Şıxlinskilər saytı fəaliyyətə başlayır

 

Saytda geniş materiallar yerləşdirilib

 

Bilinən tarixi təxminən XIV-XV əsrlərə dayanan Şıxlinskilər soyu öz dəyərli şəxsiyyətləri ilə ölkə tarixində silinməz izlər qoymuşdur. Soyun ən müxtəlif peşə sahələri üzrə dəyərli şəxsiyyətləri (hərbçi, ədib, alim, məmur, adamı və s.) təkcə Azərbaycanda deyil, bütün Qafqaz, Rusiya, Türkiyə İranda böyük şöhrət qazanmışlar. Yenicə fəaliyyətə başlayan www.shixlinski.az (www.shixlinski.com, www.shixlinski.info) saytı bu məqsədlərə xidmət edir:

- Soy haqqında bilgiləri sistemləşdirmək və vahid məlumat bazası yaratmaq;

- Soyun mənsub olduğu bölgənin qısa tarixçəsini işıqlandırmaq;

- Ən müxtəlif sahələrdə parlamış görkəmli Şıxlinskilərin ömür yollarına işıq salmaq, hər birinin ayrıca tərcümeyi-halını hazırlamaqla yanaşı, onlara aid foto, audio-video və yazılı materialları toplayaraq təqdim etmək;

- Tanınmış Şıxlinskilər tərəfindən tarixləşdirilən, yaxud onların ömür yollarına həsr olunmuş bədii və sənədli filmləri, səsli və görüntülü kadrları, ədəbi-bədii və elmi-publisistik əsərləri, xatirə-memuar və tədqiqatları, rəssamlıq və heykəltəraşlıq kimi əsərlərini, eləcə də digər sahələrə dair maddi-mənəvi irs örnəklərini toplamaq, sistemləşdirmək və xüsusi elektron kataloq halında təqdim etmək;

- Soyun tarixinə, ayrı-ayrı şəxsiyyətlərinin ömür yoluna, eləcə də Şıxlinskilərlə bağlı olan hərbi, ədəbi-bədii, elmi-pedaqoji, ictimai-siyasi, mədəni-mənəvi, diaspor-milli proseslərə dair məlumatları daim yenilənən xəbər halında çatdırmaq;

- Azərbaycanın fərqli bölgələrində yurd salmış, eləcə də diasporumuzun önəmli təşkilatçılarından olan Şıxıoğullarının bir-birləri ilə ünsiyyətində körpü olmaq, ayrı-ayrı qollar arasındakı qohumluq-əqrəbalıq bağlarının daha da möhkəmlənməsinə yardım etmək, tarixin hansısa dönəmində öz soydaşları ilə əlaqələrini itirməyə məcbur olmuş Şıxlinskilər və onların övladlarının yenidən bir araya gəlməsi üçün imkan yaratmaq, ümumilikdə yaşlı və yeni nəslin təmsilçilərinin bir-birlərindən xəbər tutmalarını asanlaşdırmaq.

www.shixlinski.az saytı öz vəzifəsini uğurla həyata keçirə bilmək üçün bütün soy mənsublarının, eləcə də Şıxlinski nəslinə ehtiramı olan hər bir vətəndaşın yardımına ehtiyac duyur. İşin daha da dolğunlaşması və daim yenilənməsi üçün hər kəsdən mənəvi dəstək, ayrıca Şıxlinskilərə aid əlinizdə olan arxiv materialları, tarixi sənədlər, xatirələr, fotoşəkillər, audio-video kadrlar, bədii-publisistik və elmi-pedaqoji əsərlər, dövri mətbuatda dərc olunan məqalələr, rəsm və digər incəsənət örnəkləri, tarixi və müasir olaylara dair xəbərlər, ümumilikdə bütün ilgili informasiyalarla saytı təmin etmək rica olunur.

 

 

Ayna.- 2011.- 4 iyun.- S.18.