"SEVGİ ƏBƏDİ MÖVZUDUR"

Xanım İsmayılqızı deyir ki, kiminsə aşiq olmaq hissi yoxdursa, bu, onun problemidir

Şairə, bəstəkar, mənim üçün isə maraqlı müsahib Xanım İsmayılqızı bu günlərdə doğum gününü qeyd edib. Zövqümüzü oxşayan mahnıların müəllifi ilə müsahibəmizdə bir çox maraqlı məqamlara toxunduq.

- Əvvəla, sizi ad gününüz münasibətilə təbrik edir, sizə can sağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayırıq. İllər bir göz qırpımında keçir. Mstislav Rostropoviç demişdi ki, 60-dan 70-ə sanki cəmi bir həftə keçib...

- Günləri saymağa vaxt olur ki?! Vaxt elə gəlib keçir ki, bir görürük beş ili, on ili arxada qoymuşuq. Bəzən mənə elə gəlir ki, illər bir göz qırpımında keçir, bəzən bir günüm bir il qədər uzanır. Bu da Allahın işidir...

- Əgər əsəri oxuyanda onu kişi, yaxud qadın yazarın yazdığını təyin etmək olursa, bu, əsərin zəifliyindən xəbər verir. Azərbaycan ədəbiyyatında, xüsusən qadın yazarların əsərlərində buna daha çox rast gəlinir. Sanki qadınlar özlərini daha çox redaktə edirlər. Boğulmuş hisslərlə doludur qadın yazarların əsərləri ...

- Mən ilk şeirlərimi yazanda Ramiz Rövşənə müraciət etdim. Onun dediyi sözləri indiyədək xatırlayıram: "Yaxşı şeirlərdir, amma özünü içində redaktə eləmə". Qadınlarda kompleks var ki, onun qələmindən çıxan hər hansı bir fikir barədə ətrafdakılar nə deyərlər, necə fikirləşərlər. Ələlxüsus, sevgi mövzusu olanda... Hər kəs şairliyə sevgidən yazmaqla başlayır. Əbədi mövzudur da...

- Əbədi mövzu demişkən, yazarlar arasında belə bir fikir tez-tez səslənir ki, həyatımızda terror, uşaq həyatına qəsd və bu kimi ciddi qlobal problemlər, Afrikada acından ölən insanlar varkən, biz hələ də sevgidən yazırıq. Doğrudanmı sevgi mövzusu artıq çeynənmiş mövzudur?

- Onda sevgiyə çeynənmiş hiss deyək də. Sevgi elə bir şeydir ki, nə qədər bu həyat, gənclik, kişi-qadın, yer üzünün gözəllikləri varsa, aşiq olmamaq mümkün deyil. Əgər kiminsə içində aşiq olmaq hissi yoxdursa, bu, onun problemidir. Allah insanı istərsə on əsr əvvəl, istərsə on əsr sonra eyni duyğuları verərək yaradır. Sevgi əbədi mövzudur: olub, var, olacaq. Nə yaxşı ki var, nə yaxşı ki insanlıq itməyib, duyğular ölməyib.

- Marşal Maklüen demişdi ki, yaxın gələcəkdə dünya böyük bir kəndə çeviriləcək. Bu gün biz televiziya qarşısında oturduqda bunun şahidi oluruq. Sizcə, mədəniyyət, incəsənət, ədəbiyyat sahəsindəki bu tənəzzülün səbəbi nədir?

- İbtidai icma quruluşundan bu yana bəşər inkişaf etməkdədir. İnsan nədənsə öz kökünə qayıtmaq istəyir. İstər sənətdə olsun, istər ictimai həyatda, hətta dəbin özündə belə qayıdış var. Bilirik ki, əvvəl kənd olub, sonra böyük şəhərlər yaranıb. İndi insanlar şəhər həyatından kənd həyatına qayıtmağa can atır. Amma savad, mədəniyyət nöqteyi-nəzərindən bu, çox xoşagəlməz haldır. Bizim keçmişimiz bu günümüzdən daha mədəni olub. İnsanlar hər şeyi təminata bağlayırlar. Hisslər, duyğular kiçilib, cılızlaşıb.

- Çıxış yolu varmı? İnsanların şüurunda inqilab etmək mümkündürmü?

- Ancaq bir yolla mümkündür: ailələr, televiziya, mətbuat ancaq mənəviyyata xidmət etməlidir. İndi kitab oxumaq istəyən yoxdur. Kitaba ancaq ziyalılar meyil edirlər, onlar da azlıq təşkil edirlər. Hazırda tamaşaçıları müğənninin ifasından daha çox onunla bağlı qalmaqallar maraqlandırır. Yadıma düşür ki, biz makulatura toplayar, onu təhvil verib əvəzində maraqlı kitablar əldə edərdik.

- O dövr mənim uşaqlıq illərimə təsadüf edir. Amma eşitdiklərimə görə, hər hansı yeni nəşri almaqdan ötrü Bakıdan Moskvaya gedənlər də olub...

- Bəli. Maaşının yarısını kitaba verənlər var idi. İnsanların evinə gedərdin, bir kitab şkafı görərdin. İndi çox nadir adamların evində kitab şkafı var. Mən çox istərdim ki, yaxın keçmişimizə qayıdaq. Texnikanın inkişafı insanları kitabdan ayırıb. İndi oturub hər hansı İnternet səhifəsindən məlumat əldə etmək daha asandır.

- İnternetdən söhbət düşmüşkən, necə düşünürsünüz: o, dilimizə öz təsirini göstərib?

- Bu, dünya miqyasında baş verən prosesdir. Biz istənilən yeni terminin Azərbaycan versiyasını... (fikri yayınır - L.M.) Görürsən, versiya... Bu da əcnəbi sözdür. Dilimizə indi çox böyük diqqət ayrılır. Bu məsələdə mən çox nikbinəm. Yəqin ki, yaxın gələcəkdə belə sözlər tədricən sıradan çıxacaq.

- Sizcə, insan öz taleyini qarşılayır, yoxsa yaradır?

- İnsanın öz taleyinə hansısa təkan verməsi, onun uğurlu alınması üçün səy göstərməsi bəhrə verə bilər. Amma qismət payı deyilən bir şey var. Bilirsinizmi nə qədər yazan var?! Eləsi də var ki, çox gözəl yazır, ancaq tanınmır. Elə gözəl ifaçılar, elə rəssamlar var ki, adları xalqa bəlli deyil. Bax bu, taleyin qismətidir.

- Şam işığı xoşbəxt olur qaranlıqda, şam özünü bədbəxt edib xoşbəxt olur qaranlıqda...

- (Gülümsəyir - L.M.) Onun missiyası əriməkdir. Bu, şam həyatıdır. Hər kəs bu dünyaya bir missiya ilə gəlir. Birinə alimlik taleyi düşür, birinə fəhləlik və s. İnsan o missiyanı yerinə yetirib xoşbəxt ola bilər. Mən yazıb xoşbəxt ola bilirəm. İkinci bir missiyam da var: analıq missiyası. Üçüncü missiyam var: qadınlıq missiyası. Əsas missiyam var: vətəndaşlıq missiyası. Şamın da öz missiyası var, ağacın da, torpağın da... Ağac kölgə salır, bar verir, hətta quruyandan sonra da bizə xidmət edir, odun kimi istifadə edirik.

Bəzi insanlar var ki, ağac kimidir. Onlar öldükdən sonra da taleyimizdə iştirak edirlər. O qədər olub ki, anam, atam yuxularıma gəliblər. Onlar elə bir anımda yuxuma gəliblər ki, onların gəlişi mənə hansısa addımı atmağa böyük bir təkan verib.

- Müəllifini xatırlamadığım belə bir aforizm var: "Oğluna "mənimdir" demə, çünki o, səndən ayrı bir şəxsiyyətdir". Bu fikirlə razısınızmı?

- Övladlarımız bizdən ayrı varlıqlardır, çünki onları biz seçməmişik. Onlar bizdən tamamilə fərqlənə, hətta tam əks xarakterdə ola bilərlər. Yer üzündə seçə biləcəyimiz insanlar yalnız dostlarımızdır. Övladlarımızla, valideynlərimizlə qan qohumuyuq, dostlarımızla isə ruhən qohumuq.

- Amerikalıların qəmli zarafatları var. Məsələn, deyirlər ki, "Al sənə xırda pul! Bütün dostlarına zəng elə"... Sevincinizə, kədərinizə şərik olacaq dostlarınız varmı? Sevincə şərik olmaq asandır, yoxsa kədərə?

- Barmaqla sayılacaq qədər olsa da, var. Mən deyərdim ki, sevincə şərik olmaq kədərə şərik olmaqdan çətindir. Bizim xalqa məxsus xüsusiyyətdir ki, insanlar səninlə birgə kədərlənə bilirlər, amma çox az adam səninlə birgə sevinə bilir. Mən hər kəsə mənim dostlarım kimi dostlar arzu edirəm...

 

 

Leyla MƏTİN

 

Ayna.-2009.-2 may.-S.20.