Aygün Səmədzadə: Müğənniləri tərifləməkdən qorxuram"

 

Çünki bəzən nəticəsi yaxşı olmur

Bəstəkar Aygün Səmədzadənin Milli.Az xəbər portalına müsahibəsində diqqəti çəkən məqamlar az deyil. Bu fikirdədir ki, Tanrı insanı xəlq edəndə ona möcüzə yaratmaq qüdrəti də verib. Bəzən insan öz möcüzəsi - yaratdıqları ilə Tanrı dərgahına yüksələ bilir. Belə insanlara həmişə "Tanrının sevimli bəndəsi" deyiblər. Aygün Səmədzadənin bəstələdiyi ürəyəyatımlı musiqini dinlədikdə onun bu kateqoriyadan olduğu qənaətə gəlmək o qədər də çətin olmur. Aygün xanım ilk baxışdan adamda özündənrazı insan təəssüratı yaradır. Amma onunla ünsiyyətdə olanlar necə mehriban və səmimi olduğunu yaxşı bilirlər. Aygün Səmədzadə (1967) akademik Ziyad Səmədzadənin ailəsində dünyaya göz açıb. 1974-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olan Aygün 1985-ci ildə qızıl medalla məzun olub. Elə həmin ildə də Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsinə daxil olub. Oxuduğu müddətdə "Üzeyir Hacıbəyov təqaüdü" alıb.

1990-cı ildə konservatoriyanı fərqlənmə diplomu ilə bitirən Aygün Səmədzadə elə o vaxtdan musiqi tarixi kafedrasında müəllimlik edir. Türk bəstəkarı Əhməd Adnan Sayqunun yaradıcılığına həsr olunan bir elmi monoqrafiyanın və 20-yə yaxın elmi məqalənin müəllifidir. Bəstəkar kimi musiqiyə 1996-cı ildə Flora Kərimovanın ifa etdiyi "Ruhumuz qovuşacaq" mahnısı ilə gəlib. Buna baxmayaraq qısa zamanda musiqisevərlərin rəğbətini qazanıb. 2000-ci ilin "Yaxşıların yaxşısı" müsabiqəsində onun "Məktəb illəri" mahnısı "ilin bəstəkarı" nominasiyasında qələbə qazandırıb. 2002-ci il isə A.Səmədzadə üçün daha uğurlu olub. Belə ki, bu ilin fevralında keçirilən "Nəğmələrin nəğməsi" müsabiqəsində onun 2001-ci ildə bəstələdiyi "Tut ağacım" mahnısı "Qran-Pri"yə, "Bu dünyanı nağıl bilək" mahnısı birinci, "Yağış" mahnısı isə ikinci yerə layiq görülüb.

- Aygün xanım, siz konservatoriyanı 1990-cı ildə bitirmisiniz. Amma ilk dəfə 1996-cı ildə "Ruhumuz qovuşacaq" mahnısı ilə üzə çıxdınız. Niyə belə gec?

- Buna gec demək düzgün olmaz. Yəni aradakı 6 ili boş yerə sərf etmədim. Biliyimi artırmaqla məşğul olmuşam. Və nəhayət, ürəyimin istəyini üzə çıxarmışam. Mənə elə gəlir ki, yaradıcı insan üçün bu müddət elə də gec deyil. Aldığım biliyiilk və ən çox sevdiyim "Ruhumuz qovuşacaq" adlı mahnımla ortaya qoymuşam. Buna qədər bir sıra kiçik pyeslər yazmışam. İlk mahnımı isə Bülbül adına Musiqi Məktəbinin 10-cu sinfində oxuyanda Cəfər Cabbarlının "Dan ulduzu" şeirinə bəstələmişəm.

- "Tut ağacım" mahnısını dinləyərkən onun xüsusi ovqatla yazıldığını düşünürsən...

- Ola bilər. Amma mənim mahnılarım var ki, onları "Tut ağacım"dan fərqləndirə bilmərəm. Bunların arasında "Məktəb illəri", "Bu dünyanı nağıl bilək", "Yağış", "Ruhumuz qovuşacaq", "Gözüm səni axtarır", "Sevgi deyilmiş", "Var ol, əzizim" və s. var. Eləsi var ki, "Tut ağacım"dan əvvəl bəstələmişdim, lakin "Tut ağacım" və "Məktəb illəri"ndən sonra dinləyici artıq bildi ki, Aygün Səmədzadə kimdir. Əgər mahnı qəlblərə yol tapa bilirsə, deməli, bu mahnı elə-belə yaranmır. Çox vaxt insanı sevindirən və yaxud ürəyini ağrıdan hadisələr mahnıya çevrilir. Bu mahnı da belə yaranıb.

- Böyük bir əsər yazmaq fikriniz varmı?

- Belə bir əsər yazmaq fikrim var. Bunun üçün yaxşı hazırlaşmaq lazımdır. Hər hansı bir böyük əsəri yalnız yazmaq xatirinə yazmaq doğru deyil. Yazırsansa, tarixə düşəcək bir əsər yaratmalısan. Mahnını model kimi hər bəstəkar yaza bilər, yəni mahnı subyektiv janrdır. Onu da deyim ki, böyük əsərlər yazan bir çox bəstəkarlar heç də mahnının öhdəsindən gələ bilmirlər. Çünki kiçik bir mahnıda böyük bir mövzunu əhatə eləməlisən. Çox vaxt deyirlər ki, mahnı asandır, hamı yaza bilər. Hamı mahnı yaza bilməz və yaxud mahnı bəstələyən adam əvvəlcədən onun bəstəsinin dinləyici tərəfindən necə qəbul olunacağını deyə bilməz. Bu gün çoxları mahnı bəstələyir. Bütün mahnıya bənzər ünsürləri də mahnı adlandırmaq olmaz.

- Mahnılarınızın əksəriyyəti dinləyicidə əsasən uşaqlıq illərinin nostaljisini yaradır. Bu nədən irəli gəlir? Yəni o illərdən doymaq olmur?

- Uşaqlıq illərinə qayıtmaq mümkün olmadığına görə hamıda nostalgiya yaradır. Mənim və mənim yaşıdlarımın, yəni 1980-ci illərin uşaqlığı hər bir mənada çox gözəl keçib. Bizim dövrün uşaqları gələcəyə böyük inamla baxırdılar. Çox saf və təmiz bir nəslin övladlarıydıq. Həyatı çətinləşdirən problemlər hələ bizim üçün yad idi. Yəni 1990-cı illərə qədər uşaqlar, doğrudan da, başqa cür fikirləşirdilər. O vaxtlar hamı dərsə və yaxud dərnəklərə gedirdi. İndiki uşaqlarla həmin dövrün uşaqlarını müqayisə edə bilmirəm. Hətta uşaqlarımı da öz uşaqlığımla müqayisə edəndə məni təəccüb bürüyür. İndi düşüncə tərzi dəyişib, maddiyyat ön plana keçib. Mənəvi dünyaya varmaq həvəsi azalıb. Mən öz tələbələrimə diqqət yetirəndə fikirləşirəm ki, o dövrün gəncləri çox mütaliə etdiklərinə görə bir az romantik olurdular. Mənim mahnılarım da illər boyu oxuduğum kitablardan gələn hisslərin təcəssümüdür.

- O illərdə hansı ifaçının sizin mahnıları oxuduğunu xəyala gətirirdiniz?

- Pərəstişkarı olduğumuz müğənnilər vardı. Bu gün çox az yeniyetmə tapılar ki, muğama qulaq assın. Amma mən o vaxt Hacıbaba Hüseynov, Rübabə Muradova, Vaqif Mustafazadənin lent yazılarına çox qulaq asırdım. Məsələn, Vaqif Mustafazadənin "Bakı gecələri"ni eynilə onun özü kimi fortepianoda çala bilirəm. Mahnılarımı Akif İslamzadənin oxumasını arzulamışam. Onu da qeyd edim ki, nəyi arzulamışamsa, ona da çatmışam. Və möcüzə baş verəcəyinə - Akif İslamzadənin mənim mahnılarımı oxuyacağına inanıram.

- Ermənilər də sizin "Məktəb illəri" mahnısını oxuyurlar...

- Doğrudan da, ermənilərin mənim mahnımı öz adlarına çıxıb oxuması mənə ağır zərbəydi. Amma digər tərəfdən fikirləşirəm ki, gör mahnımın nə qədər qüdrəti var ki, onlar da oxudu. Buna görə mənim bir bəstəkar kimi özümə inamım artır. Ancaq müəllif hüquqlarımın qorunmasında sonadək mübarizə aparacağam. Bu, çox çətin məsələdir. Yəni onlarla müharibə vəziyyətində olan qarşı tərəf olduğumuza görə heç bir əlaqəmiz yoxdur.

- Son illər səsi olmayan "müğənni"lərin sayı artıb. Belələrinin ortaya çıxmasına bəzən gözəl bir mahnı səbəb olur. Sizcə, bayağılığın meydan sulamasında peşəkar bəstəkarların təqsiri nə dərəcədədir?

- Əlbəttə, özünə hörmət eləyən bəstəkar səsi, sənəti olmayan ifaçı ilə işləmək istəməz. Mahnı nə qədər gözəl, ürəyəyatımlı olsa da, səsi olmayan müğənni o mahnını sevdirə bilməz. Zahiri effektlər hesabına üzə çıxsa da, çox irəli gedə bilməz. Mən şəxsən istedada və səviyyəyə baxıram. Hərdən səhv etdiyim vaxtlar da olur.

- Kimlərlə işləyirsiniz kimlərlə işləmək sizə rahatdır?

- Əvvəlcədən kimlərlə işləmişəmsə, elə onlarla da işləyirəm. Amma ad çəkməyəcəyəm. Çünki müğənniləri tərifləməkdən qorxuram. Bəzən nəticəsi yaxşı olmur.

 

 

Ayna.- 2011.- 1 oktyabr.- S.20.