Qurban Xəlilovdan dinlədiyim bir söhbət

 

1930-cu il, Şəmkir...

 

Yurdumuzda bahar nəfəsinin duyulduğu, təbiətin oyandığı bu günlərdə - martın 20-də xalqımızın görkəmli oğlu, dövlət xadimi Qurban Əli oğlu Xəlilovun vəfatından on il ötür və ondan bir vaxt dinlədiyim söhbəti xatırladım. On beş yaşındaykən Bakının Keşlə qəsəbəsində "Nobel zavodu" adlanan müəssisədə fəhlə kimi əmək fəaliyyətinə başlayan çalışqan, saf mənəviyyatlı bu insan şərəfli həyat yolu keçmiş, xalqımıza, vətənimiz Azərbaycana fədakar əməyi ilə, ağsaqqal mövqeyi ilə xidmət etmişdi.

Bu il dünya xalqları İkinci Dünya müharibəsində faşist Almaniyası üzərində tarixi qələbənin 65-ci ildönümünü qeyd edəcəklər. 1941-1945-ci illər Böyük Vətən müharibəsində Azərbaycan xalqının övladları faşist işğalçılarına qarşı döyüşlərdə qəhrəmancasına vuruşmuş, arxa cəbhədə isə döyüşən ordunu yanacaq, hərbi texnika, ərzaq, silah və hərbi sursatla təmin etmək üçün gecə-gündüz çalışmışlar. İkinci Dünya müharibəsi illərində arxa cəbhədə fədakarcasına çalışanlardan biri də Qurban Xəlilov olmuşdu.

Bəlkə də çoxları bilmir ki, Qurban Xəlilov müharibə illərində müdafiə sənayesinin qabaqcıl müəssisələrindən olan bir sıra zavodlara rəhbərlik etmiş, məşhur "Katyuşa" reaktiv artilleriya qurğularının kütləvi istehsalını təşkil etmişdi. Ona cəbhəyə fasiləsiz silah və hərbi sursat göndərilməsinə nəzarət işi tapşırılmışdı.

Müharibədən sonrakı illərdə neft sənayesində, iqtisadi quruculuq sahələrində çalışmış və bir sıra nazirliklərə rəhbərlik etmişdi. 1970-ci ildən 1985-ci ilə qədər - on altı il Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri və paralel olaraq SSRİ ali qanunvericilik orqanı - Ali Sovetin Rəyasət Heyətinin sədr müavini vəzifələrində çalışmışdır. Sonra Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyətinin sədri vəzifəsində idi, respublikanın ictimai həyatında yaxından iştirak edərdi.

Tale mənə Qurban müəllimlə uzun illər birlikdə işləməyi nəsib etmişdir. Bir əsrə yaxın yaşı olmasına baxmayaraq dərin yaddaşı və məntiqi mühakiməsi vardı. Bir dəfə Novruz bayramının tarixindən, adət və ənənələrimizin qorunub saxlanılması və inkişaf etdirilməsi problemləri barədə söhbət edərkən 1930-cu illərin əvvəllərində Novruz bayramı günlərində Şəmkir rayonunda şahidi və iştirakçısı olduğu bir hadisəni danışdı.

 

"Allah sənə yüz il ömür versin, ay oğul!"

 

Söylədi ki, Stalin diktaturası illərində Azərbaycanda küçə və meydanlarda kütləvi dini mərasimlərin, yürüşlərin, şəbih səhnələrinin keçirilməsi qəti qadağan edilmişdi. Bədxahlarımızın fitvası ilə Novruz bayramının da güya dini bayram olması barədə əfsanə uydurulmuş, kütləvi bayram tədbirləri yasaq olunmuşdu. Söyləyirdi ki, o illərdə Azərbaycanda daxili işlər və xəfiyyə orqanlarında qeyri-azərbaycanlılar - ermənilər, yəhudilər, milli mənsubiyyəti məlum olmayan, insaf və vicdan hisslərini itirmiş, simasız məmurlar üstünlük təşkil edirdilər. Əks-inqilabi təbliğat və fəaliyyət bəhanəsi ilə yüz minlərlə günahsız insan cəzalandırılmışdı.

Müdhiş qorxu hissi insanları mənəvi cəhətdən əzir, onları satqın və qəddar olmağa məcbur edirdi. Q.Xəlilov söyləyirdi ki, "repressiya dövründə bir dəfə rus dilini yaxşı bilən, zavodun ictimai işlərində fəal iştirak edən qabaqcıl mütəxəssis kimi məni Bakı şəhər partiya komitəsinə dəvət edib təcili Şəmkir rayonuna göndərdilər. Rayonun "NKVD" adlanan daxili işlər şöbəsində Bakıdan gəlmiş bir neçə rus zabit və Qafqaz soyadlı erməni zabit mənimlə görüşüb bildirdilər ki, rayonda antisovet qiyam təşkil etmək istəyən məxfi əksinqilabi qrup ifşa olunub. Otuzadək adam həbs edilmişdi.Mən kommunist olduğumdan tərcüməçi kimi dəvət olunmuşdum.

Cinayət işindəki izahatları və materialları nəzərdən keçirəndən, məhbuslarla görüşüb danışandan sonra başa düşdüm ki, onların əksəriyyəti günahsızdır. İzahatları işgəncə qorxusu ilə imzalatdırıblar. Novruz bayramı münasibətilə Bitdili kəndinin cavanları bazar meydanı ətrafında şənlənir, güləşir, yumurta və xoruz döyüşdürür, kosa-kosa oynayırmışlar. Yaxınlıqda yerləşən evlərin birində üç-dörd fırıldaqçı işbaz adam kənddəki avam kəndlilərin dini inamlarından sui-istifadə edərək nəzir-niyaz toplamaq məqsədilə yalançı "Pir" təşkil ediblər. Pirdəki "molla" dua oxuyandan sonra evin zirzəmisində gizlənmiş şəxs oradakı göyərçinləri çubuqla vururmuş. Göyərçinlərin səsinin guya müqəddəs mələklərin səsi olmasını iddia edən fırıldaqçını avam kəndlilər "Bitdili imamı" elan etmişlər. Ətraf rayonlardan da buraya "zəvvar"lar axışıb gəlirmiş. Antisovet əhval-ruhiyyəli işbazlar isə bu hadisədən öz xeyirləri üçün bəhrələnmək istəyirmişlər. "Pir"də həbsedilmə əməliyyatı keçirilən gün, bayram axşamı bu evin yaxınlığında şənlənən, maraq üçün orada baş verənlərə tamaşa edən günahsız adamlar həbs olunmuşdular.

Məhbusların ailə üzvləri və kənd camaatı onların dərhal azad edilməsini tələb edirdilər. Gərgin vəziyyət yaranmışdı. Mən bu barədə "Troyka"nın, yəni üç nəfər rus zabitindən ibarət hərbi səhra məhkəməsinin üzvlərinə məlumat verdim. Dedim ki, izahatları alarkən məhbuslar döyülmüş, bəzilərinin barmaqları qırılmış, bəziləri isə müxtəlif işgəncələrə məruz qalmış, müxtəlif bədən xəsarətləri almışlar. Xahiş etdim ki, məhbuslar da, şahidlər də yenidən dindirilsinlər. Qazarov bərk əsəbiləşdi. Dedi ki, yoldaş Xəlilov, əvvəla sizin belə bir işə müdaxilə etməyə səlahiyyətiniz çatmır, ikincisi də yenidən istintaq aparmağa heç bir ehtiyac yoxdur. Cinayətləri sübuta yetirilib. Antisovet qiyama cəhd etdiklərini bütün məhbuslar səmimi etiraf edib, yazılı izahatlara öz əlləri ilə qol çəkmişlər. Vaxtımız yoxdur. Tezliklə hökm çıxarıb icra etməliyik.

Qəribə idi ki, hadisənin əsl təşkilatçısı fitnəkar "molla" həbs edilməmiş və hara isə qaçıb getmişdi. Dustaqların imzaladıqları izahatlar isə "istintaq" aparmış və heç bir hüquq təhsili olmayan müstəntiq Qafarov tərəfindən rus dilində yazılmışdı. O, son dərəcədə hiyləgər və qəddar bir adam idi. Həbs olunmuş günahsız gənclərin hamısının sovet hakimiyyətinin düşmənləri kimi güllələnməsini təklif edirdi. Mənimlə bir qədər mübahisə edəndən sonra əsəbiləşib özündən çıxan, barmağı ilə məni hədələyən, əlini tez-tez belindəki tapançasına aparan erməni müstəntiqin hərəkətlərinə hərbi-səhra məhkəməsinin üzvləri diqqətlə tamaşa edirdilər. Mən onlara müraciət edib dedim ki, bir neçə nəfərdən savayı "pir məsələsi"ndə heç kəsin təqsiri yoxdur. Burada antisovet qiyamından heç əsər-əlamət də yoxdur. Əgər siz təqsirsiz adamları güllələsəniz, onda böyük bir regionda əsl antisovet qiyamı baş verə bilər.

Xeyli müzakirələrdən sonra müstəntiqin etiraz etməsinə baxmayaraq mənim rus və Azərbaycan dilləri tərcüməçisi kimi iştirakımla məhbuslar və şahidlər yenidən dindirildi.

Məhbusların böyük əksəriyyəti azad edildi. Hadisənin cəmi üç iştirakçısı hərbi səhra məhkəməsinin on beş dəqiqə davam edən iclasından və hökm oxunandan sonra qədim Şəmkir qalası yaxınlığında güllələndi". Q.Xəlilov ürək ağrısı ilə danışır, hərdən dəsmalla göz yaşlarını silib söhbətini davam etdirirdi: "Əsgərlər imdad diləyən məhbusları amansızcasına güllələyirdilər. Elə bilirdim ki, atılan güllələr mənim ürəyimə dəyir. Bakıya qayıdarkən hava soyuq və yağışlı idi. Ucaboy, ağsaç bir kəndli mən maşına minərkən məni yola salan camaatın içindən çıxıb uca səslə dedi: "Allah sənə yüz il ömür versin, ay oğul!"

 

Moskvada erməni fitnələri ilə üz-üzə

 

Qurban Xəlilov deyirdi ki, Moskvada, SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini vəzifəsində işləyərkən kommunist cildinə girmiş erməni millətçiləri dəfələrlə dövlət rəhbərliyi qarşısında Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi barədə məsələ qaldırırdılar. "Mən bu kimi fitnəkar təklifləri qətiyyətlə rədd edir, bu təkliflərin arxasında erməni və Azərbaycan xalqları arasında qanlı toqquşmalar törətmək, SSRİ kimi çoxmillətli dövləti parçalayıb dağıtmaq niyyətlərinin durduğunu Mixail Qorbaçova izah edirdim. Hətta ən ermənipərəst rəhbərlər də mənim belə bir fikrimlə razılaşmağa məcbur olurdular ki, xalqlara sülh, əmin-amanlıq və xoşbəxtlik lazımdır. Buna isə düşmənçilik və ərazi iddiaları ilə deyil, dostluq və əməkdaşlıq yolu ilə nail olmaq olar".

Birgə çalışdıqları illərdə ümummilli liderimiz Heydər Əliyevlə arada səmimi münasibətləri yaranmışdı. Hər il ad günündə və Novuz bayramında prezidentimiz dövlət telefonu ilə ona zəng vurar, hal-əhval tutar, təbrik edərdi. Sonuncu dəfə 94 yaşlı el ağsaqqalını 2000-ci il martın 17-də Bahar bayramı münasibəti ilə təbrik etmişdi.

Qurban Xəlilov bütün varlığı ilə vətənpərvər bir insan idi. Onun qəlbi xalqımıza və vətənimiz Azərbaycana sonsuz məhəbbət hissi ilə döyünürdü. Həmişə deyərdi ki, çox yaşamağımın sirri ondadır ki, mən ömrüm boyu həyatda halal zəhmətimlə alnıaçıq, üzüağ yaşamışam, həyatımın mənasını xalqıma xidmət etməkdə görmüşəm.

 

 

VAQİF Əsədov

Ayna.-2010.-13 mart.-S.18.