Azərbaycan simfonik musiqisi yaşayır və inkişaf edir

 

 

Bəstəkar ədalətin hər yanda bərqərar olmasını arzulayır

Bugünkü həmsöhbətim Brilliant Dadaşovanın, Zülfiyyə Xanbabayevanın, Aygün Kazımova kimi ulduzların ilk mahnılarının müəllifidir. "Hər şey gözəldir həyatda", "Hicran", "İtkin gəlin", "Qızım", "Sevəcəyəm", "Tənha qadın", "Məni daha gözləmə"... Onun mahnılarında çoxlu kədər, qəm-qüssə, həzinlik var. Cavanşir Quliyevin mahnılarını dinləyərkən insan bir neçə dəqiqəlik arzular, xəyallar dünyasına köçür və həmin aləmdən çıxmaq istəmir. Cavanşir müəllim "Fəryad", "Şirbalanın məhəbbəti", "İtkin gəlin", "Süd dişinin ağrısı", "Aşıq Qərib" kimi tamaşa, film və teleseriallara da musiqi bəstələyib.

Cavanşir Quliyev 1950-ci ildə Şəki şəhərində dünyaya göz açıb. 1968-ci ildə orta məktəblə yanaşı Şəki Musiqi Texnikumunu bitirir həmin il Azərbaycan Dövlət Konservatoriyasının tar sinifinə qəbul olunur. İki il ötəndən sonra bəstəkarlıq fakültəsinə keçir 1975-ci ildə professor Cövdət Hacıyevin sinifini bitirir.

Bədii yaradıcılığına gəldikdə, hələ tələbəlik illərində Dövlət Televiziyasında səs rejissoru kimi fəaliyyətə başlayır və bu fəaliyyət düz 17 il sürür. 1990-93-cü illərdə Azərbaycan Dövlət Konsert birliyinin bədii rəhbəri kimi çalışıb. 2003-cü ildə dosent, 2005-ci ildə isə professor pilləsinədək ucalıb. Məhz bu ildən başlayaraq bəstəkar Türkiyəyə köçür Quzey Kipr Türk Cümhuriyyətinin Yaxın Doğu Universitetində "səhnə sənəti" fakültəsində dərs deməyə başlayır. İlk sualımız:

- Hansı sənətkarların yaradıcılığı sizə daha çox ilham qaynağı idi və onlarla birgə çalışmaq sizə nəsib olubmu?

- Onlar saysızdır: Xan Şuşinski, Bülbül, Şövkət Ələkbərova, Müslüm Maqomayev, Əlibaba Məmmədov və s. Onu qeyd etmək istəyirəm ki, mən uşaqlıqdan tar alətində ifa edirəm və muğamlarımızla böyümüşəm. Məni uğurlu gələcək gözləyirdi, çünki dinlədiyim gözəl musiqilər və ifaçılar idi. Amma təəssüflər ki, onlar üçün mahnı yazmaq qismət olmadı, buna baxmayaraq mən həmin sənətkarların gəldiyi studiyada çalışırdım və onlarla tanış idim. Şövkət Ələkbərova mahnılarımı dinləyib mənə: "Bir şey yaz, ifa edim" söylədi, amma ömür vəfa etmədi.Eyni hekayət Rəşid Behbudovla təkrarlandı. Amma sizə açıq söyləyim ki, mən onlarla çalışmağı qarşıma məqsəd qoymamışdım, çünki başqa səmtdə musiqi yazırdım. Sözsüz ki, həmin istiqamətdə onlar ifa edə bilərdilər, sadəcə, istəməzdilər.

- Milli musiqi müasir bəstəkarın yaradıcılığına necə təsir edir?

- Əslində mütləq etməlidir. Çünki milli musiqinin sayəsində musiqimiz əsl Azərbaycan musiqisi olur.

- Bugünkü bəstəkarlar əsasən hansı problemlərlə rastlaşırlar?

- Həmin problemlər hər zaman eynidir. Əsasən bu öz əsərlərimizin (mahnılar daxil olmaqla) ifasıdır. Bəzən çox çətin ciddi əsərlər yaranır. Onları yazmaq üçün, sadəcə, otaq, musiqi aləti, qələm kağız lazım olur. Belə bir misal gətirim, mahnı uşaq kimidir, dünyaya gəlir, axı bu uşağı yedizdirmək, geyindirmək lazımdır. İfaçı həmin mahnının bütün ləvazimatlarını ödəməlidir.

- Bir çox ənənəvi musiqi janrlarına sanki "ölüm hökmü" çıxarılıb, misal üçün, sinfoniyalara. Onlar sanki silinib getməkdədir. Bu meyli necə izah edərdiniz?

- Sizinlə razı deyiləm. Azərbaycan simfonik musiqisi yaşayır inkişaf edir, bizim simfonik musiqi dünyanın ən gözəl səhnələrində səslənməkdədir. Azərbaycan Dövlət Filarmoniyasında hər ay simfonik orkestrin müşayiəti ilə neçə-neçə konsert olur. Sadəcə, simfonik musiqi mahnı janrına yer verir bu musiqinin xüsusi kütləsi var. Bu janr musiqini daha dərindən öyrənməyə kömək edir sözsüz ki, onun dinləyiciləri müdrik insanlardır.

- Hazırda hansı mövzu üzərində çalışırsınız

- Yeni "Tufan" baleti üzərində gedir. Bu, Alla Axundovanın mükəmməl librettosudur. Libretto Azərbaycan nağılı İncil əfsanəsini özündə birləşdirir.

- Xalq artisti Zülfiyyə Xanbabayevanın ilk "Dağlar" mahnısının müəllifi sizsiniz. Zülfiyyə xanım estradamızda ilk rok mahnısının da ifaçısıdır. "Məni daha gözləmə" mahnısının da bəstəçisi sizsiniz. Zülfiyyə xanımın ilk dəfə studiyanıza gəlməyini xatırlayırsınız?

- Brilliant Dadaşova Zülfiyyə Xanbabayeva birlikdə Mədəniyyət İncəsənət Universitetində oxuyublar o vaxtdan rəfiqədirlər. Bir gün Brilliant Zülfiyyəni studiyama gətirir özü royal arxasında əyləşir (çox gözəl ifa bacarığı var). Populyar türk mahnılarını ifa etməyə başlayır Zülfiyyə ona qatılır. Mən isə qapı arxasında dayanmışdım ürəyimdə deyirdim: "Bu qız oxuyur, özü ürəkdən". Özünə müraciət edib soruşanda ki, niyə belə səslə oxumursan, gəl bir mahnı yazaq. O, kəskin bir tərzdə: "Yox, yox, səhnə hara, mən hara?" - deyə cavab verdi. - Sadəcə, hərdən Brilliantla bu tərzdə ürəyimi boşaldıram". Evdə bizim söhbətimizi çatdırsa da, ona oxumağa icazə vermirdilər. Mən isə sözümün üstündə durdum biz "Hicran" mahnısını yazdırdıq.

- Mahnılarınızın ifaçısını özünüz seçirsiniz, yoxsa onlar sizə müraciət edir?

- Əsasən mənim mahnılarım konkret olaraq kimin üçünsə yazılır, amma istisna hallar da olur.

- Hansı mahnı sizə daha çox uğur gətirdi?

- Bu, "Azərbaycan əsgəri" marşıdır, bu marş "Fəryad" filmində səslənib.

- Arzu xoşbəxtlik... Arzular çin olanda insan xoşbəxt olur. arzu edirsiz xoşbəxtliyi nədə görürsünüz?

- Arzum şah əsərimi yaratmaqdır. Xoşbəxtlik isə ədalətdir, ədalətin hər yanda bərqərar olmasıdır.

 

Sevinc ISMAYIL

 

 

Ayna.-2009.-25 iyul.-S.19.