Sözün hikməti

 

Yaşadığımız gəlimli-gedimli dünyada hər şey bitib-tükənir, zamanın gah əsən, gah kəsən küləyində sovrulub vaxtın dəyirmanında üyüdülürsona çatır, asta-asta məhvə doğru sürüklənir, yavaş-yavaş saralıb solur, xəzana dönür, arxada qalan hər şey tarixin saxlancına düşüb üst-üstə qalanır. Tükənib bitməyən, ölməyən, solmayan, həmişə təzə-tər qalan, sonu görünməyən bir şey var: SÖZ - hər şeydən uca, qüdrətli, qüvvətli, ülvi, min bir çaları və qayəsi olan SÖZ.

 

Əsrlərdir SÖZ öz yolundadı. Əbədi məşəl kimi insanların qəlbini işıqlandırır, mənəviyyatını durulaşdırır, ürəklərinə, qəlblərinə nur çiləyir, şəfəq saçır, hamını birləşdirir, bütövləşdirir tamlaşdırır, insanlar arasında yol olur, körpü olur, onları bir-birilə görüşdürüb qovuşdurur. Söz insanları kamilləşdirir, əlindən tutub arxasınca aparır. Və apardığı o ünvan paklıqdır, duruluqdur, ucalıqdır...

 

Dünya binə olan gündən bütün millətlər, xalqlar söz danışır, söz anlayır, söz yazır, söz oxuyur, söz qoşurlar, sözdən qüvvət alırlar. Söz xəzinəsi nə azalır, nə tükənir. Çeşmə kimi qaynadıqca qaynayır, coşduqca coşur. Rəvan-rəvan axdıqca axıb ürəklərə sərinlik, sakitlik və rahatlıq gətirir. Söz ritmini pozmadan zamanın nəbzini tuta-tuta öz orbiti boyunca arın-arxayın dolanır. Baş ağrıdan çax-çaxa məhəl qoymur - öz işindədi. Ərşin tufanı, küləyi, seli, suyu söz dəyirmanının ağır daşını öz yerində, öz oxu ətrafında fırlatdıqca fırladır.

 

Millətlər, xalqlar var ki, indi tarixin səhnəsində yoxdu - zamanın axarında çox duruş gətirə bilməyiblər. İllər keçir, vaxt su kimi axıb gedir. O millətlərin özləri qalmasa da, dedikləri, qayadaşlara yazdıqları sözlər gəlib bizə çatıb. Tarixin səhifələrində onlardan dərin-dərin, pozulmaz, silinməz izlər qalıb. O izlər sözlə qalıb, sözdə qalıb.

 

Hər sözdə bir qüdrət, bir hikmət var. Sözü insan yaradıb, insan yaşadıb. Yaratdıqları sözləri bizə çatdırmaq üçün onu daşlara həkk edib, qaya üzərinə cızıb, kağıza köçürüb saxlayıblar.

 

Əvvəlcə yer, göy, planetlər, səma cisimləri, çaylar, dənizlər, okeanlar, bir sözlə, uzanıb gedən ucsuz-bucaqsız çöllər, səhralar, başı buludlara söykənən uca dağlar var idi. Onlar keçmişdən bu günə gəlib çatan çox qiymətli yadigarlar idi. Hələ insanlar yer üzünə gəlib bu gözəl yerləri görməmişdilər. Torpağa, daşa izlər düşməmişdi. Yer kürəsi adamlarsız idi - yaraşıqsız işıqsız idi. Torpağa, daşa, suya bəndə ayağı dəyməmişdi. Onda yer üzü bütöv idi, hələ ölkələrə, bölgələrə bölünməmişdi. Tikanlı, tikansız sərhədlər yox idi.

 

Tanrı hələ insanları xəlq eləməmişdi. Onda hələ sözün xəmiri yoğrulmamışdı. O vaxtlar hələ söz doğulmamışdı, sonu görünməyən yollarda idi, dayanmadan gəlirdi. Onda hələ söz yerin, göyün bətnində yatırdı.

 

İllər ötdü, əsrlər keçdi, dövran dəyişdi. Ulu yaradan insanları xəlq elədi. Hələ söz olmadığından, söz yaranmadığından dünyanın, yerin ilk sakinləri olan uludan ulu babalarımız bir-biriləriylə danışa bilmirdilər, bir-birilərinə alışa bilmirdilər. Fikirlərini bir-birilərinə əlləri ilə başa salırdılar. Onların ürəklərindən, dillərindən, boğazlarından qarmaqarışıq, anlaşılmaz səslər çıxırdı. Belə anlarda sözə ehtiyac yaranırdı. İnsanların beyni, ürəyi, qəlbi sanki min illərin dərin yuxusundan oyanırdı. Dünya, aləm yavaş-yavaş nura boyanırdı.

 

Yer üzünün ilk insanının dili açıldı. Ağlına, dilinə söz gəldi. Dünyada sözün səsi eşidildi. Dağlar, dərələr, okeanlar, dənizlər bu səsə diksinib silkələndi. Dünya söz işığına bələndi. SÖZ doğuldu. Onun sonsuz, həmişəyaşar ömrü başlandı. O vaxtdan indiyə qədər söz yaşayır, söz yaşadır, söz yol gəlir, söz yol gedir. Sözün ömrü uzandıqca uzanır.

 

Həftələr aylara, aylar illərə döndü. Vaxt gəldi Yer kürəsi insanlara darlıq elədi. Belə olanda onlar göyə əl açdılar, ayaq açdılar. Oralara da yiyə çıxmaq istədilər. Aya uçdular, Marsa qarmaq atdılar, Yupiterə tamah saldılar. Hər şeyin ahəngi, rəngi dəyişdi. Həyatın ritmi pozuldu. Gül kimi sözlər, fikirlər yüz yerə yozuldu. Dünyanı uçurub, dağıdıb yenidən bölüb-bölüşmək istədilər. Torpaq sərvət üstündə sözləri çəpləşdi, üz-üzə gəlib tutaşdılar. Bir-birilərinə daş atdılar, baş yardılar, qan tökdülər. Uddular, uduzdular, qalib gəldilər, məğlub oldular. Bir-biriləriylə söz tapıb danışa bilmədilər. Yumruğa, oxa, kamana, nizəyə, qılınca, tüfəngə, avtomata, raketə əl atdılar. Qılınclar qınından çıxdı, qanlar töküldü, başlar kəsildi. Silahlar od püskürdü, yer-göy alışıb-yandı. İnsanların başına güllələr, qəlpələr ələndi. Çox keçmədən insanlar qayaya, daşa çevrildilər.

 

Döyüşdülər, vuruşdular, öldürdülər, öldülər. Tikdikləri evləri dağıdıb viran qoydular. Hər şeyi vəhşicəsinə sökdülər, dağıdıb alt-üst elədilər. Yalnız hər şeydən qüdrətli olan sözü uçura bilmədilər, yalnız sözü yandıra bilmədilər, yalnız sözü basdıra bilmədilər. SÖZ zamanlara, qərinələrə sinə gərdi. Bütün güclülərə qalib gəldi, hökmdarlara, fatehlərə meydan oxudu. Hər şeydən uca olan SÖZ zaman-zaman igidlikdən, qəhrəmanlıqdan dastanlar toxudu. Ötüb keçənlərdən bizlərə sözdən başqa yadigar qalmadı. Ondan başqa, qiymətli heç olmadı. Ən uzunömürlü SÖZ oldu. Sönmədən yandı, yanar ocaqlara köz oldu. İlahi SÖZ zaman-zaman, misra-misra, sətir-sətir ürəyimizə axdı, qanana kəlam oldu, qanmazı yandırıb-yaxdı. Sözün yaşının neçə olduğunu bilən varmı?

 

SÖZ zamanın, vaxtın aşırımlarından, dolaylarından, süzgəcindən keçib süzülə-süzülə, dupduru durulaşıb bu gunumuzə qədər gəlib. Bu gün bizimlə yolyoldaşıdı, can sirdaşıdı, qan qardaşıdı. Hələlik bir yerdə addımlayırıq, yanaşı gedib, yanaşı gəlirik. Amma bu yoldaşlığın, dostluğun ömrü uzun çəkməyəcək. Sabah, birisigün yaşa dolub qocalacağıq, axıra qədər gedə bilməyəcəyik, yarı yolda qalacağıq. Son mənzilə çatanda dayanacağıq. Vaxt olacaq, bəlkə , heç addım ata bilməyəcəyik. SÖZ isə öz yoluna davam edib sabahlara gedəcək, yeni doğulacaq insanlarla yolyoldaşlığı edəcək, başqa ürəklərə köçəcək, qəlblərə hopacaq, özünə yeni-yeni doğmalar tapacaq.

 

SÖZ həmişə dildən-dilə gəzəcək, yaşayacaq, var olacaq, ümidsiz, inamsız insanlara yar olacaq, adamların ürəklərinə, qəlblərinə cığır açıb yol tapacaq, heç vaxt dillərdən düşməyəcək, könüllərdən silinməyəcək.

 

Əbədi, əzəli olacaq SÖZ, bu dünyada həmişəlik yaşayacaq SÖZ. Zamanla, vaxtla ayaqlaşacaq! Sözün yolu, cığırı həmişə gəlimli-gedimlidir. İşıqlıdır, təzə-tərdir, təravətlidir, canlı oyaqdır. SÖZ dar məqamda, çətin anda hamımıza, hər birimizə mənəvi dayaqdır.

 

Dünyada sözdən gözəl, ülfətli, qüvvətli, əzəmətli, hikmətli var ki? Dünyanın dahi insanları ülvi hisslərini, qiymətli dəyərli fikirlərini, əsərlərini sözlə danışıblar, sözlə yazıblar, sözdən alışıb, sözlə yanıblar, ətəyindən möhkəm tutublar, ona güvəniblər. SÖZ ona tapınanları heç vaxt darda qoymayıb, yarı yolda atmayıb. Qolları üstünə götürüb onları zirvələrə qaldırıb. SÖZ həmişə vəfalı, sədaqətli olub.

 

Qərinələrdir bütün olanlar, qalanlar sözün qüdrəti ilə yaşayır. Sətir-sətir, cümlə-cümlə boy atır, pöhrələyib yarpaqlayır, tumurcuqlayıb çiçək açır. Əlahəzrət söz bu günümüzə çatmaq üçün ulu keçmişlərdən keşməkeşli, enişli-yoxuşlu yol gəlir. Bu yerişlə, bu gedişlə, sabahlarımıza da gedib çıxacaq. Ən uca zirvələrə qalxacaq. Oradan aram-aram ürəklərə, qəlblərə axacaq. Göydən günəş kimi doğacaq, şimşək kimi çaxacaq, yağış kimi yağacaq...

 

Əsrlərdir sözlə yol gedirik, sözə sirdaşıq. SÖZ canımıza hopub ürək sirdaşımıza çevrilib. Sözlə başlanan yol bitib-tükənmir. Hamımız SÖZ körpüsündən keçib gəlmişik. İndi sözlə birgə yol gedirik, gələcəyə addımlayırıq. Bizdən sonra da indiyə qədər eşidilməyən sözlər deyiləcək, SÖZ yolunda, SÖZ cığırında, sözün çəmənzarında həmişə güllər, çiçəklər açacaq. SÖZ ölümsüzdü. Bu dünyada yalnız SÖZ yadigar qalacaq, yalnız SÖZ. Başqa heç

 

Bəs mənim necə, yadigar qalası bir sözüm olacaqmı?!..

 

Vahid MƏHƏRRƏMOV

Aydın yol.-2016.-12 noyabr.-S.12.