İSTİ GÖZ YAŞLARI VƏ QALMAQAL

 

İnsanlar uzun müddət muğama və xalq musiqisinə "tamarzı" qalıblar. Yəni milli ruhumuza sığal çəkən, içimizə işıq salan və ümidlərimizi göyərdən xalq musiqisi bir zamanlar unudulsa da, artıq bu musiqi yenidən "dirilməyə" başlayıb. Uzun müddət böyük sənətkarlar İslam Rzayev, Arif Babayev, Zeynəb Xanlarova, Qədir Rüstəmov, Habil Əliyev muğama bəslənən ögey münasibətdən yana-yana danışırdılar. Nə yaxşı ki, qədim milli musiqimiz olan muğam Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın diqqətindən kənarda qalmadı. Bu xanımın xalq musiqisinə doğma münasibətindən sonra Azərbaycanda muğama münasibət dəyişdi və özünün ikinci ömrünü yaşamağa başladı. Bütün bunlar hər bir azərbaycanlının ürəyində xalq musiqisinə olan hörməti və sevgini birə- beş artırıb və qədim musiqiyə bir qədər də insanları yaxınlaşdırıb.

Elə bunun nəticəsidir ki, mayın 24-də Azərbaycan Dövlət Filarmoniyasında "Muğam gecəsi" keçirilib. Bu muğam gecələri insanların ruhuna sığal çəkməklə yanaşı, həm də onların içində elə xoş duyğular yaradır ki, bu xoş duyğuların təsirindən uzun müddət ayrılmaq mümkün olmur. "Muğam gecəsi"ndə çox gözəl bir muğam dəstgahı kompozisiyası yaradılmışdı. Əvvəlcə onu qeyd edək ki, bu muğam gecəsini xalq artisti Möhlət Müslümovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı müşayiət eləyirdi. Muğam ifaçılarının və ansamblın səhnəyə çıxması ilə tamaşaçı alqışlarının ardı-arası kəsilmədi. Səhnədə Azərbaycanın xalq artisti, istedadlı xanəndə Qəndab Quliyeva, xanəndələr Eldəniz Məmmədov, Qoçaq Əsgərov, Zahid Quliyev, Zülfiyyə Məmmədova, Könül Tağıyeva alqışlarla qarşılandılar. Onların kompozisiya şəklində ifa etdiyi muğam dəstgahları o qədər yaddaqalan və o qədər şirin idi ki, bir anlıq bu şirinliyin içində dinləyicilər özlərini çox xoşbəxt sayırdılar. Milçək uçsaydı filarmoniyada onun səsi eşidilərdi. Hər ifadan və zəngulədən sonra alqış sədaları səslənir və bu alqış sədaları uzun müddət davam eləyirdi. Qəndabın, Eldənizin, Qoçağın, Zahidin, Zülfiyyənin və Könülün sanki vurduğu zəngulələr dinləyiciləri yerində silkələyir, onların içini xoş ovqatla və işıqla doldururdu. Eldəniz Məmmədovun özünəməxsus bal kimi şirin səsi tamamilə tamaşaçılara başqa bir ovqat bəxş eləyirdi. Elə ona görə də salonda əyləşən tamaşaçıların çoxu hər zəngulədən sonra "Əhsən sənə, Eldəniz!" deyirdilər.

Bir-birindən gözəl səslər və ifalar o qədər şirin idi ki, bu səslərin şirinliyindən çoxları sanki məst olmuşdular. "Qarabağ şikəstəsi" bu xanəndələrin ifasında səslənəndə isə tamaşaçıların çoxlarının gözü dolmuşdu. Hətta dəsmal götürüb kövrəlib ağlayan qadınlar da vardı. Sanki "Qarabağ şikəstəsi"nin sədası salondakı insanları bir anlığa olsa da Füzuliyə, Şuşaya, Ağdama, Laçına, Kəlbəcərə, Qubadlıya, Zəngilana apardı. Burda yadıma istedadlı şair və yaxın dostum Əbülfət Mədətoğlunun aşağıdakı misraları düşdü:

Yandı evim-eşiyim,

Yandı divarım daşım,

İsit qoyma üşüyüm,

İsit məni, göz yaşım...

 

Bir anlıq bu sehrli muğamın içində tamaşaçılar o torpaqlara ayaq basdı, havasını uddu, suyunu içdi və dağılmış yurdlarını gördülər. "Qarabağ şikəstəsi" qurtaranda isə onlar özlərini salonda hiss elədilər və göz yaşları sel kimi axmağa başladı. Sel kimi axan təkcə göz yaşları deyildi, həm də muğamı gözəl ifa edən xanəndələrə səhnədə verilən tər gül-çiçək dəstələri idi. Bu tər gül-çiçək dəstələrinin ləçəklərinin üstünə isti göz yaşları axmışdı. Bəlkə də bu isti göz yaşlarını salondakı tamaşaçılarda görən xanəndələr cuşa gəlib muğamları elə yanıqlı səslə oxuyurdular ki, o, hər bir adamın ürəyinin "sarı simi"nə toxunurdu.

Bu cür "Muğam gecəsi"nın keçirilməsi həm milli musiqimizin inkişafı, həm də muğam üçün burnunun ucu göynəyən insanların sevinci deməkdir. "Muğam gecəsi"ndə bu sevinci və duyğuları insanlara yaşatdığına görə Qəndab Quliyevaya, Eldəniz Məmmədova, Qoçaq Əsgərova, Könül Tağıyevaya, Zahid Quliyevə və Zulfiyyə Məmmədovaya el-obanın böyük bir çox "sağ ol"u düşür.

"Xalq ulduzu" müsabiqəsində isə qalmaqallar davam eləyir. Düzdür, burda kifayət qədər istedadlı gənclər var və bu istedadlı gəncləri də münsiflər heyəti seçib. Ancaq yarışmalar zamanı burda əsas nəticə SMS-lə həll olunur. Təəssüf ki, bunu bəzi münsiflər qəbul eləmək istəmirlər. Məsələn, sənətinə və səhnə mədəniyyətinə böyük hörmət bəslədiyimiz Aybəniz Haşımova canlı efirdə bir çox halda SMS-lə yer tutan ifaçıları bəyənmir. Ola bilər həmin ifaçılar zəif olsun və hansı mahnını oxuyanda səsi pərdəyə girməsin və xaric oxusun. Bütün zamanlarda yeni ifaçılığa başlayan gənclərin məsləhətə böyük ehtiyacı var. Amma gərək bu məsləhəti də Aybəniz xanım elə versin ki, canlı efirdə həmin ifaçı milyonlarla tamaşaçının qarşısında pərt olmasın. Aybəniz xanımın bəzi ifaçılara qarşı iradı məsləhətdən çox qərəzçilik xarakteri daşıyır. Orda Ülviyyə adlı bir qız oxuyur. Səsi də pis deyil. Həmin qız Aybəniz Haşımovanın təriflədiyi ifaçılardan heç də zəif deyil. Amma o qızı elə ilk gündən gözümçıxdıya salıblar. Aybəniz Haşımova deyir ki, mən Şövkət Ələkbərovanın tələbəsiyəm. Buna heç kimin şübhəsi yoxdur. Ancaq inanmırıq ki, vaxtilə müsabiqələr zamanı canlı efirdə Şövkət Ələkbərova hansısa səhnəyə gələn yeni ifaçının qüsurlarını, səhvlərini o cür kobud formada desin. Çünki televiziyaya milyonlarla tamaşaçı baxır. Gərək Aybəniz xanım da fikirləşsin ki, həmin iradları söyləyərkən ifaçını sevən və ona səs göndərən tamaşaçıların da qəlbinə toxunmasın. Axı, kiməsə səs göndərirlərsə, deməli, onun da ifasını bəyənən insanlar var. O insanlara heç kim deyə bilməz ki, zövqsüz, musiqidən başı çıxmayan tamaşaçılardı. Hər bir ifaçının öz tamaşaçısı var və təbii ki, bu tamaşaçı da ona səs göndərir.

Aydındır ki, 16 nəfəri müsabiqədə seçərkən Aybəniz xanım da onlara səs verib. Amma indi nə üçün bu xanım birinə doğma münasibət bəsləyir, digərinə ögey münasibət. Bax, bu məsələlər qaranlıq qalır. Ola bilər bu xanımın hansı gənc ifaçıyasa böyük "simpatiyası" var. Lakin bu o demək deyil ki, kiməsə "simpatiyan" olduğun üçün başqa gənc ifaçını milyonlarla tamaşaçının gözündən salasan.

O da sirr deyil ki, bu müsabiqələrdə hər şeyi münsiflərin fikri deyil, tamaşaçının göndərdiyi SMS həll edir. Sadəcə olaraq bunları hamı kimi Aybəniz xanım da gözəl bilir. Ona görə də çox arzulayardıq ki, həmin gənclərin növbəti çıxışları zamanı onlara qərəzli münasibət bəslənilməsin, milyonların seyr etdiyi bu proqram gözdən düşməsin. Bir də ki, bu uşaqlar yenicə efirdə görünməyə başlayıb. Hər hansı istedadlı və təcrübəli müğənniyə bir-iki nəfər Aybəniz xanım kimi peşəkar müğənni desə ki, oxuya bilmirsən, onda həmin müğənni ruhdan düşüb yaxşı oxuya bilməyəcək. Bəs onda görün səhnəyə yenicə çıxan və təcrübəsi olmayan gənclər hansı vəziyyətə düşürlər? Təbii ki, onların bu sözdən sonra özlərinə inamı azalır, ruhdan düşürlər. Amma hansı ki, həmin ifaçıların hər biri toylarda və efirdə istedadlarını az-çox göstərə biliblər. Bizcə, bu cür gəncləri ruhdan salmaq yox, onları ürəkləndirmək lazımdır. Bəzən pis oxuyana da "yaxşı oxuyursan" deyəndə bir də görürsən ki, həmin gənc növbəti dəfə mahnını çox gözəl ifa elədi.

 

FAİQ QİSMƏTOĞLU

 

Ədalət.- 2009.- 26 may.- S. 8.