Lalə Məmmədova: "Mən mahnılarımı tək deyil, yoldaşım - məsləhətçimlə seçirəm"

 

"O mənim mahnılarımın ilk dinləyicisidir. Amma deyim ki, son söz hər zaman mənim olur, axı mahnıları mən ifa edirəm"

Sənətçi Lalə Məmmədova sərin Skandinaviya ölkəsi Norveçdən təzəlikcə isti Bakıya dönüb. Onun Norveç, Oslo təəssüratları özlüyündə maraqlı idi. Söhbətimiz onun yaradıcı həyatının detalları üzərinə yönəldi:

- Norveçdən yeni qayıtmısınız, səfəriniz necə keçdi?

- Bildiyiniz kimi, mənə Azərbaycan və Norveç Gənclər Təşkilatı tərəfindən təklif gəlmişdi. Norveçin Oslo şəhərində Azərbaycan ifaçılarının ilk dəfə olaraq konsert proqramı baş tutdu. Siz təsəvvürə belə gətirə bilməzsiniz ki, orada yaşayan həmvətənlərimiz musiqimiz üçün necə darıxıb. Mənimlə birlikdə Rəşad İlyasov, muğam üçlüyü Sahib Paşazadə, Toğrul Əsədullayev və Elməddin İbrahimov da bu səfərdə iştirak edirdilər. Norveçdə təhsil alan tələbələrimizin mənim mahnılarımı əzbərdən bildiklərini görəndə çox gözəl hisslər yaşadım. Əlbəttə, mənə çox xoşdur ki, dünyanın o başında, Oslo şəhərində mənim mahnılarımı dinləyirlər. Fəxr edirəm ki, hökumətimiz savadlı gənclərin dünyanın ən öndə gedən təhsil ocaqlarında oxuya bilməsi üçün gözəl şərait yaradıb.

- Siz müğənni kimi deyil, savadlı bir müəllimə kimi danışırsınız. Necə oldu ki, bu cür vokal imkanları ilə Xarici Dillər Universitetinə daxil oldunuz?

- Dillərə mənim həmişə marağım olub. Necə deyərlər, biri o birisinə mane olmur. Bu ali təhsil ocağını bitirən kimi Milli Konservatoriyaya daxil oldum "xanəndəlik" sinfini bitirdim. Hazırda Milli Konservatoriyada ingilis dilindən dərs deyirəm.

- Müğənni olduğunuz üçün kimə borclusunuz?

- İlk öncə atama. O uzun müddət mənə bu sənətdən vaz keçməyi təklif etsə , sonda mənə dəstək oldu. Müğənni olmağıma görə, əlbəttə, öz müəllimim Siyavuş Kərimiyə çox minnətdaram.

- Bir neçə il öncə öz toyunuzda verdiyiniz qısa müsahibədə belə bir ifadə işlətmişdiniz: "Mən öz yarımı gələcək prodüserimi tapmışam".Doğrudan da, sizin ailə həyatınız yaradıcılığınıza çox müsbət təsir göstərdi. Yoldaşınız sizi hər yerdə müşayiət edir sizin layihələrinizin sponsorluğu ilə məşğul olur. Maraqlıdır, evlilikdən sonra oxumağınız üçün həyat yoldaşınızın razılığını necə aldınız?

- Sualınıza dəqiq olaraq necə cavab verəcəyimi heç bilmirəm. Təkcə onu söyləyə bilərəm ki, mən öz yarımı tapdım biz, həqiqətən , qəlbən bir-birimizə çox yaxınıq. O, evliliyimizdən sonra öz fikrini dəyişə məni dəstəkləməyə, oxumağıma icazə verməyə bilərdi. Mən isə səhnəyə görə ailəmi dağıtmazdım. Hər insanın həyatda öz prinsipləri istəkləri var. Subaylara isə məsləhətim odur ki, tələsməsinlər. Nikah haqqında yetkinlik dövründə fikirləşmək lazımdır. Gənclərimizin bir çoxu ailə həyatını 17-18 yaşında qurur həmin ailənin təməli çox vaxt heç möhkəm olmur.

- Lalə Məmmədova həmkar dostları haqqında söyləyə bilər?

- Mənim incəsənət sahəsində bir çox həmkar dostlarım var mən yoldaşımla birgə onlarla ailəvi dostuq. Məsələn, əsl Azərbaycan xanımları hesab etdiyim Samirə Tünzalənin, həmçinin Elman Rəfiyevin Rahib Azərinin ailəsi ilə.

- Elə bir hadisə baş veribmi ki, sizi qalmaqala çəkməyə çalışıblar? Olubsa, siz bu vəziyyətdən necə çıxmısınız?

- Bu cür hallar çox olub. Bəzən elə olub ki, məni hətta çox ciddi qalmaqallara da çəkmək istəyiblər. Amma mən, sadəcə olaraq, buna əhəmiyyət verməmişəm və hər şey zamanla ötüşüb gedib.

- Deyirlər ki, yaxşı aktyor üçün pis rol yoxdur, bəs ifaçılar üçün? Mahnılarınızı hansı meyarlar üzrə seçirsiniz?

- Mən mahnılarımı tək deyil, yoldaşım - məsləhətçimlə seçirəm. O mənim mahnılarımın ilk dinləyicisidir. Amma deyim ki, son söz hər zaman mənim olur, axı mahnıları mən ifa edirəm. Mən repertuarda janr müxtəlifliyinə üstünlük verirəm. Bildiyiniz kimi, repertuarımda müxtəlif istiqamətli və janrlı mahnılar var.

- Repertuarınızda elə mahnı varmı ki, onu öz həyatınıza aid edir və onun məhz sizin üçün yazıldığını düşünürsünüz?

- Bəli, məhz mənim üçün yazılan bir neçə mahnı var. Mən mahnının mətninə çox ciddi yanaşıram. Hərdən həyat yoldaşıma deyirəm: "Bu mahnıda hər şey səndən bəhs edir, mən onu sənin üçün ifa edirəm!" Mənim üçün yazılan mahnılar siyahısına, Vüqar Camalzadənin mənə yazdığı "Ulduz" mahnısını da aid etmək olar. Bu mahnı ilə mən 2004-cü ildə "Asiyanın səsi" adlı beynəlxalq müsabiqədə iştirak etmişəm. İfamdan sonra jurnalistlərin mənə dediklərini heç bir zaman unutmaram. Onlar mənə: "Bir çox Qafqaz ifaçılarından fərqli olaraq mahnını öz dilinizdə oxumanıza baxmayaraq ifanız sayəsində mahnını tam anlaya bildik" söylədilər. Bu yarışmada Nursultan Nazarbayev məni "Milli ənənələrə qarşı gözəl münasibət" adlı diplomla təltif etdi.

- Yaradıcılıq planlarınızdan danışardınız.

- Payız aylarında xarici ölkələrdən birində konsert verməyi planlaşdırıram. Amma ölkənin adını hələ ki açıqlamaq istəmirəm.

 

 

Sevinc ISMAYIL

 

Ayna.-2009.-4 iyul.-S.19.