"QARABAĞ"" QARABAĞA QAYITDI

 

Quzanlıda atılan toplara niyə sevindik?

 

Bəzən mühüm tarixi hadisələri xüsusi qeyd etmək üçün türklər demiş, altını çizmək lazımdı. 2009-cu il mayın 3-ü Ağdamın "Qarabağ" klubu, onun minlərlə azarkeşi, Qarabağ və bütün Azərbaycan görə özəl bir gün idi. 16 illik fasilədən sonra "Qarabağ" ev oyununu evində - Ağdamın Quzanlı qəsəbəsindəki Olimpia Kompleksində keçirirdi.

 

Arayış verilir "Qarabağ"

 

klubuna ondan ötəri ki, həqiqətən də sonuncu ev oyununu 1993-cü il mayın 12-də Tovuzun "Turan" klubuna qarşı keçirib. Həmin qarşılaşma 1:0 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb.

 

Quzanlıda gül gülü çağırırdı, futbolçu topu

 

"Qarabağ" doğma azarkeşlərindən, meydançasından may ayında ayrıldığı kimi, mayda da geri döndü. Amma bu may özgə bir may idi. Quzanlıya erkən çatmışdıq. Həm gözəl hava, həm də maraqlı futbol ovqatı vardı. "Qarabağ" klubunun bayraqlarının müxtəlif yerlərdə görünməsi, Bakının "İnter" komandası ilə oyuna biletlərin bir neçə gün əvvəldən satılması çox şeydən xəbər verirdi. Futbol və "Qarabağ" üçün darıxan yüzlərlə azarkeş oyundan iki gün öncə Quzanlıya gələn doğma komandasını Yevlaxda təntənə ilə qarşılamışdı. İnter"lə oynu bir neçə saat qalsa da...

 

Həsən Sarıyevin tapşırıqları

 

tükənmirdi. Ağdam rayon İcra Hakimiyyətinin başçısı futbol bayramının yüksək səviyyədə təşkili üçün heç bir detalı gözdən qaçırmır, tabeliyində olan insanlara göstərişlər verirdi. "Qarabağ"ın bu vaxta qədər ayaqda qalmasında, qazandığı uğurlarda xeyli əməyi olan icra başçısının sevincini və narahatçılığını başa düşmək olardı: "Komandanın doğma azarkeşlərinin yanına qayıtması böyük hadisədir . Ağdam işğal olunandan sonra rayon əhalisi ağır günlər keçirib. Şükür ki, bu çətinliklərin çoxu arxada qalıb. Ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Ağdamda böyük işlər görülüb. camaatımız doğma ev-eşiyinə qayıdıb. Son illər Ağdama qayıdan insanların sayı 45 mini keçib. "Qarabağ" klubu da Bakıda, Sumqayıtda keçirdiyi qaçqın həyatına son qoyub öz evinə dönür. Növbəti oyunlarını komanda Quzanlı Olimpia Kompleksinə keçirəcək. Uzun müddətdir ki, buna hazırlaşırdıq. AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının rəhbəri Ramin Musayev, millət vəkili, "Qarabağ" klubunun fəxri prezidenti Aqil Abbas, komandanın sponsoru "Azərsun Holdinq"in prezidenti Tahir Gözəl bu işdə bizə çox kömək göstərdilər. İstəyimizin reallaşmasında bizə yardımçı olan hər bir kəsə təşəkkür edirəm".

 

"Bu gün Quzanlıda, sabah Ağdamda"

 

Ötən il istifadəyə verilən Quzanlı Olimpia Kompleksinə çatanda qarşılaşmanın başlamasına hələ 2 saata yaxın vaxt vardı. Lakin...

İki mm tamaşaçı tutumu olan stadionda boş yer yox idi. Təxminən iki mindən çox tamaşaçı isə doğma komandanı dəstəkləmək, bu tarixi oyunu izləmək üçün qapının arxasında ayaqüstə qalmağa da razılaşmışdı. Möhtəşəm ab-hava, xüsusilə PFL-in hazırladığı "Bu gün Quzanlıda, sabah Ağdamda" şüarı göz oxşayırdı.

Fasilə vermədən "Bura Quzanlı, burdan çıxış yox!" qışqıran azarkeş ordusu "İnter" futbolçularına çətin anlar yaşatmaq istəyirdilər. 200 nəfərə yaxın "İnter" azarkeşi də doğma klublarını dəstəkləmək üçün Quzanlıya gəlmişdi.

 

"Ermənilər Ağdam stadionuna "Dolu" atandan sonra...

 

orada futbol oynamaq mümkün olmadı. Orada 16 il əvvəl keçirilən sonuncu oyun bu gün də gözlərimin qabağındadır. Neçə il idi komandamızı dəstəkləmək üçün Sumqayıta, Bakıya gedirdik. Çox şükürlər olsun ki, "Qarabağ" Qarbağa qayıtdı". Bu sözləri bizimlə söhbətində "Qarabağ"ın çoxsaylı azarkeşlərindən biri Hacı Rüstəmov dedi.

"Qarabağ"ın təsisçisi, Ağdam futbolunun inkişafında əməyi keçən şəxslərdən biri Adil Nadirovun da sevinc dolu göz yaşlarını başa düşmək çətin deyildi: "O zaman rayonda vəziyyət çox ağır idi. Komandanı Ağdamdan çıxarıb Sumqayıtda, Bakıda məskunlaşmağa məcbur olduq. Çox şadam ki, bu gün klubla birgə doğma torpağımıza, azarke şlərimizin yanına qayıtdıq. Hansısa hisslər keçirdiyimizi sözlə ifadə edə bilmirəm. Çox xoşbəxtəm ki, bu günü görmək mənə nəsib oldu".

 

Konsert təxirə salınsa da...

 

Quzanlıdakı futbol bayramını daha maraqlı etmək üçün təşkilatçılar xüsusi konsert proqrammı planlaşdırsa da... Ağdam rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyev bizimlə söhbətində bildirdi ki, aprelin 30-da Dövlət Neft Akademiyasında baş verən hadisə ilə bağlı bu tədbirin təxirə salınması qərara alınıb.

Konsert olmasa da oyundan öncə rəsmi törən keçirildi. İcra başçısı Həsən Sarıyev, Ağdamda Milli Məclisə deputat seçilmiş Aqil Abbas, PFL prezidenti Ramin Musayev, AFFA-nın I vitse-prezidenti,millət vəkili Rauf Əliyev çıxışlarında bayram münasibəti ilə ağdamlıları təbrik etdilər və hər iki komandaya uğurlar arzuladılar.

Natiqlərin çıxış etdiyi şərəf tribunasında AFFA-nın baş katibi Elxan Məmmədov, milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts, "Qarabağ" klubunun baş direktoru Əmrah Çəlikəl də vardı.

 

Ramin Musayev hansı sirri açdı?

 

Son vaxtlar primyer liqada keçirilən oyunları idarə edəcək hakimlərin adları gizli saxlanılır. Azarkeşlər ədalət təmsilçilərinin adlarını oyun başlayan anda öyrənirlər. "Qarabağ"-"İnter" qarşılaşması da istisna olmadı. Oyundan bir neçə dəqiqə əvvəl PRL prezidenti Ramin Musayev qarşılaşmada fit çalacaq hakimlərin adlarını "Ədalət"ə açıqladı. Məlum oldu ki, tarixi oyunu FİFA referesi Vüsal Əliyevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

 

Quzanlıda atılan top və ya Nikonovun xanımının qəlyanı

 

Mayın 3-ü saat 16:00-da Dövlət Himnimiz səsləndikdən və aprelin 30-da baş verən hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tarixi qarşılaşma başlandı.

Quzanlı Olimpia Kompleksində baş tutan "Qarabağ"-"İnter" oyunu Az.TV-də canlı yayımlandığından qarşılaşmanı geniş şərh etmək fikrində deyilmə. Amma...

34-cü dəqiqədə "Qarabağ"ın 17 nömrəli oyunçusu Sedat Saininin vurduğu qolun stadionda yaratdığı sevinci görməyə dəyərdi. Türk futbolçunun başla zərbəsindən sonra top "İnter"in qapısından keçən kimi Quzanlıda möhtəşəm görüntü yarandı. Sevinən azarkeşlər sakitləşmək bilmirdi. Qoldan dərhal sonra "İnter"in prezidenti Georgi Nikonovun xanımı qəlyan yandırmaqdan özünü saxlaya bilmədi.

"Qarabağ" fasiləyə qalib kimi yollandı. 59-cu dəqiqədə isə "İnter"li Andrey Rubin cavab qolunu vurmaqla oyunda tarazlıq yaratdı.

 

"Hakimi səngərə!"

 

Heç-heçə başa çatan maraqlı futbol qarşılaşmasını təcrübəli referi Vüsal Əliyev normal idarə etdi. lakin futbol elə oyundu ki, dünyanın istənilən ölkəsində hakimin qərarından narazı azarkeşlər tapmaq mümkündü. Dünyada hakimlərin ünvanına söylənən xeyli populyar şüar var. Ağdamlılar bu məsələdə də öz orijinallıqları ilə seçildilər. Oyunun bir neçə epizodunda tribunalarda "Hakimi səngərə!" şüarı səsləndi.

 

Georgi Nikonov Aqil Abbasla niyə barışmadı?

 

Oyunun Quzanlıda keçirilməsi gündəmə gələndən "Qarabağ"ın fəxri prezidenti Aqil Abbasla "İnter"in Bolqarıstanlı prezidenti Georgi Nikonov arasında qəzetlərdə "söz savaşı" yaşanmışdı. "İnter"in prezidenti millət vəkili ilə görüşüb məsələyə aydınlıq gətirəcəyini bildirmişdi.

Oyunu xanımı ilə birgə şərəf tribunasında izləyən Georgi Nikonov Aqil Abbasla elə orada görüşüb söhbətləşdi. Həmin görüşdən sonra bolqarıstanlı iş adamı bizə bunları söylədi: "Hörmətli Aqil müəllimlə tanış oldum. Amma barışmadıq, çünki biz heç küsməmişdik də. bəzi qəzetlər yazırdı ki, guya mən Quzanlıya gəlmək istəmirəm. Görürsünüz də mən artıq burdayam".

 

Yerin görünürdü, Adil Qaçayoğlu

 

"Qarabağ" "İnter"lə Quzanlıda görüşən gün Bakıda tanınmış jurnalist, gözəl insan Adil Qaçayoğlunun il mərasimi keçirilirdi. Ağdam torpağının yetirməsi, Dünya və Avropa çempionatları barədə yazıları əl-əl gəzən, "Qarabağ"ın hər uğuruna uşaq kimi sevinən Adil Qaçayoğlu "Qarabağ"ın doğma torpağa qayıdışını görə bilmədi.

Quzanlıda "Qarabağ"ın oyununa baxanda yerin görünürdü, Adil müəllim!

"Qarabağ" mayın 9-da "Xəzər Lənkəran"la prinsipial qarşılaşmasını da Quzanlıda oynayacaq.

Komanda Ağdamda "İmarət"dəki stadiona qay ıdacaq. Həmin oyunun nə vaxt baş tutacağını hələlik dəqiq deyə bilmirəm...

ETİBAR CƏBRAYILOĞLU

Bakı-Quzanlı-Bakı

 

Ədalət.- 2009.- 5 may.- S. 7.