Dövlət Film Fondu - müasir bir arxiv

 

Fonda yeni qiymətli materiallar daxil olub

Azərbaycan Dövlət Film Fondunun yeni binasının fotoşəkli Beynəlxalq Arxivlər Federasiyasının 2010-cu ildə nəşr olunacaq kino arxivləri kataloquna daxil ediləcək. Cəmil Quliyev bildirdi ki, cari ilin nəticələrinə əsasən Dövlət Film Fondu dünyanın ən yaxşı nümunəvi, eyni zamanda müasir standartlara cavab verən arxivləri sırasına daxil olub.

Söhbət zamanı o da bəlli oldu ki, Azərbaycan Dövlət Film Fonduna Gürcüstan Kino Arxivindən "Şirvan şahzadəsinin cinayəti" filminin fotoları daxil olub. Fondun rəhbəri Cəmil Quliyevin məlumatına görə, film 1926-cı ildə gürcü rejissoru İvan Peristiani tərəfindən Bakıda çəkilib. Cəmil Quliyev deyir: "Təəssüf ki, film dövrümüzə gəlib çatmayıb. Bu filmin baş rollarından birində Azərbaycan kino aktyoru Xeyri Əmirzadə çəkilib. Filmdə Şirvan şahzadəsinin bolşeviklərə qarşı mübarizəsindən bəhs edilir".

Öyrəndik ki, dövlət film fonduna daxil olan yeni sənədlər arasında çox nadir, 1920-1930-cu illərdə çəkilmiş Azərbaycan filmlərinin fotoları, Azərbaycan kinosu ilə bağlı fotoların neqativləri var. C.Quliyevin sözlərinə görə, bu neqativlərin əksəriyyəti şüşə üzərindədir bu neqativlər film fonduna kinooperator Vladimir Şərifov kinooperator Xan Babayevin oğlu Çingiz Babayev tərəfindən verilib.

 

 

Zəminə

 

Ayna.-2009.-21 noyabr.-S.18.