Şirvanşahlar sarayı” Paris fotosərgisində

 

Parisdə məşhur “Cornette de Saint Cyr” qalereyasında tanınmış fotoqrafların əsərlərinin sərgisi təşkil edilib.

 

Sərgidə dünya şöhrətli fotoqraf Reza Deqatinin İçərişəhərdə Şirvanşahlar sarayında 2012-ci ildə çəkdiyi “Azərbaycan. Saray məhrəmliyi” və Türkmənistanda çəkdiyi “Həmrah” fotoları nümayiş olunur.

 

Reza Deqati Azərbaycanla bağlı bir neçə sərgi-layihənin müəllifidir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə məşhur fotoqrafın ölkəmizə həsr etdiyiOdun cazibəsi” (Elegance of fire) və “Günahsızların qırğını” (The Massacre of innocents) kitablarının 2014-cü ildə Parisdə təqdimat mərasimi keçirilib. R.Deqati ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu universitetin fəxri doktoru, Fransanın “Xidmətlərə görə” ordeni laureatıdır.

 

Gənc fotoqraf Maya Bağırova “Sizi görürəm” və “Bu günün keçmişi” adlı ağac fotoları ilə sərgidə iştirak edir. M.Bağırova 2015-ci ildə Fransada SNBA (Milli İncəsənət Cəmiyyəti) sərgisində ölkəmizi təmsil edərək iki qızıl medal və “Jan Larivye” mükafatına layiq görülüb.

 

Qalereyada nümayiş olunan fotolar noyabrın 14-də hərraca çıxarılacaq.

 

Aydın yol.-2016.-12 noyabr.-S.3.