Polad Bülbüloğlu ifa etdiyi xalq mahnılarının simfonik variantı üzərində işləyir

 

Bəstəkarın baleti ölkələr gəzir

Rusiyanın Yekaterinburq şəhərinin Dövlət Opera Balet Teatrında Azərbaycanın bu ölkədəki səfiri bəstəkar Polad Bülbüloğlunun "Sevgi ölüm" baleti səhnələşdirilib. Fikirlərini yerli rus mətbuatı ilə bölüşən Polad Bülbüloğlu bu faktı təkcə öz yaradıcılıq həyatında deyil, Azərbaycan-Rusiya münasibətlərində böyük hadisə kimi qiymətləndirir: "İtalyan maestro Fabio Mastranjelo tərəfindən idarə olunan orkestrin Azərbaycan musiqisinin bütün vacib elementlərini, mürəkkəb ritmik partituranı dəqiqliklə ifa etməsi məni xüsusilə heyrətləndirdi". Diplomat quruluşçu xoreoqraf Nadejda Malıginaya da təşəkkür edib. N.Malıgina, F.Mastranjelo, teatrın direktoru Andrey Şişkin çıxışlarında Polad Bülbüloğlunun musiqisini yüksək qiymətləndiriblər.

Azərbaycanın Rusiya səfiri baletin bundan sonra hansı şəhərlərdə və ölkələrdə səhnəyə qoyulacağını söyləməkdə çətinlik çəkib. O bildirib ki, ilk növbədə Yekaterinburq teatrının Azərbaycana səfərini təşkil etmək və onları azərbaycanlı həmkarları ilə tanış etmək istəyir. Yaradıcılıq planlarına toxunan Polad Bülbüloğlu deyib ki, vaxt məhdudiyyətinə baxmayaraq hazırda əvvəllər ifa etdiyi xalq mahnılarının simfonik variantı üzərində işləyir.

 

 

Z.RÜSTƏM

 

Ayna.-2009.-4 iyul.-S.21.