Məhbus xanımın ölüm rəqsi

 

I yazı

 

İnsan niyə rəqs edir? Əhvali-ruhiyyəsini, ovqatını, qəlbini riqqətə gətirən hissləri bildirmək üçün. Bəzən insan sözlə deyə bilmədiyini, ürəyində yığılıb qalmış həsrəti, nisgili, sevgini, ən çətin müəmmalı mətləbləri rəqsin dili ilə çatdırır. İnsanı əl qaldırıb oynamağa kim məcbur edə bilər? Heç kim! Əgər daxilindəki təlatüm istənilən həddə çatmayıbsa, ürəyinin səsini eşidə bilmirsənsə, arzuların qanadlanmayıbsa, heç alınmayacaq, boş-boşuna ortalıqda hərlənəcəksən.

 

Bir ölüm rəqsi var. İblisin od saçan vəhşi baxışları önündə, bəlkə , onun acığına, düz ölümün gözlərinə baxa-baxa, çarəsiz çırpınan kəpənək kimi süzürsən, musiqisiz-filansız. İblis dişlərini qıcıyıb gözləyir ki, rəqs bitsin: Faydası yoxdur, əvvəl-axır mənimsən! Amma oynayan adam üçün bu rəqs bəlkə , taleyin son fürsətidir, ömrünə ayrılmış vaxtı uzatmaq üçün bəhanədir. Ona görə elə hey oynayır... Bədəninin bütün məsamələri hərəkət edir, ruhu başına fırlanır.

 

...Heç kim əl çalmırdı, heç çəpik vurmağa da taqətləri yox idi. Bu soyuq, yarıqaranlıq zindanda kimin haqqı vardı ki, cınqırını çıxarsın? Nəzarətçilər duyuq düşməsin deyə, pıçıltı ilə danışırdılar. Məhbus Xədicə isə gözlərini yumub, ortalıqda süzürdü. Bu ölüm rəqsinə etinasız baxanlar da vardı, göz yaşı axıdanlar da. Hərə öz gününə ağlayırdı. İndi çöhrəsi solmuş, cavan ikən qocalmış, Vətən xaini damğası vurulmuş, qəm-qüssədən beli bükülmüş, əyninə nömrələnmiş qara sırıqlı geymiş bu qadın məhbuslar bir müddət əvvəl evlərin yaraşığı, ərlərin sevimlisi, gül balaların anası, Azərbaycanın adlı-sanlı şəcərələrinin davamçıları idilər. İndi zaman məkrli İblis bu günahsız qadınları bir damın altına toplamışdı.

 

...1938-ci ilin yağışlı payız axşamı NKVD zindanının soyuq döşəməsində ölüm rəqsi ilə sanki quş kimi havada süzən Xədicə Qayıbova da məhkumluq həyatı yaşayan 30 adlı-sanlı qadından biri idi. O, Azərbaycanın ilk peşəkar qadın pianoçusu bu alətdə ilk muğam ifaçısı kimi tanınırdı. 1893-cü il mayın 24-də Tiflisin məşhur müsəlman ruhanisi Osman Müftizadənin ailəsində dünyaya gəlmişdi. Atası qızına mükəmməl təhsil vermək arzusunda idi. Ona görə övladını Müqəddəs Nina qızlar məktəbində oxutmuşdu. Xədicə ilk musiqi təhsilini burada almış, musiqi nəzəriyyəsini, fortepianoda çalmağı öyrənmişdi. Bir müddət Tiflisdəki tatar məktəbində dərs deyəndən sonra 1919-cu ildə həyat yoldaşı Nadir Qayıbovla birlikdə Bakıya köçmüşdü.

 

Onun evində mütəmadi olaraq musiqi məclisləri keçirilirdi. Ü.Hacıbəyov, F.Köprülüzadə, R.Qlierin, L.Rudolf, M.Pressman, Sarabski, Bülbül, eyni zamanda, Azərbaycanın Türkiyənin dövlət adamlarının, görkəmli ziyalılarının iştirak etdiyi musiqi gecələrində Xədicə Qayıbova Azərbaycan milli musiqisinin gələcəyi, xalq nəğmələrinin mühafizə olunması, qadın musiqiçilərin təhsil imkanları haqda müzakirələr aparırdı. Onun təşəbbüsü ilə 1920-ci ildə qadın musiqi müəllimləri hazırlamaq üçün Qısamüddətli Şərq musiqisi kursları açıldı, uşaq xoru yaradıldı. Xədicə xanım həm Bakıda ilk Türk Konservatoriyasının yaradıcısı idi. O, bir müddət Azərbaycan Maarif Komissarlığında Şərq musiqisi şöbəsinə rəhbərlik etmiş, həmin dövrdə qadınlar üçün Musiqili Dram Teatrının açılmasına nail olmuşdu. Xədicə Qayıbova 1934-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edirdi. 1938-ci ildə isə əvvəlcə Xədicə xanımın həyat yoldaşını əks inqilabçı millətçi ittihamı ilə həbs etdilər, sonra da növbə özünə çatdı.

 

...Xədicə qəfildən dayandı. Sanki nəyi isə xatırlayırmış kimi bir müddət məhbəsin ortasında səssizcə donub-qaldı. Sonra ağır addımlarla gedib çarpayıda oturdu. Çox dalğın görünürdü. Məhbus yoldaşı, xalq düşməninin arvadı kimi tutulmuş S.M.Əfəndiyevin həyat yoldaşı Zivər Əfəndiyevaya qısıldı.

 

- Zivər, barmaqlarım donur...

 

Zivər xanım onun əllərini ovcuna aldı, ovuşdurdu. Xədicə elə bil yuxuda idi, ayıla bilmirdi. Bayaq onu müstəntiqin yanına aparmışdılar. Qayıdanda çox bədbin görünürdü, zindana girən kimi rəqs etməyə başlamışdı...

 

... -Vətəndaş Qayıbova, sizin ərinizin dövlət əleyhinə apardığı təbliğatdan, pozucu əməllərdən xəbərimiz var. İmtina etməyinizin mənası yoxdur. İfadə verin, məsələ bitsin. Özünüzü , bizi incitməyin!

 

Azərbaycan Daxili Işlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin 3-cü şöbə rəisinin müavini, leytenant Tevosyan bu sözləri deyə-deyə qadının gözlərinin içinə baxırdı. Erməni müstəntiqin üz-gözündən qəzəb yağırdı.

 

- Mənim, həyat yoldaşımın heç bir günahı yoxdur, dövlət əleyhinə heç bir pis tutmamışıq...

 

- Doğrudan? Sizcə, biz dəli olmuşuq? Görün bu qovluqda nələr var! Oxuyanda adamın tükləri biz-biz olur.

 

- Bizi nahaqdan tutublar. Mən musiqiçiyəm, piano müəllimiyəm, Vətən xaini deyiləm.

 

Erməni müstəntiq od püskürdü:

 

- Bu dəqiqə sənin o piano çalan barmaqlarını sındıraram, bəlkə, ağlın başına gəldi! Pianoçuya bax! Müsavatçı Mustafa Vəkilovu evində gizlətmisən, sonra da Türkiyəyə qaçmasına şərait yaratmısan. Bəs 1924-cü il necə, yadındadır? Türk ordusunun zabiti Sultan Hüseynzadəni evində gizlədib İrana yola salmısan. İndi o, alman yapon kəşfiyyatına xidmət edir. Deməli, sən casussan, onlarla əlbirsən! Tevosyan yumruğunu masaya vurdu. Birdir, ikidir bəyəm, hansını deyim?

 

Xədicənin baxışları qalın qovluğa zillənmişdi.

 

- Məni bundan əvvəl iki dəfə tutublar. Günahsız olduğum üçün azad ediblər...

 

Müstəntiq onun sözünü kəsdi:

 

- Mən o maymaqlardan deyiləm. Sən hələ Tevosovu yaxşı tanımırsan!

 

...Zivər xanım hələ Xədicənin barmaqlarını ovuşdururdu.

 

- Zivər, düşünəndə ki, bu barmaqlar bir pianonun dillərinə toxunmayacaq, dəli oluram.

 

- Darıxma, Xədicə, hələ uşaqların toyunda o qədər çalıb oxuyacağıq ki!

 

Xədicənin gözləri doldu. Amma ağlaya bilmirdi. Mərd qadın idi, həyatda heç onu sındıra bilməzdi.

 

- Uşaqlardan nigaranam. Görəsən, salamatdırlar? Bu qansızlardan desən gözləmək olar...

 

O, Zivər xanıma bir az da qısıldı. Çünki ölüm kabusunun meydan suladığı bu qaranlıq məhbəsdə onun Zivər xanımdan savayı, heç bir dayağı yox idi...

 

Fərhad SABİROĞLU

Aydın yol.-2016.-12 noyabr.-S.4.