""Sənin kitabın""

 

Hər kəsə özünü tanıdan kitab

 

Yenicə çapdan çıxmış bu kitabı elə müəllifindən aldığım axşam oxumağa başladım və bir neçə günə bitirdim. İnanılması çətin olsa da, Cümşüd İsgəndər kitabda Adəmlə Həvvanın, eləcə də Nuh peyğəmbərlə İbrahim peyğəmbərin və onların törəmələrinin türk dilində danışdığını sübut edir, sonuncu müqəddəs peyğəmbərimiz, Məhəmməd peyğəmbərin isə türk olduğunu faktlarla isbatlayır. Mahmud Kaşğarinin "Lüğətit-Türk", Muğannanın "İdeal", Oljas Süleymenovun "Az i Ya" kitablarını təsdiqləyən bu nəşrdə araşdırmaçı-jurnalist həm də rus, fars, ərəb, erməni, gürcü, hind və s. dillərini təhlil edərək, bütöv dünya dillərinin türk dilindən törədiyini açıqlayır. Millətimizin "azəri" adlanması, "Azərbaycan" adının yaranması və dünya xalqlarının Az Ərlərdən törəməsi, onların ərləri az olan çayın - Ər Azın - Arazın sahilindən dünyaya yayılması barədə təhlillər oxucuda maraq doğurmaya bilmir. Kitabın növbəti səhifələrində isə Naxçıvanın Nuhcahan - Nuhun vətəni olduğunu, dünya xalqlarının kökünün Nuhcahana bağlandığını oxuyuram. Müəllif bütün bunları elmi faktlarla elə sübut edir ki, inanmaya bilmirsən. Dərin fəlsəfi və dəmir məntiqli bu kitab oxunduqca insanı öz dünyasına çəkib aparır. Bəzən çaşdırır, amma düşündürür. Dilimizdə, dinimizdə, tariximizdə, qədim dövlətçiliyimizdə, sevgimizdə, ümumiyyətlə bir çox sahələrdə buraxdığımız səhvlərdən danışan bu nəşr həm də yalnışları aradan qaldırmaq yollarına da işıq salır.

Bir neçə kəlmə ilə ifadə etməli olsam deyərəm ki, "Sənin kitabın" türkü bəşərə tanıdan və türkün hər zaman fəxr edə biləcəyi elmi əsərdir! Hər kəsə özünü tanıtdıran kitabdır! Müəllif kitabın adını belə açıqlayır:

- Bunun üzərində çox düşündüm. Yəni kitabın adını nə qoyum? Əslində kitabda tez-tez oxucuya müraciət edirəm. Buradakı məğz, məna, fəlsəfə, türklük ideyası bir nəfərə aid deyil. Bu, hər bir kəsə, hər bir oxucuya aiddir. Elə hər bir oxucuya ünvanlandığı üçün bu düşüncələr toplusunu "Sənin kitabın" adlandırdım. Kitabımın oxucusunun kim, hansı millətin nümayəndəsi olacağı hələ bəlli deyil. Lakin əsərimin məğzi, mənası, məramı hər bir yer övladına onun kökünü tanıtmaqdır. Tanıtmaqdır ki, o kimdir. Ümidvaram ki, kitabı oxuyan hər kəs əslində bu nəşrin onun kitabı olduğunu öncə dərk, sonra isə qəbul edəcək.

- Siz bu kitabda iddia edirsiniz ki, bütün millətlər türkdən törəyib?

- Mən iddia deyil, isbat edirəm ki, bu belədir. Əgər səma kitabları - Tövrat, İncil, Quran varsa və bütün dünya prezidentləri andiçmə mərasimində bu kitablara əl basaraq Allah və cəmiyyət qarşısında and içirlərsə, deməli, bunlar mövcuddur, qəbul olunur və əsas kitablardır. Onlar əsas kitablardırsa, deməli onun göndəricisinə inanmalıyıq. Bunların hamısı isə insanların Adəmdən, Nuh peyğəmbərdən yaranmasına işarə verir. Nuh peyğəmbəri ikinci Adəm peyğəmbər adlandırırlar. Beləliklə, ikinci sivilizasiyadan sonra əgər hamı Nuh peyğəmbərdən törəyibsə, Nuh peyğəmbər Naxçıvanda, bu ərazilərdə təxminən 950 il ömür sürübsə, deməli hamının kökü ona bağlıdır. İsbat edirəm ki, dünyadakı bütün insanlar xalqlara, millətlərə sonradan ayrılmışlar. Bunlar hamısı o gəmidən düşən azərilərin törəmələridir, Az Sahiblərin törəmələridir. Bütün dünya dillərini təhlil etdikdən sonra gördüm ki, bu dillərin tərkibindəki sözlərin hamısı türk kökənlidir. Rus-slavyan xalqlarının, indiki çin sözlərinin 80 faizi türk sözləridir. Erməni bizim düşmənimizdir. Ancaq mən erməniyə sübut edirəm ki, Zori Balayan öz başından yazır ki, türk dünyası yoxdur, erməni dünyası var. Mən elmə söykənərək əsaslandırıram ki, erməni türkdən törəmədir. İnanıram ki, əgər ağıllı, ziyalı və qərəzsiz erməni bunu oxuyarsa, elə bu kitabın onun özünün kitabı olduğunu dərk edər, türk əsilli olduğunu qəbul edər. Çünki bu, artıq isbat olunub.

- Tarixi mənbələr, tarixi faktlar deyir ki, dahi Azərbaycan şairi Nizami Gəncəvi fars dilində yazıb. Bəs onda siz nəyə əsasən iddia edirsiniz ki, Nizami türk şairidir?

- Əvvəla, faktlar göstərmir, tarixi mənbələr deyir. Digər tərəfdən Nizami Gəncəvi bizə elə təlqin olunub ki, guya o, fars dilində yazıb. Biz də bunu belə qəbul etmişik. Ancaq mən bunu inkar edirəm. İran prezidenti Məhəmməd Xatəmi Nizaminin məqbərəsini ziyarət edərkən xatirə kitabına təxminən bu məzmunda belə bir söz yazmışdı ki, mən Nizami Gəncəvidə yatdığı bu torpaqdan başqa onu bu torpağa bağlayan heç nə görmürəm. Nizami Gəncəvi böyük fars şairidir.

Bununla İran prezidenti Nizamini farslaşdırır. Nə qədər absurd bir şeydir. Axı Nizami Gəncəvi fars şairi deyil. O, başdan ayağa türkdür. Siz onun əsərlərini diqqətlə oxusanız görərsiniz ki, o fateh İsgərdəri böyük türk hökmdarı adlandırır. Əgər Nizaminin türkə rəğbəti olmasaydı, heç türkləri bu qədər sevməz, bu qədər işıqlandırmazdı. Nizami Gəncəvi türkdür. Bəs ona niyə fars şairi deyilir? Çünki onun əsərlərinin orijinalı bizim əlimizdə yoxdur. Gəncənin üstündən əsən küləklər, tufanlar, müharibələr Nizaminin əsərlərinin orijinalını özü ilə sovurub aparıb. Belə olan halda farslar farslaşma siyasəti yeridərək Nizaminin əsərlərini fars dilinə tərcümə ediblər.

- Bu kitab elmi ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayacaq, çoxlu tənqidi fikirlərlə rastlaşacaqsınız. Buna hazırsınızmı?

- Mən əminəm ki, yazdıqlarımın hamısı haqdır, həqiqətdir, doğrudur. Kitabın çapından əvvəl bir sıra mütəxəssislərlə məsləhətləşib, onların fikirlərini öyrəndim. Həmin elm adamları da mənə dedilər ki, siz elmdə olan bəzi faktlara zidd getmisiniz və bu, elmi ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayacaq. Amma mən hər kəslə polemikaya girməyə hazıram. Ola bilər ki, kimlərsə məni düz başa düşməsin. Ola bilər ki, ictimai-siyasi vəziyyətə görə kimlərsə məni qınasın. Ancaq onu deyə bilərəm ki, yazdığım əsərin hər kəlməsinə cavabdehəm. Əsərimin məğzi nədən ibarətdir? Yəni, ey dünya xalqları, bilin ki, kökünüz var. İncildə belə bir fikir var: "Siz - ey dünyanın ucqarlarında yaşayanlar, kökünüzə qayıdın, mərkəzə qayıdın. Çox dillilik imansızlıqdır, vahid dilə qayıdın". Bəs vahid dil hansıdır? Türk dili.

- Bu gün Türkdilli dövlətlər arasında ən vacib məsələlərdən biri ortaq dilin müəyyənləşdirilməsidir. Amma uzun müddətdir müzakirə olunmasına baxmayaraq, hələ də ortaq məxrəcə gəlinməyib. Əgər türk dövlətləri öz aralarında vahid türk dilinə keçə bilmirsə, dünya dövlətləri bunu necə qəbul edəcək?

- Bəli, bu çox ağrılı bir məsələdir. Bu gün ortaq türk dili deyəndə çoxları, elə hörmətli Nizami Cəfərov da o fikirdədir ki, ortaq dil kimi Anadolu türk dili seçilsə daha doğru olar. Bəli, Anadolu türkləri, yəni Türkiyə türkləri özlərinə dünyada inkişaf etmiş bir dövlət qurublar və bu dövlətin 70 milyonluq əhalisi var. Bu gün Türkiyə Cümhuriyyəti dünya dövlətləri miyqasında nüfuza malikdir. Biz də, Orta Asiyadakı digər türk dövlətləri də Türkiyədən böyük dəstək almışıq və alırıq. Türkiyənin bayrağı Azərbaycanın bayrağı ilə qoşa dalğalananda biz sevinirik. Bu nöqteyi-nəzərdən və siyasi baxımdan ortaq dil olaraq Anadolu türkünü seçmək olar. Lakin İncildə deyildiyi kimi, dünyanın ortasına gəlin desək, Azərbaycan elə dünyanın, türk xalqlarının ortasıdır. Tiyanşan dağlarından Egey dənizinə kimi, Moskva ətrafından Dəclə-Fərat çayına qədər götürsək, görərik ki, Azərbaycan türk xalqlarının mərkəzindədir. Azərbaycan dili Nizaminin, Fizulinin, Nəsiminin, daha neçə-neçə böyük karifeylərin dilidir. Elə ona görə də Azərbaycan dilinin ortaq türk dili olmağa tam haqqı var.

Azərbaycan deyəndə bəziləri elə bilir ki, biz türkdən ayrılırıq. Heç də elə deyil. Türklərin ilkin ocağı elə bizik. Ocaqdan, Az Ərlərdən aralanmışlara tərklər deyilib. Tərklər isə sonradan assimilyasiyaya uğrayaraq türklərə çevrilib.

Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəldən soruşurlar ki, Sayın Dəmirəl, siz hansı şərqiləri sevirsiz? Cavabı belə olur: "Mən azəri şərqilərini sevirəm. Çünki onlar ürəkdən, candan oxuyurlar. Azəri dili çox şirindir". Bu faktın özü də göstərir ki, Azərbaycan dili vahid dil ola bilər. Təkcə türk dünyasında deyil, həm də bütün dünyada. Ona görə də "Sənin kitabın"da Türkün Böyüklüyünün yaranışdan olduğunu sübut etməyə çalışmışam.

Qeyd edək ki, kitabın redaktoru akademik Nizami Cəfərov, rəyçisi isə akademik Teymur Bünyadovdur.

  

  

Jalə TOFİQQIZI

 

Ədalət.- 2009.- 11 sentyabr.- S. 4.