Mən də uşaq olmuşam...

 

Aşıq Ədalət sazı ilə "ölüncə qardaşam" deyir

 

Bəzən bizə elə gəlir ki, məşhur adamlar, tanınmış şəxsiyyətlər heç uşaq olmayıblar. Onları həmişə şöhrətli anlarından tanıyıb, sevmişik. Amma onların bu yerlərə gələnəcən keçdikləri enişli-yoxuşlu yolları bilmirik. Ancaq onlar da nə vaxtsa uşaq olublar, ayaq açıb yeriyiblər, dil açıb danışıblar, məktəbli olublar. Aralarında dəcəlləri də olub, sakit, sözəbaxanları da. Elələri var ki, firavan uşaqlıq həyatları olub, bəzilərininsə həyatları kiçik yaşlarından ağır olub, körpəliklərindən həyatın çətin, amansız üzünü görüblər.

...İndi şöhrətin lap zirvəsində olsa da, çox məhrumiyyətlər görüb, aclıq, kasıblıq, imkansızlıqla keçən uşaqlıq həyatı yaşayıb. Ustad aşıq Ədalət Nəsibovla o illəri xatırlamağa çalışdıq.

- Ustad, dönüb ötənlərə baxmağa vaxtınız olur yəqin...

- Sən soruş ki, ötənləri heç unudursanmı? Bir ağ gün, bir də qara gün heç vaxt unudulmur. Mənim də ömrüm ağlı-qaralı günlərlə doludu. Elə ki, sazı götürüb başlayıram kökləməyə - gördüyüm ağır həyat, yaşadığım çətinliklər gəlib kino lenti kimi keçir gözümün önündən. Başlayıram "Qarabala"nı qucaqlayıb dərdimi söyləməyə. Danışıram, dərdləşirəm, beləcə könlümü ovuduram.

Ağrı var ki, acısını bütün ömrü boyu unuda bilmirsən və bunu deyərkən onu da düşünürəm ki, Allah bəndələrini belə ağrılardan uzaq tutsun. O da var ki, biz yazılan qədəri yaşayırıq, - bu bizlik deyil.

 

Arxasıza hünər də laldı,

Yalqızın köməyi Allaha qaldı.

Qarğa qarıldadı, mükafat aldı.

Biçarə bülbülə söz verilmədi.

 

Mən həyatda nə qazanmışam zillətnən, əziyyətnən qazanmışam. Kimim-kimsənəm Allahım olub, bir də bu qara sazım. Onların köməyi, özümün əziyyətimlə gəlib bu yerlərə çıxmışam. Bu sazın taleyi də mənimkinə oxşayır.

Onu babalarımız qarda-boranda, at üstündə köçhaköçdə, ildırımlar çaxanda, şimşəklər şaqqıldayanda, müsibətli vaxtlarda çalıblar. Ən ağır vaxtlarında dərd sirdaşı, qəm yoldaşı olub saz. Elə bəlkə də buna görə bir-birimizə möhkəm bağlanmışıq, sirdaş, dərddaş olmuşuq. Ona dediklərimi, onnan bölüşdüklərimi heç kimlə danışa, bölüşə bilmərəm.

- Başınıza saz sevdası nə vaxt gəldi, başqa sözlə desək, necə oldu saza aşiq oldunuz, eşqiniz dillərə düşdü, cəmi Turana dastan oldu.

- 5 yaşımda başladım gizlin-gizlin ona tərəf boylanmağa. Bizə çoxlu aşıqlar gəlirdilər. Sazlarını bəzi vaxt qoyub gedirdilər. Mən də götürüb başlayırdım asta-asta dınqıldatmağa. Beləcə başladı dostluğumuz. Atam gördü ki, çox həvəsliyəm, başladı öyrətməyə məni. Elə ki, bir yerdə səhv eləyirdim, barmaqlarıma elə vururdu ki, göynərtisindən gözlərim yaşarırdı. İndi də hərdən "cezv" olanda o göynərtini barmaqlarımda hiss eləyirəm.

- İllər ötdü, keçdi. Bu yaşama, bu yaşananlara hansı hava daha yaxşı sığal çəkə bilir?

 

Yetirin dərdimi naşı təbibə,

Deyin ki, dərmanım düz verilmədi.

Sərraflar əlindən düşməyən zərə

Misgər bazarında üz verilmədi.

 

Ən qəmgin vaxtımda, kefim olmayanda sazı götürüb "Dilqəmi" çalıram. "Dilqəmi" müsibətdi. "Yanıq Kərəmi" kədərli olsa da, ümidsizlik, ruh düşgünlüyü deyil. Arxasınca keçirəm "Hicran Kərəmi"yə. Bu dəhşətdi, dəhşətlidi. Əsli ki, aşiqinin məhəbbətini başa düşmür, Kərəmin əsəbləri sarı simə dönür. Ustadlar deyirlər ki, eşqin şiddətindən Kərəmin ağzından alov çıxır. Bir yandan el qınağı, bir yandan ata-anadan, eldən-obadan ayrı düşməyin kədəri. Bax, o anda qoşuluram mən də Kərəmə, dərd yoldaşı, qəm sirdaşı oluram onunla, mən də yanıram, yaşadıqlarımı, yaşantılarımı yada salıb yanıram, tüstüm təpəmdən çıxır, yana-yana, yandıra-yandıra çalıram. Adam suya, dəryaya düşəndə neynir? Çarpışır, əl-qol atır, töyşüyür, özünü bəladan xilas etməyə çalışır. Mən də eləcə... Bax beləcə sığal çəkir dərdlərimə "Hicran Kərəmi". Havalar söz yox ki, insan sevincindən, insan kədərindən yaranıb. "Dilqəmi" çalanda çox kövrəlirəm. Özümdə odlu-alovlu danışdığıma baxma, çox sakit və kövrək adamam. Uşaqlaşanda, uşaqlıq illərimi yada salanda "Yanıq Kərəmi", "Bəhməni", "Hicran Kərəmi" çalıram. Ürəyimi boşaldır, könlümü ovundururam.

- Aşiq olduğunuz, eşqinə düşdüyünüz, sizin sözünüznən desək, sizi "cezv" eliyən sazla xoşbəxt oldunuzmu? Xoşbəxt edə bildimi "Qarabala" sizi?

- Mən kimiydim ki? Hər dəfə sazı götürəndə sığallayıram, əzizləyirəm, deyirəm ki, canım Allahıma və sənə fəda olsun, a qara sazım. Heç vaxt unutdurma mənə bir qarnı ac, bir qarnı tox olduğum, ayaqyalın-başaçıq keçirdiyim günləri. Kitabsız, dəftərsiz məktəbə getdiyim, qayıdanda o quru çörəyi necə ləzzətlə yediyim günlər də mənim yaşantımdı, qoyma unudum. Özümdən böyüklər bir yana, kiçiklərdən qorxduğum, çəkindiyim günlər də mənim həyatımdandı. Unutma, unutdurma. Elə ki, sənnən rastlaşdım, dostlaşdım, sirdaş, qardaş oldum, dirçəldim, cibim pul tapdı, əynim geyim, qarnım çörək. Ömrüm şam kimi əridi, yandım, inlədim, çırpındım, amma əyilmədim, büdrədim, yıxılmadım, ayaqda qaldım. Sənin sayəndə qaldım. Bağlı qapılar açıldı üzümə, sərvət, hörmət, şöhrət qazandım.

Ölüncə qardaşam, can yoldaşıyam sənnən. Dar günümün də, gen günümün də sahibi sənsən. Çalaq, yanaq, yandıraq, yaşayaq, yaşadaq...

 

Çal ey Kərəmilər naləsi, ahı

Çal ey sənətimin Şopeni, Baxı

Çal ey sənətimin sənət Allahı

Neçə ki, dünyada Azərbaycan var.

Xalqımın köksündə tutmusan qərar.

 

Belə bitirdik söhbətimizi ustad sənətkarla. Aşığın ömür-gün yoldaşı bu şirin söhbəti elə şirinliklə də bitirmək üçün ustadın, elə mənim də çox sevdiyim (mövsümündən asılı olmayaraq), bütün Qazax elinin şah yeməyi olan xəngəl hazırlığına başlamaq istəyir. Tünzalə xanımı yayın bu qızmar günündə cəfaya salmaq istəmirəm. Bu qonaqlığı sərin havalarda, ustadın öz evində, öz ocağında hazırlamağı arzulayıb, ayrılıram.

 

 

Bəturə NƏBİYEVA   

 

Ayna.- 2012.- 28 iyul.- S.20.