ARİF KİNOREJİSSOR

 

"Gün keçdi", "Uşaqlığın son gecəsi" bitdi, lakin Arif Babayev unudulmadı

 

Milli kinomuz dünya kinosu ilə demək olar ki, yaşıddı. Arada cəmi üç il fərq var. Stajımız çox olsa da, dünya kinemotoqrafiyasının xəzinəsində bizim üçün ayrılmış rəfləri doldura bilməmişik. Çəkdiyi filmlərlə insanları heyrətləndirə biləcək rejissorlarımız barmaqla sayıla biləcək qədərdi. Onları saymağa başlasaq sözsüz ki, ön sıralardan birini Arif Babayev üçün ayırmalıyıq.

 

İçərişəhərdən teatra

 

Arif Hacıağa oğlu Babayev 1928-ci il sentyabrın 24-də İçərişəhərdə, Şirvanşahlar sarayının yanındakı Qəsr küçəsində anadan olub. İçərişəhərin yazılmayan qayda-qanunları altında böyüyüb. Yaşıdları ilə top qovub, bəzi tay-tuşlarına qoşularaq dram dərnəklərinə gedib. Hadisələrin sonrakı gedişi sübut edib ki, Arifdə teatra, sənətə maraq heç də ötəri deyilmiş. Teatr texnikumuna daxil olan Arif peşəkar səhnəyə çox erkən yaşlarında çıxıb. Dövlət Gənc Tamaşaçılar Teatrında çalışan böyük aktyorumuz Ağadadaş Qurbanov rejissor kimi quruluş verdiyi "İbrət" tamaşasında Arifə epizodik rol tapşırır. Moskvada təhsil alan ilk milli teatr rejissorlarımızdan sayılan Ağaəli Dadaşov da gənc oğlana kiçik rollar etibar edir. Arif Babayev "Məlikməmməd", "Qaraca qız" tamaşalarında epizodik rollar oynayır.

1946-cı ildə Arifin həyatında mühüm hadisə baş verir. Azərbaycan Dövlət Teatr İnstitutu teatr texnikumunun bazası əsasında formalaşdırıldığından Arif Babayev də mexaniki olaraq bu ali məktəbin tələbəsi sayılır və görkəmli pedaqoq, rejissor və aktyor Mehdi Məmmədovun kursunda təhsil alır. Qoqolun "Müfəttiş" tamaşasını hazırlayarkən rol bölgüsündə müəllimi onu da nəzərə alır. Arif Qorodniçi obrazını oynayır. 1953-cü ildə Teatr İnstitutundan rejissorluq diplomu qazanan A.Babayev Naxçıvan teatrına göndərilir. Gənc rejissor həmin teatrın səhnəsində Qoqolun "Evlənmə" pyesinə quruluş verir. Qısa müddətdən sonra Bakıya qayıdaraq səhnəsində ayaq izləri olan Gənc Tamaşaçılar Teatrında rejissor kimi işə düzəlir.

 

Teatrdan televiziyaya

 

1956-cı il fevralın 14-də milli televiziyamız ilk verilişləri ilə efirə çıxır. Çox keçmir ki, Arif Babayevin teatrdakı karyerası başa çatır. Onu yeni yaranan televiziyaya işə dəvət edirlər. Telaviziya rejissoru kimi öz istedadını sübut etmək üçün Arifə o qədər də çox vaxt lazım olmur. 1959-cu ildə onu televiziyanın baş rejissoru təyin edirlər. Bu illər ərzində "Bizim şəhərin uşaqları", "Respublika haqqında hekayət", "Biz arzulayanlar nəslindənik" sənədli filmlərini çəkir, Musa Cəlilin "Moabit dəftəri", Taras Şevçenkonun "Kor qadın", Rəsul Rzanın "Qanun", Mehdi Hüseynin "Səhər" əsərləri əsasında canlı televiziya tamaşaları hazırlayır. Bu arada onu Moskvaya ezam edirlər. Mərkəzi televiziyada çalışanlara əsl televiziya rejissorunun necə olmasını göstərən Arif Babayev "Rejissor pultunun Paqaninisi" titulunu alaraq yenidən Bakıya dönür.

Arif Babayev 1964-cü ildə ilk rəsmi mükafatını alır. Əməkdar incəsənət xadimi fəxri adına layiq görülən ilk televiziya işçisi kimi tarixə düşür.

 

Televiziyadan kinoya

 

1964-cü ildən Arif Babayevin həyatının növbəti dövrü başlayır. "Azərbaycanfilm" Kinostudiyasına dəvət alan Arif müəllim televiziyanı kinoya dəyişir. Onun bu addımından milli televiziyamız nə qədər uduzursa, kinomuz bir o qədər qazanır.

Arif isə illərdən bəri ürəyində gəzdirdiyi arzusuna çatır. Uşaq yaşlarından kinoteatrlarda filmlərə baxmaqdan doymayan, bu sənət barədə yazılan kitabları, qəzet materiallarını oxumaqdan usanmayan, "kino", "panorama", "nayezd", "otyezd" kəlmələri dilindən düşməyən Arifə "Motor!" komandası vermək, çəkiliş meydançasının hakimi mütləqinə çevrilmək qismət olur.

İmran Qasımovun ssenarisi ilə lentə alınan "Kimi daha çox sevirik?" almanaxına daxil olan "Zirvə" adlı qısametrajlı bədii filmi sənət zirvəsi sayılmasa da, Arif Babayevin kinoda ilk işi kimi tarixə düşür. "Zirvə" A.Babayevin Azərbaycan kinosuna bəxş etdiyi 9 filmin ilkidi.

 

"İnsan məskən salır" (1966), ssenari müəllifi İmran Qasımov;

 

"Uşaqlığın son gecəsi" (1970), ssenari müəllifi Maqsud İbrahimbəyov;

 

"Gün keçdi" (1972), ssenari müəllifi Anar;

 

"Ömrün ilk saatı" (1975), ssenari müəllifi Ramiz Fətəliyev;

 

"Alma almaya bənzər" (1976), ssenari müəllifi Alla Axundova;

 

"Arxadan vurulan zərbə" (1978), ssenari müəllifi Elçin;

 

"Bizi bağışlayın" (1980), ssenari müəllifi Yuri Bondarev;

 

"Birisigün, gecəyarısı" (1981), ssenari müəllifləri R.Fətəliyev, M.Avdıyev və A.Donets;

 

 

İçərisində İçərişəhər gəzdirən adam

 

Cəmi 54 il yaşamağa gücü çatan Arif Babayev 9 film çəkə bildi. Kinodakı xidmətlərinə görə, respublika dövlət mükafatı laureatı oldu, sonuncu filmi - "Birsigün, gecəyarısı" ona SSRİ Təhlükəsizlik Komitəsinin "Ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə" mükafatını qazandırdı. Bu mükafatı alan ilk azərbaycanlı rejissor kimi tarixə düşdü. Amma bütün böyük rejissorlar kimi Arif Babayev də təltifləri, aldığı, ala biləcəyi mükafatlarla deyil, çəkdiyi ekran əsərləri ilə yadda qalıb. "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Arxadan zərbə" filmləri onun necə bir böyük istedad sahibi olduğunu sübut edib. O bu filmlərlə milli kinomuza öz möhürünü vurub. Maraqlıdı ki, sovet dövrünün rəsmi və qeyri-rəsmi qaydalarına görə, əlində Moskvada ali kinorejissor təhsili aldığını sübut edən diplom alanlar film çəkmək üçün illərlə növbə gözlədiyi halda, Arif Babayev üçün hər iki-üç ildən bir "yaşıl işıq" yanırdı. Ondan ali kinorejissorluq təhsili barədə sənəd tələb etməyə heç kimin cürəti çatmırdı. Arif Babayev istehsalat filmi çəkəndə, o dövrün terminləri ilə desək zəhmət adamlarının həyatını ekrana gətirəndə ("İnsan məskən salır"), dedektiv əsəri ekranlaşdıranda da ("Arxadan zərbə"), çekistlərin həyatından bəhs edən filmə quruluş verəndə də ("Birisigün gecəyarısı") əsl istedad sahibi olduğunu sübut edə bildi.

İçərişəhərdə doğulan, İçərişəhər sevgisini son nəfəsinə qədər ürəyində gəzdirən Arif Babayev milli kinomuzda İçərişəhərin tərənnümçüsü, poetik kinonun yaradıcısı sayılır.

 

"...demək ölüm sənə yaxınlaşıb"

 

"Paltarların, ayaqqabıların köhnələndə təzələmək həvəsin qalmayıbsa, demək ölüm sənə yaxınlaşıb". Bu sözlər də Arif Babayevə məxsusdu. Kinodan, teatrdan qazandığı qonorarın çoxunu son dəblə geyinməyə xərcləməyi sevən bir adamın və bir gün onda köhnələn paltarlarını təzələmək həvəsi qalmır... 1983-cü il avqustun 26-da həyatdan köçür. Qəribədi ki, təpədən dırnağa qədər kino adamı sayılan Arif Babayev sovet dövründə kino işçilərinin peşə bayramı qeyd olunan gün - avqustun 27-də torpağa tapşırılır.

 

Xatirələrdə həmişə ona yer var

 

Anar (xalq yazıçısı, "Gün keçdi" filminin ssenari müəllifi):

- "Gün keçdi" filmində ab-hava təkrarsızlığı var. Arifin çox sevdiyi Bakının, İçərişəhərin mühiti o filmdə hiss olunur. Filmə baxandan sonra İçərişəhər adı çəkiləndə mütləq orada doğulub boya-başa çatan Arif yada düşür. Arif filmi çəkməyə başlayanda Vaqif Səmədoğluna deyib ki, Anar yaxşı ssenari yazıb, amma heç bir epizodda at yoxdu. Sən demə, nə zamansa Arif gecə küçədə gəzdirilən sirk atlarını görübmüş. Filmdə həmin kadrları görəndə Arifin ürəyindəkiləri tam anladım.

 

Polad Bülbüloğlu (xalq artisti, "Uşaqlığın son gecəsi" filminin bəstəkarı):

- Arif təpədən dırnağa qədər İçərişəhərli idi. O istəyirdi ki, çəkdiyi filmin hər kadrında Bakı olduğu kimi görünsün. "Uşaqlığın son gecəsi" filmi üzərində birgə işləyərkən filmin sonu üçün mahnı nəzərdə tutmamışdım. Onun təkidi ilə "Gəl, ey səhər" mahnısını yazdım. Arif deyirdi ki, görərsən, bu mahnı sənin ən məşhur mahnılarından birinə çevriləcək. Düz 40 ilə yaxındır bu mahnı tez-tez səslənir. Hər dəfə onu dinləyəndə yadıma "Uşaqlığın son gecəsi" filmi və səmimi, gözəl insan Arif Babayev düşür.

 

Vaqif Səmədoğlu (xalq şairi, "Gün keçdi" filmindəki mahnı mətnlərinin müəllifi):

 

- O, mənim üçün İçərişəhərin obrazı idi. Qəribə həssaslığı vardı. Kiməsə, xüsusən də dostlarına əl verməzdi. Bəlkə elə bu səbəbdən də düz-əməlli ayrıla bilmədik. Əlimiz ona uzanılı qaldı.

 

Amalya Pənahova (xalq artisti, "Arxadan vurulan zərbə" filmindəki Ziba rolunun ifaçısı):

 

- Arif müəllim mənim "Gün keçdi" də Əsmər roluna çəkmək istəyirdi. Anar müəllim isə ssenarini Şəfiqə Məmmədova üçün yazdığından mübahisə yaranmışdı. Məsələ Mərkəzi Komitəyə qədər gedib çıxdı. Sonunda Leyla Şıxlinskaya həmin rola çəkildi. Amma Arifin ürəyi məndə olduğu üçün Əsmərin səsləndirilməsini mənə tapşırdı.

 

Flora Kərimova (xalq artisti, "Gün keçdi" filmindəki mahnıların ifaçısı):

 

- Arifin vaxtsız itkisi mənim sənət dünyamda bir boşluq yaratdı. Arif bəy mənim xatirələrimdə musiqiyə ruh verən, onu görümlü edən bir sənətkar kimi qalıb. Klip çəkdirməklə aram yoxdu, "Gün keçdi" yaradıcılığımı əks etdirən bir klipdi.

 

Aydın Dadaşov (professor, "Rejissor Arif Babayev" kitabının müəllifi):

- Arif Babayev haqqındakı çıxışların və yazılmış məqalələrin əksəriyyətində onu Səttar Bəhlulzadə ilə müqayisə edir, hər ikisinin şəxsi həyatlarının olmadığını, onu yalnız sənətə qurban verdiklərini vurğulayırlar. Ancaq fikirləşəndə görürsən ki, təbiətin öz qanunauyğunluqları var. Nəsil artırmaq üçün tut yarpaqlarını ipək saplara çevirib özlərinə mənzil-məzar toxuyan barama qurdlarının yüzdə biri bu işlə məşğul olmayıb, sadəcə, hazır baramaların üzərini naxışlamaqla dünyanı gözəlləşdirirlər.

 

Akif Əli (yazıçı-publisist, filologiya elmləri namizədi, "Arxadan vurulan zərbə" filmində Fazil Qəmərlinski rolunun ifaçısı):

 

- Arif Babayev Azərbaycan kinosuna lirik-romantik əhval gətirdi. Özünün daxilindəki yüksək zövqü ekrana çıxarmağı bacardı. O, filmlərin ssenarilərinə özünü əks etdirən nəsə bir detal əlavə edirdi. Bunu yalnız ustad rejissorlar bacarırlar. "Arxadan vurulan zərbə" filminin çəkişlişləri zamanı bunu çox müşahidə etmişəm. Olduqca mülayim bir insan idi . Lakin çəkiliş meydançasında bir sözünü iki etmək mümkün deyildi.

 

Tofiq Abdin (yazar, Arif Babayevlə bir neçə müsahibənin müəllifi):

- Sovet dövründə rejissor Marlen Xutsiyev bir neçə poetik film çəkmişdi. Azərbaycanda belə filmlərin əsasını Arif Babayev qoydu. Onunla dəfələrlə görüşüb söhbətləşmişəm. O vaxtkı "İnturist" mehmanxanasının zirzəmisindəki kafedə oturmağı sevərdi. Onu tanıdığım, ünsiyyət qurduğum ziyalıların arasında özümə çox yaxın sayıram. Sənətdə heç nə itmir. Əgər bu gün "Ədalət" qəzetində Arif Babayev haqqında yazı hazırlayırlarsa, deməli, 30-40 il sonra da hansısa bir gənc jurnalist Arif Babayevin yaradıcılığını araşdıracaq və onu xatırlayacaq.

 

İçərişəhəri yaşadanı yaşadaq

 

90-cı illərin əvvəllərində tanınmış teletənqidçi Elşad Quliyevin təşəbbüsü ilə "Bilik" Cəmiyyəti Arif Babayev adına mükafat təsis edir . Ayaz Salayev, Hüseyn Mehdiyev və Baba Vəziroğlu bu mükafatın ilk laureatları olurlar. Təəssüf ki, sonralar mərhum Elşad Quliyevin başladığı xeyirxah iş yarımçıq qalır.

Bu yaxınlarda Azərbaycanın tanınmış bir qrup qələm sahibi, nüfuzlu ziyalı dövlət başçısı İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya məktub imzlayıblar. Həmin məktubda İçərişəhərdəki Qəsr döngəsinə mərhum kinorejissor Arif Babayevin adının verilməsi, həmin küçədə onun xatirə baralyefinin vurulması xahiş olunub.

Çəkdiyi ekran əsərlərində qədim İçərişəhəri yaşadan Arif Babayevin xatirəsini yaşatmağa dəyər.

Etibar CƏBRAYILOĞLU

 

Ədalət.- 2009.- 26 sentyabr.- S. 8-9.