Aktyorların yaradıcılığı elektron layihədə əksini tapacaq

 

Həmidə Ömərova belə bir sayt yaradır

Aktyorların yaradıcılığından bəhs edən portal hazırlanır. Bu işin təşəbbüskarı xalq artisti Həmidə Ömərovadır. Aktrisanın məlumatına görə, sayt Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının verdiyi qrant hesabına ərsəyə gətirilir.

Həmidə xanımın dediyinə görə, bu elektron layihədə əsas məqsəd Azərbaycan kinosuna xidmət etməkdir. Eyni zamanda, aktrisa yerli aktyorların ictimaiyyət arasında geniş tanınmasında, onların haqqında hər hansı bir xəbərin yayılmasında bu portalın geniş imkanlar açacağına inanır: "Bir neçə gün əvvəl portalın ilk hazırlıq işləri görülüb. Portala bədii tərtibat verməzdən əvvəl orada toplanmalı olan materialları əldə etməkdir. Bu məqsədlə bir neçə əməkdaş bölgələri gəzir və orada fəaliyyət göstərən aktyor və aktrisaların bioqrafiyaları, fotoları və portal üçün tələb olan bütün informasiyaları əldə edir. Digər əməkdaşlar isə Bakı şəhərində fəaliyyət göstərən teatrlara baş çəkirlər".

Həmidə xanımın bildirdiyinə görə, bu proses bitdikdən sonra işin digər mərhələsi - əlifba sırası ilə adların siyahılaşdırılması başlanacaq. Həmidə Ömərova vacib bir məsələyə də toxundu. Söylədi ki, zaman keçdikcə bir sıra aktyorların adları mədəniyyət tarixindən silinməyə başlayır. Bu isə onlar barədə informasiya qıtlığından irəli gəlir: "Problemi nəzərə alıb siyahıya dünyasını dəyişən bir çox aktyorların adlarını əlavə etmişik. Onlar haqqında hər hansı bilgi toplamaq bir o qədər asan deyil. Amma bütün imkanlarımızı səfərbər edib işin öhdəsindən gəlməyə çalışırıq. Onu da qeyd edim ki, portalda aktyorların səhnədə və adi həyatda çəkilmiş fotoları ilə yanaşı, xüsusi fotoqraf tərəfindən lentə alınan yeni fotoları əksini tapacaq. Eyni zamanda, səhnə adamları ilə ayrıca müsahibələr aparılır ki, bu da onlar haqqında bölməyə rəngarənglik qatacaq".

Portala xidmət edən əməkdaşlar bu günlərdə Gəncəyə və Lənkərana göndəriləcək. Aktrisa bölgə səfərlərinə gələn ayın sonuna kimi yekun vurulacağına ümid edir. Sayt iki dildə - Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək. Həmidə Ömərova hesab edir ki, bu hal onların geniş miqyasda tanınmasına kömək olacaq.

 

 

Z.RÜSTƏM

 

Ayna.-2009.-4 iyul.-S.21.