"Teleskop"un məşqləri başlandı

      

Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin "Teleskop" tragikomediyası əsasında yeni tamaşanın məşqlərinə başlanıb. Teatrın mətbuat katibi Elçin Cəfərovun bildirdiyinə görə, quruluşçu rejissor Finlandiyada yaşayan azərbaycanlı Kamran Şahmərdandır. Tamaşaya tərtibat vermək üçün məşhur səhnə tərtibatçısı Eduard Koserqin Milli Dram Teatrına dəvət olunub. Tamaşanın geyim üzrə rəssamı Eduard Koserqinin həyat yoldaşı Anna Koserqinadır. On bir şəkildən iki epiloqdan ibarət tragikomediyanın musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Xanım Həsənovadır.

Kamran Şahmərdan uşaq yaşlarında rejissor Gülbəniz Əzimzadənin "Qaladan tapılan mücrü" filmində baş rol ifa edib. Orta təhsilini Bakıda alan Kamran Şahmərdan Stokholm İncəsənət Akademiyasını bitirib. UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyasının üzvüdür. Finlandiyada 1999-cu ildən yaşayır. Rusiyanın xalq rəssamı, Rusiya İncəsənət Akademiyasının həqiqi üzvü, dövlət mükafatları laureatı olan Eduard Koçerqin Rusiya, Finlandiya, Yuqoslaviya, Polşa, Macarıstan, Fransa, Almaniya, ABŞ, Kanada və Yaponiyanın müxtəlif teatrlarında 200-ə yaxın tamaşaya tərtibat verib.

 

 

Ayna.- 2011.- 5 mart.- S.20.