideyası da uğurla həyata keçir.

Rəngli və nəfis şəkildə dərc olunmuş bülleten hələlik 14 səhifədən ibarətdir. Buradakı materialları Ə.Əyyubov başda olmaqla redaksiya heyəti hazırlayır və birgə müzakirə edilərək çapa verilir. İlk nömrənin birinci səhifəsində 18 mart Ümumxalq Referendumuna hazırlıq barədə, digər səhifələrdə Mingəçevir şəhərinin 60 illiyi, nazir Əbülfəs Qarayevin kollecdə olması, Stevenson təəssüratları haqda və digər maraqlı yazılar dərc olunmuşdur. Burada diqqəti cəlb edən önəmli fakt bülletenin iki dildə - Azərbaycan və ingilis dillərində buraxılmasıdır. İlk nömrənin 300 nüsxəsi əməkdaşlıq edilən Stevenson kollecinə göndərilmişdir.

Professor Ə.Əyyubov bildirir ki, bülletenin buraxılışı, forma və məzmunu növbəti nömrələrdə daha da müasirləşdiriləcək və əlaqədar qurumlarda yayılacaqdır.

Uğur olsun!

 

M. ƏHMƏDOV

 

Ədalət.- 2009.- 3 mart.- S. 5.