Brüsseldə Azərbaycan Mədəniyyət Günləri

Milli mətbəximiz təqdim olunmuşdur

 

Bu həftə Brüsseldə Avropa Parlamenti binasında Azərbaycan Mədəniyyət Günləri keçirilib. Heydər Əliyev Fondunun məlumatına görə, tədbir fondla Azərbaycanın Avropa Birliyi yanında daimi nümayəndəliyinin birgə layihəsidir. Ötən günə kimi davam edən tədbirlərə Azərbaycanın mədəniyyət incəsənət nümayəndələri qatılıb, həmçinin Azərbaycan mətbəxi geniş şəkildə təqdim edilib.

Avropalı tamaşaçılarda Azərbaycan haqqında daha dolğun təsəvvür yaratmaq məqsədi ilə Azərbaycanın təbliğinə yönəlmiş geniş proqram hazırlanıb. Parlament binasının "Yehudi Menihin" zalında Azərbaycan rəssamlarının əsərlərindən və etnoqrafik miniatürlərdən ibarət sərgilər açılıb. Mədəniyyət Günlərində gənc muğam ifaçıları tamaşaçılara təsniflərdən ibarət proqram, "Bakı ulduzları" rəqs qrupu folklor seçmələrindən ibarət rəqslər təqdim ediblər. Konsert proqramına caz triosunun çıxışı da daxil edilib.

Müsafirlər mədəniyyət günləri çərçivəsində hər gün Azərbaycan mətbəxi ilə yaxından tanış olublar. Kulinariya ustalarımız hər gün qonaqlara milli mətbəximizdən ləziz örnəklər təqdim etmişlər.

 

 

Z.Rüstəm

 

Ayna.-2009.-14 noyabr.-S.20.