Biz hansı gedəni dönən görmüşük?

 

Noyabrın 1-də tanınmış şair-publisist Taleh Həmid (Babayev Taleh Həmid oğlu) dünyasını dəyişdi. O, SSRİ Yazıçılaır Birliyinin üzvü (1985), Respublika Lenin komsomolu mükafatı laureatı (1986) idi. Şeirləri və publisistik yazıları təkcə ölkəmizdə deyil, bir çox xarici ölkədə də işıq üzü görüb.

 

Taleh Həmidin  “Qapımı bahar döyür”, “Dünya yaxşıdır hələ”, “Mən gözləyən olsa”, “Təltifsiz bulud” (Moskva), “Bu gündən sabaha”, “Mənə ürəyində yaz yeri saxla”, “Günəşdən gizlənir yay çiçəkləri”, “Ömrün payız sovqatı”, “Qarlı axşamların işığı”, “Sənə məktublar yazıram” adlı şeirpublisistik kitabları nəşr olunub. 2010-cu ildə şeir və poemalarından ibarət ikicildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb.

 

Mərhum qələm dostumuzun xatirəsini şeirlərilə yad edirik.

 

OLDU

 

Bu qoca aləmin dağı, çayı var,

 

Fəsillər bölünüb – qışı, yayı var.

 

Çox da ki, hərənin ayrı payı var,

 

Biri çox, biri az olanlar oldu.

 

Əzəldən dünyada haqq var, nahaq var,

 

Belə yaranıbdı – baş var, ayaq var.

 

İnsan var, adam var, adamsayaq var,

 

Doğrunu tərsinə qananlar oldu.

 

Yarandıq, bölündük doğmaya, yada,

 

Pərvanələr gördüm – çaxıldı oda.

 

Gör neçə aşiqlər getdilər bada,

 

Məhəbbət bağında talanlar oldu.

 

Mənə əzab verən – mənə döz deyir,

 

Mətləb qanmayanlar indi söz deyir.

 

Yalan ayaq tutar, yeriməz deyir,

 

Həqiqəti əyən yalanlar oldu.

 

Gəzdim dərələrdə, dolaşdım yalda,

 

Gözüm ormanlarda, könlüm xəyalda,

 

Xoşbəxtlik deyilən o sonsuz yolda

 

Qismətim azacıq xoş anlar oldu.

 

Ömür dediklərin keçir beləmi,

 

Ay Taleh, yoruldun, bezdin, eləmi?

 

Çiyninə yük olan o qəm şələni

 

görən, ki, alanlar oldu.

 

01.11.2012

 

GÖRƏRSƏN YOXAM

 

Özüm bilmirəm, axı nədəndi,

 

Küsəyən olmuşam, kövrək olmuşam,

 

Xəyallar başımda dumandı, çəndi,

 

Dönüb bədən boyda ürək olmuşam.

 

Sənsiz il bilirəm hər dəqiqəni,

 

Gözümdən yaşı da silə bilmirəm.

 

Daha həsrətinlə yandırma məni,

 

Gəlmirsən, sakitcə ölə bilmirəm.

 

Mən bir günəbaxan – günə sarıyam,

 

Qaytar o bahara – çağıma məni.

 

Deyirdin çinartək çox vüqarlıyam,

 

Qoymaynan içimdən sınmağa məni.

 

Çox da ki, nəğmələr düşmür dilimdən,

 

Qarşıda nələr var, axı bilim,

 

Elə əl gəzirəm tutsun əlimdən,

 

Elə dağ gəzirəm söykənə bilim.

 

Zaman ötüşübdü, vaxt o vaxt deyil,

 

Daşlardan-daşlara gəl çaxma məni.

 

Adım aldatmasın, baxt o baxt deyil,

 

Tale ümidinə buraxma məni.

 

Qoyma nəzərindən, gözündən məni,

 

Səbir qalmayıb dalınca baxam.

 

Apar, gözlərində apar sən məni,

 

Gedərsən, gələrsən, görərsən yoxam…

 

05.11.2012

 

ANA İTİRƏNDƏ

 

Qoymayın təklənib tənha qalmağa,

 

Belə anda xatirələr səs edir.

 

Könül oxşamağa, hayan olmağa

 

Bir telefon zəngi – o da bəs edir.

 

Dərdini soruşun, halını sorun,

 

Niyə görmürsünüz ürəyi dolub?

 

Sorğuyla, sualla siz onu yorun,

 

O özü bilmir ona olub.

 

Bir od zərrəsidir gözlərində yaş,

 

Baxmayın danışır, baxmayın gülür.

 

Başıma gəlibdir, bilirəm, qardaş,

 

Anası ölənin dünyası ölür…

 

Qəhərdən üşüyür ağızlarda dil,

 

Sınıq könüllərdə sınır səsimiz,

 

Əlli , altmış da elə yaş deyil,

 

Ana itirəndə qocalırıq biz.

 

Xəyallar əlində əsir qalırıq,

 

Kösövü kül olan ocaq oluruq,

 

Ana itirəndə yetim qalırıq,

 

Ana itirəndə uşaq oluruq.

 

Bir ana şəkli ovudur bizi,

 

Doğma da, uzaq da yaxına gəlir.

 

Qəfil ləpələnir ömrün dənizi,

 

İnsan dalğalarla baş-başa gəlir.

 

Qəhərdən üşüyür ağızlarda dil,

 

Sınıq könüllərdə sınır səsimiz,

 

Əlli , altmış da elə yaş deyil,

 

Ana itirəndə qocalırıq biz…

 

İyul, 2013

 

ANAMIN NƏ KÖVRƏK MƏZAR DAŞI VAR…

 

Yanına gələndə həsrətim sönür,

 

Ocağa çevrilir, alova dönür,

 

İçim pöyşələnir, əlim isinir,

 

Anamın isti məzar daşı var!

 

Dinir, xəbər alır hər əhvalımı,

 

Kim daş çağırıbdı, bu daş zalımı?

 

İsladır quruyan yanaqlarımı,

 

Ay Allah, daşın da öz göz yaşı var!

 

Önündə varlığım çəkilir dara,

 

Bələnir yağışa, üz sürtür qara,

 

Ünvan göstərirəm qəlbidaşlara,

 

Anamın kövrək məzar daşı var!

 

09.12.2012

 

GƏLMƏYƏCƏYİK

 

Ulduzu göylərdən enən görmüşük,

 

Yanan ocaqları sönən görmüşük,

 

Biz hansı gedəni dönən görmüşük? –

 

Bir bu dünyaya gəlməyəcəyik.

 

Ağın rəngi var, qaranın qara,

 

Əbəs aldatmasın şirin xülyalar.

 

Gözlər dikilməsin sonsuz yollara,

 

Hər şeyin əvvəli, bir sonu var.

 

Birin bir təkrarı, onun onu var,

 

Bir bu dünyaya gəlməyəcəyik.

 

Eşqin alovunda biz kül olarıq,

 

Ömrün sehrində bir gül olarıq,

 

Deyirik, gülürük, qədər varıq,

 

Onsuz da yoxluğun üzü qaradı,

 

Bir bu dünyaya gəlməyəcəyik.

 

İyul, 2013

 

 

MƏN ELƏ BİLİRDİM QOCALMAYACAM

 

Düşünürdüm illər geri dönəcək,

 

Gənclik ulduz kimi göydən enəcək,

 

alov sönəcək, od sönəcək,

 

Mən elə bilirdim qocalmayacam.

 

 

 

Könlümdə bir dəli eşqin həvəsi,

 

Dilimdə məhəbbət, sevgi nəğməsi,

 

Demə, yol gedirmiş vaxtın dəvəsi,

 

Mən elə bilirdim qocalmayacam.

 

 

 

Dostlar inciyirlər – görüşməyirəm,

 

Yaxşını, yamanı bölüşməyirəm,

 

Könüllər incidib, qəlbə dəyirəm,

 

Mən elə bilirdim qocalmayacam.

 

 

 

Qəfil xəzəl oldu sünbüllü zəmim,

 

Başımdan çəkilmir kədərim, qəmim.

 

Uşaqlıq dostlarım, gənclik həmdəmim,

 

Mən elə bilirdim qocalmayacam.

 

 

 

Köç etdi qardaşım, köç etdi bacım,

 

Bir əldən tutana qalıb əlacım.

 

Nələr pıçıldamır ağaran saçım –

 

Mən elə bilirdim qocalmayacam.

 

 

 

Ömür bir gizlicə pərvəriş etdi,

 

Taleh, cavanlığı qaçırdın getdi.

 

Dövrənə işıqlar saçırdın, getdi,

 

Sən elə bilirdin qocalmayacam?

 

GƏLMƏYƏ

 

Daha küçənizə gəlməyəcəyəm,

 

Daha səndən ötrü ölməyəcəyəm,

 

Baharın gəlişi, payızın köçü –

 

Heç nəyin fərqində olmayacağam.

 

 

 

Yadında qalıbmı dəniz sahili,

 

Qərib qağayının o hıçqırtısı,

 

Nələr söyləmirdi eşqimin dili: –

 

Gah bəmi, gəh zili, gah qışqırtısı.

 

 

 

Soyuq ömrümüzdən əsən küləklər

 

Suları titrədə, ya titrətməyə.

 

Ürək hökm eləyə, hissim “yox” deyə,

 

Taleh o yerlərə gələ-gəlməyə. 

 

Şaiq ölən gün

 

O dəm, o an,

 

O vaxt, o zaman

 

İçimdən ilğımlar, odlar keçən

 

Səhra idim, çöl idim.

 

Şaiq Vəli ölən gün

 

Mən öldüm…

 

Amma məni

 

Sonra dəfn edərsiniz –

 

ən sonda…

 

Şairi öldürüb,

 

Ağlamaq nədir? –

 

bilərsiniz onda…

 

Bilərsiniz ölümdən betərdir

 

Bir ürəyin göynəmi.

 

Sorarsınız, idi,

 

Şairin dərdi, qəmi?!

 

Mən azdan-çoxdan bilirdim

 

Şaiqin dərdini.

 

Şaiq ölən gün

 

Hirsimdən öldürdüm

 

Olmayan imkanımı…

 

Bizi birgə dəfn edərsiniz,

 

Bütün imkansız şairlər

 

Bir sinif kimi öləndə…

 

Bir

 

Şaiqin məzarı üstə

 

Yovşan güləndə…

 

08.02.2013

 

ÖMRÜ BİTİRDİM

 

Adını, ünvanını,

 

Yerini-yurdunu bilmədiyim gözəl,

 

Qəfildən şirin qəhqəhə çəkdin.

 

Köksüm qubarlandı,

 

İtirdiyim gülüşləri

 

Qaytardın mənə.

 

Düz bir ömürdü gəzirəm o gülüşləri,

 

Onu harda itirmişdim, bilmirəm.

 

Küləklər qanadında,

 

Quşlar dimdiyindəmi

 

Gətirdi, bilmirəm…

 

Sən güldün, mən sevindim,

 

Gəldin, itirdiyimi tapdım,

 

Getdin – tapdığımı itirdim…

 

Bir gülüşü gəzə-gəzə,

 

Düz bir ömrü bitirdim.

 

31 avqust, Novxanı

 

 

ÜRƏK, AĞRIMAĞIN ZAMANI DEYİL

 

Hərdən gizli-gizli, hərdən aşikar,

 

Sinəmi göynədən ağrılarım var.

 

Bir ömrü isidib, onu yaşadan

 

Neçə şirin-şirin duyğularım var.

 

Qoy səni yormasın yoxuşlar, yollar,

 

Ürək, ağrımağın zamanı deyil.

 

Sənsiz karəyəm danışam, güləm,

 

Bu alovlu sinəm, bu odlu sinəm

 

Sevgi təşnəsidir əzəldən, bilsən.

 

Çox əllər tutsa da bəzən əlimdən,

 

Yüz əl itələdi geri sinəmdən.

 

Yaxın gəl, düşünək, bir sən, bir mən,

 

Ürək, ağrımağın zamanı deyil.

 

Təkcə sevinc deyil, bilirəm, həyat,

 

Beş-on il işləyib, yorulur saat.

 

O, zamanı sayır, sən ömrü saydın,

 

Çox çətin olardı sən vurmasaydın,

 

Xeyirxah, rəhmli, mərd olmasaydın.

 

Geriyə baxanda dönərək indi,

 

Qəlbimdə qədər suallar dindi.

 

Atəşindən illər, günlər isindi,

 

Hərdən yorulanda, fikrə dalanda,

 

Sən mənə söylədin – həyat şirindi,

 

Ürək, ağrımağın zamanı deyil.

 

çəkmişik, bilən olnsuz biləcək,

 

Ötən çox günləri ulduz biləcək.

 

Dostlar kədərlənib, düşmən güləcək,

 

Darıxma, ürəyim, olanlar olur,

 

Bir gün ağrımağın vaxtı gələcək,

 

İndi ağrımağın zamanı deyil.

 

17.02.2013

Aydın yol.-2016.-5 noyabr.-S.12.