YAZAR QALİB TOĞRULUN TEATR MACƏRASI

 

Yazar dostumuz Qalib Toğrulun teatra neçənci ildən başlayaraq getdiyini bilmirəm, bu gedişin hansı təsirdən, nədən belə başlandığından da xəbərim yoxdur. Özü də çox zaman Rus Dram Teatrına meylli olan (indinin özündə də bu teatrı seçir çox zaman, özünün işidir bu, ayrı yazının mövzusudur,) bu yazar dostumuz son günlərdə bizim dilimizdə göstərilən bir neçə tamaşaya baxmağa getmiş və hər zaman olmasa da, çox zaman bu teatrlardan narazı qaldığını büruzə verərək öncə şifahi danışıqlarında bu barədə deyinmiş, sonra isə yazıya alaraq öz təəssüratını oxucularla bölüşmüşdür. Və sonra da oxuculardan bu təəssüratın onlara necə təsir elədiyini yoxlamaq üçün, onları da mübahisəyə, müzakirəyə və ya başqa bir deyimlə "gəlin mənimlə mübahisə edin motivləri" üstündə açıq-açığına duelə çağırmış görünür: "Mənə elə gəlir ki, bu yazdıqlarım (M.Ə.Sabir: "Hələ mən dörddəbirin yazmayıram, karına bax") azərbaycandilli teatrlarda auditoriyanın necə rəngarəng, eyni zamanda kədərli və ürəkağrıdan olduğu haqda oxucuda müəyyən təsəvvür yaratdı. Əgər müzakirəyə qoşulsanız, acınacaqlı durumun səbəbləri barədə daha geniş danışmaq olar. - Mən hələlik sözümü bitirdim, indi söz demək növbəsi sizdədir. Sizcə, biz teatra niyə (nəyə) gedirik? - .... - Teatra baxmağa?".

Bu sətirlər onun tamaşa elədiyi və haqqında "525-ci qəzet"in şənbə sayında (07 mart 2009) yazdığı BİZ TEATRA NİYƏ (NƏYƏ) GEDİRİK? yazısındandır. Türk yazarı Tuncer Cücenoğlunun yazar Dilsuzun uyğulamasında "UÇQUN" (Azərbaycan Dövlət Milli Dram Teatrının tamaşası. Quruluşçu rejissor Bəhram Osmanov, quruluşçu rəssam Ağarəhim Əliyev, bəstəkar Səyavuş Kərimi, tamaşa başqa bir teatrda göstərilirmiş) adlı bir əsərinin tamaşasına baxarkən ordan yazdığı özəl bir reportajdan və ya tamaşa zalından tam anlamında reportajdan və ya təhlili yazıdan. Bu tamaşanın ona nələr yaşatdığını ifadə edən yazısındakı bir məqama diqqət edək: "...Zaldakı "teatrsevərlərin" əsəblərimi qaşıyan, pıçıltını aşan səs tembrlərinin, mənim kimi gecikən tamaşaçıların səs-küyünün, valideynlərin özlərilə gətirdikləri 3-7 yaş aralığındakı uşaqların qəfil çığırtılarının (Yalançılar sözü, heç Kukla Teatrında da bir tamaşada bu qədər uşaq olmur) müvəqqəti proses olacağına özümü inandırmağa çalışa-çalışa şəraitə alışdım. Alışqanlıq heç də bəzilərinin güman etdiyi kimi pis bir şey deyilmiş. Çünki artıq zaldakıların şıltaqlığına səbrlə dözməyi bacarırdım. Hətta məndə zaldakıların hərəkətlərini izləmək istəyi baş qaldırmışdı".

Yazar Qalib Toğrul daha sonra davam edir:

"Keçək ikinci qrupa. 9-10 nəfərdən ibarət bu qrupu daha dəqiq xarakterizə etmək üçün, məncə, ən doğru söz "külfət" olardı. Elliklə teatra gəlmək alqışlanası addımdır, ya yox, onu deyə bilmərəm. Şəxsən mən bir tamaşaçı kimi məmə deyənindən, pəpə yeyəninə kimi hamını yığıb teatra gələn külfətin hərəkətlərindən diskomfort duydum. Məsələn, əlindən çipsi qutusunu yerə qoymayan külfətin ən kiçik, təxminən 6-7 yaşlarındakı nümayəndəsi səhnədə səsləndirilən 5 cümlədən ən azı birinə yaşına uyğun olmayan replikalar atır, qohum-əqrəba da onun hər sözünə ürəkdən qəhqəhə çəkirdi".

Bəli, bəri başdan yazar Qalib Toğrul bir tamaşaçı və bir qələm sahibi kimi öz münasibətini ortaya qoymuş və bu onun şəxsi fikri olsa da, şəxsilikdən çıxmış, çünki artıq qəzet səhifəsində yer almış və müzakirə ortamı istəyir və ya ona, onun adresinə fikirlər yazılmasını umur, ya ummur, bu, ilk baxışda belə görünür və mən də Qalibin yazısı bir yana, həm də onun şifahi danışıqlarının da şahidi olduğum üçün yazarın bu zor durumuna heyfim gəlsə də, artıq mənim üçün bu etap çox keçilmiş bir vaqeədir. Nədən mən belə deyirəm? İndi əlimin altında o yazı yoxdur, o yazı ki, mən onu QOBUSTAN toplusunda işləyəndə yazmışdım.Yaxşı xatırlayıram ki, hələ dünyanın düz vaxtında, teatrın və sənətin sevgi dolu çox gözəl çağlarında mən Azərbaycan Dövlət Dram Teatrında rəhmətlik Tofiq Kazımovun unudulmaz PƏRU CADU tamaşasının ilk tamaşalarına getdiyim günlərdə Qalibin yazdığı bütün bu detalların baş verdiyinin şahidi olmuşdum. Və belə görünür ki, bu artıq bir xroniki xəstəlik olaraq bizim hamımızda var. Baxın ha... Tofiq Kazımov kimi bir nəhəngin, çox yenilikçi bir rejissorun, çox ayrı bir yozumda göstərilən və PƏRU CADU ki, o zamanın ən gözəl aktrisalarından biri və indinin özündə çox mütəvazi bir həyat keçirən, daha doğrusu, cəmiyyətdən uzaq bir həyat yaşayan Səfurə xanım İbrahimovanın ifası bir nağıl idi. Həmin illərdə də eynən birinci sırada oturanlar və ya oturdulanların öz əynindəki geyimləri və daş-qaşları göstərmək üçün gəldikləri heç kəsin diqqətindən yayınmırdı və mənim qulaq şahidi və günahkarı olduğum: tamaşa gedə-gedə əyinlərindəki paltarların hansı atelyedə və hansı ustaya tikdirdikləri haqqında söhbətləri indi də ağlımda və hafizəmdə qırıq-qırıq qalsa da, qalıb. Güman ki, belə bir durum bir çox tamaşada olmasa da teatrda bu artıq alışqanlığa çevrilmiş bir xəstəlikdir.

Yazar Qalib Toğrul dünyanın və sənətin o gözəl çağlarında gəncəcik bir oğlandı, təbii ki, bütün bunlardan da xəbərsiz olub və xəbərsiz olduğu üçün də bu gün ürək ağrısı ilə bizim teatrlarımızda (məsələn: onun yazdığı bir teatrda) baş verən hadisələri canıyananlıqla yazır. Bu yazının bir təsiri olacaq (mənim gətirdiyim misaldan görünən bu ki, çox çətin), olmayacaq, bu hələ bəlli deyil. Amma bu var ki, tarix üçün bir məqamdır onun müşahidələri. Məsələn, gələcək nəsillər ola bilsin ki,Qalib Toğrulun bu yazısına rast gəlsinlər və 21-ci əsrin əvvəllərində Bakı teatr camiəsində nələrin baş verdiyini oxuyub görsünlər və müəyyən bir bilgi əldə etsinlər. Bu yazının ibrət edici tərəfi bu məncə.

Amma Qalib Toğrulun yazısındakı bir məqam məni hər zaman olduğu kimi, yenə də düşündürdü: Qalib çox böyük bir təəssüflə elə bu əsrin bu illərinin Bakısının Rus Dram Teatrındakı ab-havasının bizim dilli teatrlardan tamamilə fərqli olduğunu da görür və sonra da Rus Dram Teatrına gələn rusdilli tamaşaçıların bizimkilərdən bir baş üstün olduğunu nəzərə çadırır: "Mən qətiyyən ayrı-seçkilik aparmaq istəmirəm. Bir halda ki, hər iki teatrın əsas tamaşaçı kütləsi azərbaycanlılardır, buna nə hacət. SADƏCƏ, RUS DRAM TEATRINA GEDƏNLƏRİN ƏKSƏRİYYƏTİ RUSCA TƏHSİL GÖRMÜŞ AZƏRBAYCANLILARDIR. (ayrıntı bizimdir). Mən aktyorları da fərqləndirməyə lüzum görmürəm. Azərbaycandilli teatrlarda və Rus Dram Teatrında istedadlı və istedadsız aktyorlar kifayət qədərdir. Bu yerdə yazımıza müəyyən mənada dəxli olduğu üçün bir sual da vermək istəyirəm. Görəsən, niyə soyuq aylarda Rus Dram Teatrının binasına (zalına demirəm) daxil olan kimi istiliyin gətirdiyi komfortu hiss edirsən, ancaq Musiqili Komediya Teatrında zala girəndə paltonu qarderoba verdiyinə görə peşman olursan? Bu iki teatrın yazımıza birbaşa dəxli yoxdur. Ona görə müqayisə üçün bu iki teatrı seçdim ki, hər ikisi təzə təmirdən çıxıb (Burda bərabər şərtlər səviyyəsində müqayisə aparılması üçün Rus Dram Teatrının təmirdən əvvəl də qış aylarında isti olduğunu bilərəkdən "unuduram"). Mənə elə gəlir ki, bu yazdıqlarım (M.Ə.Sabir: "Hələ mən dörddəbirin yazmayıram, karına bax") azərbaycandilli teatrlarda auditoriyanın necə rəngarəng, eyni zamanda kədərli və ürəkağrıdan olduğu haqda oxucuda müəyyən təsəvvür yaratdı".

Təbii ki, neqativ hallarla mübarizənin bir çox yolu var. Bunu hər kəs bir cür həyata keçirir. Və Qalib Toğrulun bu yazısında ifadə olunan teatral əksikliklər bəlkə də elə həmin teatrda sabah, ya da o birisi gün olmaya da bilər. Çünki həmin günün tamaşasına satılan biletlər güman ki, kollektiv tamaşa üçün ayrılmış və təbii ki, bu da bir jurnalistin, gözəl bir vətəndaş olan yazıçının bəxtinə tuş gəlib. Bu bir də ondan görünür ki, özü də bir azərbaycanlı tamaşaçı olan yazar Qalib Toğrul Bakı mühitində oxumuş və hardasa tərbiyə görmüş bir insan olaraq gördüyünə haqq qazandırmamaq üçün əlinə qələm almış və hər zaman mühüm bir problem olan TAMAŞA VƏ TAMAŞAÇI SƏVİYYƏSİnə toxunmuşdur.

Ohooo... Bu, deyəsən, axı, çox uzun bir hekayədir. Çooooooooox uzun bir hekayə...

Və üstəlik də belə çıxır ki, yazar dostumuz əməlli-başlı BİR UÇQUNA düşüb şəhərin orta göbəyindəki bir teatrımızda.

Tofiq Abdin

 

Ədalət.- 2009.- 14 mart.- S. 15.