Gülüstan sarayında beynəlxalq konfrans keçirildi

 

Əli Həsənov: "Dialoq insanları öz inanclarından imtina etməyə vadar etmir"

 

Ziyalıların, dövlət adamlarının və dini liderlərin iştirakı ilə "Dialoq Avrasiya" Platformasının və "DA" jurnalının Azərbaycanda fəaliyyətə başlamasının 10 illiyi ilə bağlı Gülüstan sarayında "İslam mədəniyyəti və müasir dünyada dialoq" mövzusunda konfrans keçirilib.

Platformanın Azərbaycan Milli Komitəsinin sədri Nizami Cəfərov qurumun fəaliyyətə başladığı vaxtdan bu günə kimi həyata keçirdiyi tədbirlərdən danışıb: "Amma bu fəaliyyət daha da genişləndirilməli, bura daha çox xalqlar və dövlətlər cəlb olunmalıdır".

"DA"nın Azərbaycan nümayəndəliyinin katibi Mustafa Saatçı jurnalın Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin "Demokratiyaya gedən yol", baş nazirin müavini Elçin Əfəndiyevin "Əbədi düşüncələr" kitablarının Anadolu türkcəsinə tərcümə edilib nəşr olunduğunu bildirib. O, "DA" jurnalının 28 sayında Azərbaycanla bağlı 110 məqalənin nəşr edildiyini vurğulayıb.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müasir dünyanın ən dəyərli fəaliyyət istiqamətlərindən birinin dialoq olduğunu bildirib. Onun sözlərinə görə, dialoqla bütün problemlərin həlli mümkündür: "Tarix boyu başqa cəmiyyətləri güc yolu ilə öz dinindən, ənənəsindən döndərib güclü cəmiyyətlərə birləşdirmək cəhdləri müvəffəqiyyətsizliyə uğrayıb. Dialoq isə heç də digər cəmiyyətdən olan insanları öz inanclarından imtina etməyə vadar etmir. Bu sadəcə ortaq nöqtələrin tapılmasıdır".

Tədbirdə Rusiyada fəaliyyət göstərən Mətbuatın inkişaf İnstitutunun rəhbəri Olqa Karabamova, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, "Dialoq Avrasiya" Platformasının həmsədri Harun Tokuk və digərləri çıxış edib.

Tədbir iştirakçılarına nurçuların lideri Fətullah Gülənlə bağlı jurnallar paylanıb və həmçinin, onu təbliğ edən videosüjet nümayiş edilib. Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev isə buna etiraz olaraq tədbiri yarımçıq tərk edib.

V.Məmmədli

 

Ədalət.- 2009.- 1 may.- S. 3.