Sevda Məmmədli: УSənətə daha çox vaxt ayırsaydım...Ф

 

Bəstəkar xanım mahnılarını yalnız peşəkarlara etibar edir

 

Hər bir insanın həyatında elə bir an gələcək ki, o, keçmişinə nəzər salıb özünə suallar verməli olacaq: "Tanrı məni yaratdı, mənə can verdi, bolluca nemət bağışladı, bəs mən - Adəm övladı, məmləkətim, insanlar üçün, bu dünya üçün nə etdim? Özümdən sonra nələri qoyub gedəcəyəm? Özümlə hansı əməllərimi aparacağam?" Budəfəki həmsöhbətimin bu sualları cavabsız qoymayacağına əminəm. Düşünürəm ki, insanın daxili aləmi onun zahiri görünüşünə böyük təsir göstərir. Həm daxilən, həm zahirən gözəl olan xanımdır. Qayğıkeş anadır, iki övlad böyüdür. Müəllimədir, tələbələri gələcəyin peşəkar musiqiçiləridir. Bəstəkardır, əsasən mahnı janrında yazır və bu gün onun bəstələrinə müğənnilər tərəfindən tələbat var. Təvazökardır, bəzən bir çox media işçiləri bu xanımın hitə çevrilmiş mahnılarının ona məxsus olduqlarını biləndə çox təəccüblənirlər. "Niyə bu mahnıları siz yazdığınızı bilmirik?" deyirlər.

Onun "Ata", "Qayıdacaqsan", "Qəlbim küsüb səndən", "Yanır ürəyim" (Brilyant Dadaşova), "Demirəm", "Getdi" (Zülfiyyə Xanbabayeva), "Necə unudum səni" (Abbas Bağırov), "Apar məni" (Samira), "Sən gəlmədin" (Rəşad İlyasov), "Üşüyürəm bənövşətək" (Elnarə), "Yar bizə qonaq gələcək" (Lalə Məmmədova) , "Yaşayır Heydər ata!" kimi ürək nəğmələrinə qulaq asdıqca insan doymur və təsəlli tapır. Onunla ünsiyyətdə olanda insan sanki dincəlir, çünki bu insan həyatın yalnız yaxşı tərəfini görür, hər zaman yüksək əhval-ruhiyyəsini başqalara ötürür. Şükür etməyi sevir, qəlbi təmizdir, ürəyi yaşamaq və yaratmaq sevdası ilə doludur. Adı da Sevdadır. "Art klub"un qonağı bəstəkar Sevda Məmmədlidir.

- Eşitdiyimə görə, bu yaxınlarda "Zirvədəkilər" adlı mükafata layiq görülmüsünüz. Ümumiyyətlə, mükafata münasibətiniz necədir?

- Düz eşitmisiniz. Mən "Peşəkar bəstəkar fəaliyyəti" adlı nominasiya üzrə almışam bu mükafatı. Sözsüz ki, mükafatlar bizi həvəsləndirir və məsuliyyət hissini artırır.

- Kimin ifasında mahnılarınızı eşitməyi arzulayırdınız?

- Yadımdadır, ilk mahnımı A.Zeynallı adına musiqi texnikumunun birinci kursunda oxuyanda, 15 yaşlı Brilyant Dadaşova üçün bəstələmişdim. O vaxt Brilyant xanım heç efirə də çıxmamışdı və Dövlət Radiomuzda onun ifasında "Nəğmələr" mahnısı səslənəndə mən o qədər heyrətləndim ki, anama deyirdim: "Ana, o nələr edir, mahnılarda necə boğazlar edir o?". Bir sözlə, Brilyant xanımın sənətinin vurğunu idim və ilk "Qayıdacaqsan" adlı mahnımı məhz onun üçün yazmışdım. Brilyant xanım biləndə ki, mən həmin ilk mahnını onun üçün 15 yaşında yazmışam, inana bilmirdi və bunu məni öz "Gözəllik dünyanı xilas edəcək" verilişinə dəvət edəndə açıqladı. İllər ötdü və biz Brilyant xanımla bir silsilə mahnılar yazdırdıq: "Ata", "Ömrümüzün bu çağında", "Qəlbim küsüb səndən", "Yanır ürəyim"...

- Sevda xanımı tanıdan və ona daha çox uğur gətirən hansı bəstəsi olub?

- Bu, 1999-cu ildə şəhərimizdə bir "partlayış" yaradan "Demirəm" mahnısı olub. Bu mahnı nəinki mənə, Zülfiyyə Xanbabayevaya, Fuad Əlişova da böyük uğur gətirdi. Bu mahnıdan əvvəl Zülfiyyə bir çox mahnılar ifa etmişdi, amma ilk klipi məhz bu mahnıya çəkildi və Fuad Əlişov da özünü bir klipmeyker kimi təsdiqlədi. Və sözsüz ki, Brilyant Dadaşova ilə işlədiyim mahnılar mənə böyük uğur gətirdi.

- "Poeziya ruhun musiqisidir". Heç şeir yazmısınızmı? Ümumiyyətlə, nəğmələrinizdə öncə şeir yaranır, yoxsa musiqi?

- Heç vaxt əlimə qələm alıb şeir yazmamışam. Amma hərdən elə olub ki, royal arxasında əyləşib mahnı bəstələyəndə özümdən asılı olmayaraq çaldıqca sözlər də yaranıb. Hətta sonradan istəmişəm ki, sözlərim dəyişilsin, amma o qədər musiqiyə oturublar ki, ehtiyac olmayıb. Misal üçün, Abbas Bağırovun "Necə unudum səni" mahnısındaki kimi. İlqar Xəyal üçün bəstələdiyim "İlahə" mahnısının da sözlərini özüm yazmışam. Mahnının yaranmasına qalınca, mən həmişə şeirdən ilhamlanıb musiqi yazıram. Şeir o qədər məni tutmalıdır ki, əsas fikri məni çox uzaqlara aparsın.

- Hər bir fəaliyyətin başlanğıcına səbəb istək olur, bəstəkarlıq fəaliyyətinə başlayanda ən böyük istəyiniz nə olub?

- Mənəvi rahatlıq tapmaq...

- Müğənnilərlə işləməkdən zövq alırsınız, yoxsa bu bir məcburiyyətə çevrilir?

- Bilirsiniz, 3-4 dəqiqəlik mahnı bəzən aylarla onun üzərində çalışmağı tələb edir. Sözsüz ki, bəziləri ilə çalışmaqdan zövq alıram, bəzilərinin əlindən isə cana gəlib hərdən istəyirəm mahnını özüm oxuyum.

- Siz Ulu Öndərimiz Heydər Əliyevə həsr etdiyiniz mahnını özünüz ifa etmisiniz və həmin kompozisiyaya klip də çəkilib, çox uğurlu da alınıb. Yenidən hansısa bəstənizi ifa etmək arzunuz varmı?

- Demək olar, məni məcbur etdilər. Artıq aranjiman hazır olandan sonra şair Mirkazım Seyidov təkid etdi ki, Sevda xanım, bu mahnını yalnız siz ifa edə bilərsiniz. Həm də bu mahnını ifa etmək mənim üçün böyük şərəf idi, istədim məndən bir yadigar qalsın. Mənim ailəmdə oxumağıma həmişə qarşı çıxıblar. Sadəcə, bu, ciddi mövzu olduğuna görə etiraz edən olmadı. Bir də ki, çox arzulardım anama bir mahnı həsr edib oxuyum, ürəyimdə belə arzu var.

- Sadəlik - mənəvi gözəlliyin əsas şərtidir. Sadə qadınsınız, bizim günlərdə sənət aləmində sadə insan nadir bir tapıntıdır...

- Bəzən özünü çox dartan insan bununla özünü sığortalayır, çox insanları yaxına buraxmır ki, əslində nə qədər boş və maraqsız insan olması aşkarlanmasın. Hayıf bizim sənətdə belələri çoxdur. Ağıllı insan həm sadə, həm özündən həmişə narazıdır, çünki bilir ki, bu sənətin zirvəsi yoxdur.

- Deyirlər, gözəllik xoşbəxtlik vədidir.. Elə vaxtlarınız olubmu ki, kaş gözəl olmayaydım, bəxtim gözəl olaydı deyəsiniz?

- Olub. Həyatdır, hərdən sınırsan, şanslı olmaq yaxşı şeydir. Mən gözəllik heyranıyam. Bilirsiniz, çox vaxt insanın daxili aləmi zahiri aləminə böyük təsir göstərir. İnsanın yaratdığı gözəlliklər isə heç zaman İlahinin yaratdıqlarına çata bilməz. Adicə bir gözəl gülü görəndə Yaradana üz tutub deyirəm: "İlahi, sənə inanmayan doğrudan da kafirdir". - "Qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir". Sevda xanım, siz həm ana, həm də Musiqi Akademiyasında müəlliməsiniz. Bu iki vacib funksiya haqqında nə danışa bilərsiniz?

- Bilirsiniz, gözəl müəllimə, gözəl bəstəkar da olmaq olar, amma anasansa, gərək analığın məsuliyyətini hiss edəsən. Deyirlər, pis ana yoxdur. Minlərcə atılmış uşaqların anaları necə yaxşı ana ola bilər? Ana var, övladı dərsə gedir, bütün günü ürəyi övladının yanında qalır. Mənim üçün sənətimdən öncə uşaqlarım vacibdir. Sənətə daha çox vaxt ayırsaydım, daha böyük uğurlar əldə edərdim.

- Cihadların ən böyüyü nəfsə qarşı vuruşmaqdır. Nəfsinizlə vuruşa bilirsinizmi?

- Bilirəm. Məsələn, çoxlu sayda qeyri-peşəkar müğənnilər zəng vurub onlar üçün mahnı yazmağımı xahiş edirlər və qibtə olunan qonorarlar təklif edirlər, mənsə razılaşmıram və mahnılarımı yalnız peşəkar müğənnilərə etibar edirəm.

- Xoşbəxtliyi bir sözlə ifadə edin.

- ŞÜKÜR. Xoşbəxtlik nisbi anlayışdır, mənə xoşbəxtlik gətirən bir şey başqasına onu bəxş etməyə bilər. Amma şükran duyğularını dilə gətirən insanlara böyük hörmətim var. Allah-Təala naşükür bəndələri sevməz. İnsan ən ağır günündə düşünməlidir ki, bundan da betər ola bilər və min şükür etməlidir. İnsan var görmür, yeriyə bilmir. Əgər biz görürüksə, yeriyə biliriksə, bu özü də bir xoşbəxtlikdir.

 

 

Sevinc İSMAYIL

 

Ayna.-2009.-7 noyabr.-S.19.