“Bakı gecələri” II estrada müsabiqəsi başlayır

 

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən "Bakı gecələri" II estrada mahnı müsabiqəsinin seçmə turuna start verilir. Mədəniyyət və Turizm İdarəsi bildirir ki, müsabiqədə 2009-cu ildə yazılmış musiqi nömrələrini təqdim etməklə 20 yaşından yuxarı hər bir peşəkar mahnı ifaçısı iştirak edə bilər.

"Bakı gecələri" II estrada mahnı müsabiqəsi Azərbaycanın beynəlxalq müsabiqələrdə yüksək səviyyədə təmsil olunması, mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişafı, estrada ifaçılarının bədii-peşə hazırlıqlarının təkmilləşdirilməsi və estrada mahnı janrını inkişaf etdirmək məqsədilə keçirilir.

Xəbərdə qeyd olunur ki, mahnıların canlı ifa olunacağı bu müsabiqədə münsiflər heyəti tərəfindən 1 qran-pri və digər 8 nominasiyada diplomlar və mükafatlar müəyyən edilir. İdarənin rəhbərliyi bəstəkar və ifaçıların nəzərinə çatdırıb ki, iyulun 15-dən etibarən öz əsərlərini müsabiqənin təşkilat komitəsinə təqdim edə bilərlər.   

 

 

Ayna.-2009.-18 iyul.-S.20.