NÖVBƏ KİTAB BAYRAMINA DA ÇATDI

 

Baş nazirin müavini Elçin Əfəndiyev: "Kitab insanın ən böyük kəşfidir"

 

Dünən I Bakı Beynəlxalq Kitab Sərgi -Yarmarkası öz işinə başladı. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi tədbirdə iştirak üçün Muzey Mərkəzinə toplaşanları nəfəsli alətlər orkestrinin ifasında musiqilər qarşıladı.

 

Unudulmayan kitab

 

Muzey Mərkəzinin qarşısında keçirilən rəsmi açılış mərasimi baş nazirin müavini Elçin Əfəndiyevin çıxışı ildə başladı: "Xalqımızın kitaba həmişə xüsusi hörməti olub. Təsadüfi deyil ki, İnternet və digər informasiya texnologiyaları inkişaf etsə də, insanların kitaba olan həvəsi və marağı azalmayıb. Tarixən insanlar böyük kəşflərə imza atıblar, lakin kitab insanın ən böyük kəşfi olaraq qalmaqdadır. Ümummilli ilderimiz Heydər Əliyev də həmişə ölkədə kitab nəşrinin inkişafına böyük qayğı ilə yanaşırdı. Ulu Öndərin tutduğu yolu onun davamçısı, ölkə prezidenti İlham Əliyev cənabları layiqincə davam etdirir. Prezidentin sərəncamı ilə 400 cilddə ədəbiyyat nümunəsi latın qrafikası ilə çap olunaraq kitabxanalara pulsuz paylanıb".

Elçin Əfəndiyev Bakıda Beynəlxalq Kitab Sərgi-Yarmarkanın təşkil olunmasını böyük mədəniyyət hadisəsi adlandırdı.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bildirdi ki, son illər Azərbaycan kitabı dünyanın müxtəlif ölkələrində təşkil olunan sərgilərdə uğurla nümayiş etdirilib: "Bu gün isə artıq belə bir sərgi-yarmarkanın Bakıda təşkil olunması mühüm hadisədir. Dünyanın 20-yə yaxın ölkəsindən nəşriyyat işçiləri, naşirlər, milli kitabxanaların direktorları bu tədbirdə iştirak etmək üçün Azərbaycana gəliblər və öz məhsullarını Azərbaycan oxucularına təqdim etmək imkanı qazanıblar. I Bakı Beynəlxalq Kitab Sərgi -Yarmarkasında 60-a yaxın milli nəşriyyat istehsal etdikləri kitabları təqdim edəcəklər".

 

Kitab dolu bir aləm

 

Açılış mərasimindən sonra rəsmi qonaqlar, xarici ölkə səfirləri, oxucular kitab-sərgi yarmarkası ilə tanış olmaq imkanı qazandılar. Muzey Mərkəzinin birinci mərtəbəsində ölkə başçısının sərəncamı ilə nəşr olunmuş kitablar, Heydər Əliyev Fondunun çap etdirdiyi məhsullar nümayiş etdirilirdi. Muzey Mərkəzinin bütün mərtəbə və zallarında sərgi-yarmarkanın ekspozisiyaları qurulmuşdu. "Yaddan çıxmaz Qarabağ", "Azərbaycan kitabı dünya çapında" və s. stendlərdə nümayiş olunan kitabları tədbirə toplaşanlar maraqla qarşılayırdı. Türkiyədən, İrandan, Rusiyadan, Amerikadan, Pakistandan, Polşadan, Belarusdan və digər ölkələrdən gələn naşirlər ən yeni məhsullarını nümayiş etdirirdilər.

 

Canlı klassiklə canlı görüş

 

I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində xalq yazıçısı İsa Muğannanın 6 cildlik seçilmiş əsərlərinin təqdimatı keçirildi. Tədbirin aparıcısı Rəhilə Gülgün bildirdi ki, İsa Muğannanın 6 cildlik seçilmiş əsərləri Mədəniyyət və Turizm Nazirliyinin "Ustad sənətkarlar" seriyasında "Avrasiya press" nəşriyyatında çapa hazırlanıb. Tərtibçisi Füruzə Muğanna, redaktoru Umud Rəhimoğlu, buraxılışa məsul Vaqif Bəhmənlidir.

Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar Bakıda keçirilən beynəlxalq kitab sərgi-yarmarkasını və İsa Muğannanın seçilmiş əsərlərinin təqdimatını böyük bir hadisə hesab etdiyini dedi: "İsa Muğanna canlı klassikdir. Onun əsərləri yeni oxucu nəslinin yetişməsinə kömək edəcək".

Millət vəkili Nizami Cəfərov İsa Muğannanın yaradıcılığına qısa nəzər saldı: "Onun qələmindən çıxan hər cümlənin dəyəri var. İsa Muğannanın yeni bir əsərini əlyazma şəkilində oxumuşam. Həmin kitab çap olunsa, ədəbi aləmdə böyük səs-küy yaranacaq".

Xalq şairi Zəlimxan Yaqub İsa Muğannanı dünya ədəbiyyatına böyük əsərlər bəxş etmiş yazıçı saydı: "O, sübut etdi ki, səs-küylə yox, pıçıltıyla da böyük həqiqətləri demək mümkündür".

Xalq yazıçısı İsa Muğanna bu günü ömrünün ən xoş anı hesab etdiyini bildirdi və ölkə rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, kitabın çapında əməyi keçən hər kəsə təşəkkür etdi.

 

"Qızıl Kəlmə" yazanlar

 

Kitab sərgi-yarmarkasına gələn oxucular, bədii ədəbiyyat həvəskarları Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" ədəbi mükafatının ilk qalibləri ilə görüşmək imkanı qazandılar. "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəylinin aparıcıldığı ilə keçirilən görüşdə laureatlarla canlı ünsiyyət quruldu.

"Dolu" romanına görə, "Qızıl Kəlmə" mükafatına layiq görülən yazıçı Aqil Abbas beynəlxalq kitab sərgi-yarmarkasını mühüm mədəni hadisə saydığını dedi: "Mən bu tədbirə gələndə insan axını ilə qarşılaşdığıma sevindim. Bu hadisə bir daha onu sübut etdi ki, ən böyük bayram elə kitabın, sözün bayramıdır".

Laureatlar Hüseynbala Mirələmov, Taleh Həmid, Yunus Oğuz çıxış edərək yaradıcılıq planlarından danışdılar və oxucuların suallarını cavablandırdılar. Görüşün sonunda laureatlar öz kitablarını imzalayaraq oxuculara hədiyyə etdilər.

 

Bayram davam edir

 

I Bakı Beynəlxalq Kitab Sərgi -Yarmarkası bu gün və sabah da öz işini davam etdirəcək.

Bu gün "Azərbaycanın qayaüstü incəsənəti" kitabının, Mədəniyyət və Turizm Nazirliyinin turizm nəşrlərinin təqdimat mərasimi keçiriləcək. Xalq şairi Zəlimxan Yaqubun "Mən öz dastanımı yazıb gəlmişəm" və "Millətdə, dövlətdə, sənətdə" kitablarının təqdimat mərasimi də bu günə təyin olunub.

Sərgi-yarmarka sabah öz işinə yekun vuracaq.

ETİBAR

 

Ədalət.- 2009.- 11 sentyabr.- S. 4.