Müəllim var, dərs demir, tələbələri olur

 

Ölkənin bir çox klarnetistləri ifanı Vaqif Mirzəyevdən, onun "Azərbaycan təranələri"ndən öyrənib

Əməkdar artist Vaqif Mirzəyev klarnet ifaçısıdır. Sənətdə öz missiyasını nəfəsli alətdə görüb ona nəfəs verib. Yeni nəfəs. Onun bu yeni nəfəsi, ifalarının qaynar ruhu ən fərqli ölkələrdə insanları vəcdə gətirib, qəlblərdə Azərbaycanın musiqi sənətinə rəğbət hissi oyandırıb. Vaqif Mirzəyevə ilk sualımız bu olur: "Necə oldu ki, məhz nəfəs alətini seçdiniz?" bu suala cavabı ilə söhbətə körpü saldıq. Vaqif Mirzəyev öz sənətindən, görüb-götürdüklərindən söz açdı.

- Mərdəkanda 1953-cü ildə musiqiçilər ailəsində anadan olmuşam. 1972-ci ildə 123 saylı Mərdəkan orta məktəbini bitirmişəm. Paralel olaraq 1966-cı ildə 12 saylı musiqi məktəbinə qəbul olmuş, 1971-ci ildə həmin məktəbin klarnet ixtisasına malik olmuşam. 1989-cu ildə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetini bitirdim.

Bizim ata nəslimiz musiqiçi olub: babam xanəndə olub, atam əmilərim nağara çalıblar. Mən uşaqlıqda nağara çalırdım. Bizim evimizə Şəmsi İmanov, Sücəddin İsmayılov, Adil Bayramov kimi çox böyük klarnet ustaları gəlib-gedirdilər. Nəsə, mən klarneti çox sevdim, onu da ilk dəfə olaraq sizə açıqlamaq istəyirəm ki, ilk klarneti mənim üçün Eyyub Ağayev alıb. Eyyub əmi gözəl klarnet ifaçısı idi, atamla toylara gedərdi. Maraqlısı da odur ki, yeddi yaşımda klarneti əlimə götürən kimi "Lalələr"i ifa etmişəm.

- Bilirik ki, Azərbaycanın musiqi sənətini bir sıra ölkələrdə keçirilən festivallarda təmsil etmisiniz. Heç özünüz musiqi bəstələmisiniz?

- Gənclikdə 5-6 rəqsin ora-burasını düzəldib ifa etmişdim, amma buna bəstə deməzdim.

Bəstəkar çox böyük sözdür.

- Pedaqoji fəaliyyətlə necə, məşğulsunuz?

- Yox, olmuram. Bir ara olurdum. 12 saylı musiqi məktəbində bir neçə il dərs vermişəm.

- Pedaqoji fəaliyyətə mane olur ki?

- Mən özüm həmişə daha çox öyrənməyə can atmışam və müəllimlik etməyə həvəsim olmayıb. Öz oğlum klarnet sinifini bitirib, amma mən ona bir damcı da olsa bir şey öyrətməmişəm. Bu yaxınlarda kamança ustadımız Habil Əliyev gözəl bir söz söylədi: "Müəllim var, dərs deyir, tələbələri olur, müəllim də var, dərs demir, tələbələri olur". Doğrudan da indi elə gənc klarnet ifaçılarımız var ki, mənim ifamı izləyib, məndən öyrəndiklərini gizlətmirlər. Hətta cavan bir oğlan verilişə çıxmışdı, aparıcı ona sual verəndə ki, kimin tələbəsi olmusunuz, cavab verdi ki, Vaqif Mirzəyevin. Halbuki biz həyatda tanış belə deyildik. Sonra ifasını dinlədim və mənim kimi ifa etdiyinə fikir verdim.

- Hansı sənətkarları müşayiət etdiyiniz üçün fəxr edirsiniz?

- Mən neçə il "Humayun" ansamblında böyük sənətkarımız, xanəndə Əlibaba Məmmədovu müşayiət etmişəm. 1987-ci il Moskvada Azərbaycan günləri keçirilirdi. Mən, Alim Qasımov və aşıq qrupu yola düşmüşdük. Sütunlu Salonda çıxış etmişdik və mən solist-klarnetist adına layiq görüldüm. Ondan sonra "Azərbaycan təranələri" ansamblını yaratmışdım.

- Ansambl yaratmaq çoxmu çətindir?

- Bilirsiniz, hər zaman tək ifanı sevmişəm. Hətta bir zamanlar toyları tək klarnet ifaçısı da idarə edərdi və xalq ona Ustad deyərdi. Ona görə həmişə tək ifa etmək fikrim olub. Amma tale elə gətirdi ki, "Azərbaycan təranələri"ni yaratdım və bu ansambl bu günə kimi fəaliyyətdədir. Bu ansamblla mən dünyanın bir çox ölkələrini gəzmişəm və 7 festivalın laureatı olmuşam.

- Bəlkə bu festivallarda baş verən ən yaddaqalan halları bölüşəsiniz?

- Hər zaman çalışmışam həmin festivallardan qələbə ilə qayıdım, musiqi sənətimizin adını yüksəldim. 1970-ci ildə Moskva Qurultaylar sarayında Ümumittifaq festivalının iştirakçısı idim festivalın laureatı adına layiq görüldüm. Ondan sonra yenə Moskva şəhərində keçirilən 2-ci Ümumittifaq festivalında birinci yeri tutaraq laureat olmuşam.

Süleyman Ələsgərovun bəstələdiyi "Yeddi qızım, biri pəri" adlı musiqisi var, Allah aktrisamız Nəsibə Zeynalovaya rəhmət etsin, bu rəqsi filmdə oynayıb və çox fəxr edirəm ki, o rəqs edəndə mən onu müşayiət edirdim. Bu musiqi türklərin diqqətini cəlb etmişdi və onlar məni Türkiyəyə bu rəqsi çəkməyə dəvət etdilər, mən də bu dəvəti çox böyük məmnuniyyətlə qəbul etdim. Mən Ələkbər Tağıyevin bir çox mahnılarını rəqs havası kimi ifa etmişəm. Və Türkiyəyə yola düşəndə özümlə onun bəstələdiyi "Bülbül" kompozisiyasını aparmışdım. Dünyanın biz çox ölkələri bu festivalda iştirak edirdi. Qəribəsi odur ki, tamaşaçılar ispan, amerikan və bir çox musiqiləri dinlədilər, amma heç bir coşqu yox idi. Ələkbər Tağıyevin "Bülbüllər"inin sədası gələn kimi məni alqış yağışına tutdular və mənim bu ifamı festivalın himni kimi seçdilər. Bu, başıma gələn maraqlı əhvalatlardan biri idi.

Böyük fəxr hissi ilə onu da qeyd etmək istəyirəm ki, mən Dünya Azərbaycanlıları Konqresinin üzvüyəm. 1994-cü ildə isə Suriya, İordaniya və İraqda Azərbaycan musiqisini yüksək səviyyədə təmsil etmişəm və bir sıra diplomlara layiq görülmüşəm.

- Övladlarınız necə, bu sənəti davam etdirirlər?

- Böyük qızım Vüsalə televiziya rejissorudur, ikinci qızım mədəniyyətşünasdır. Oğlum isə klarnet ifa edə bilsə də, başqa sahədə çalışır.

- Bizim toylarımızda keçmiş adət-ənənələr çoxmu dəyişilib?

- Mən 8 yaşımdan toylarda iştirak edirəm. Toylar hamımızın yaralı yeridir. Şəxsən mən oğlum üçün toyu Mərdəkanda, loru dildə desək, "çadırda" etdim. Hər cür imkan var idi toy etməyə, amma əsas məqsədim əvvəlki gözəl adətimizi insanlara xatırlatmaq idi: bəyi xonçanın qarşısına gətirmək, bəyi tərif etmək, xınayaxdı, toyu atəşfəşanlıqla bitirmək... Hamı toylarda olan səs-küydən giley-güzar edir. Yaxşı olardı ki, bizim gənclər gözəl toy adət-ənənələrimizi unutmasınlar.

- Yeni səfərləriniz, konsertləriniz?

- Bəli, may-iyun aylarında Nijni Novqoroda, Tatarıstana, Türkiyəyə səfərlərimiz gözlənir və mənim üçün "dayanmaq" sözü mövcud deyil (gülür).

Qeyd etmək istəyirəm ki, mənim çox böyük arzularımdan biri uşaqlar üçün rəqs yazmaq olub və bu yaxınlarda onlar üçün Ağabacı Rzayevanın bəstələdiyi "Kukla" mahnısını rəqs formasında ifa etmişəm, uşaqlar da ifa ediblər. Bildiyiniz kimi, bu il "Uşaq ili" elan olunub və məhz bu layihə ilə mənim arzum üst-üstə düşdü, çünki düşünürəm ki, uşaqların qayğısına qalmaq lazımdır.

 

Sevinc İsmayıl

 

Ayna.-2009.-10 oktyabr.-S.19.