Musiqiçilərimiz dumanlı Albionda

 

"Elizabet holl"dakı konsert ən uğurlu çıxış olub

Bu həftənin ilk günü İngiltərəyə səfər edən bir qrup azərbaycanlı musiqiçi müxtəlif şəhərlərdə silsilə konsertlərlə çıxış edirlər. İfaçılardan biri, Milli Konservatoriyanın məzunu, Beynəlxalq Muğam Müsabiqəsinin iştirakçısı Qoçaq Əsgərov Londondan telefon açaraq səfər təəssüratlarını "Ayna" ilə bölüşüb. Xanəndə bu günə kimi İngiltərənin bir neçə şəhərində çıxış etdiklərini bildirib. Onların ən uğurlu çıxışlarından biri Londonun "Elizabet holl" konsert məkanında gerçəkləşib.

Qeyd edək ki, böyük nüfuzu ilə seçilən bu konsert məkanında mötəbər konsertlər təşkil edilir. Həmin konsert məkanında bu günə kimi azərbaycanlı musiqiçilərdən dünyaca məşhur Əzizə Mustafazadə Alim Qasımov çıxış ediblər. Onların rekordunu isə muğam aşıq musiqisinin ifaçıları təzələyiblər. Qoçaq Əsgərovun əlavəsinə görə, böyük tamaşaçı tutumu olan konsert zalında onun ifasında "Bayatı-şiraz" muğamı dəsgah şəklində səslənib. Xanəndə eyni zamanda "Sarı gəlin", "Qaragilə" xalq mahnılarını ifa edib. Onu tarda əməkdar artist Malik Mansurov kamançada Elnur Mikayılov müşayiət ediblər. Xanəndənin çıxışından sonra səhnəni 4 aşığımız paylaşıb. Musiqiçilərin ifası böyük maraqla qarşılanıb. Lakin "Elizabet holl" sarayının şərtlərinə görə, həmin çıxışları geniş şəkildə lentə köçürmək mümkün olmayıb.

Qeyd edək ki, Azərbaycan musiqiçiləri ilə yanaşı səfərdə YUNESKO-nun eksperti Sənubər Bağırova da iştirak edir. Musiqiçilərə böyük dəstək göstərən Sənubər xanım onlarla birlikdə İngiltərənin bir sıra şəhərlərinə səfər edib. Musiqiçi xanım konsert proqramının noyabrın 13- davam edəcəyini bildirdi. Musiqiçilər səfərləri haqqında mətbuata gələn həftə geniş açıqlama verəcəyini bildirdilər.

Xatırladaq ki, konsertlərin təşkilində BBS radiosunun İngiltərə bölməsi də yaxından dəstək göstərib.

 

 

Zəminə

 

Ayna.-2009.-14 noyabr.-S. 19.