Erməni vandalizmi-bəşər mədəniyyətinə təcavüzdür

 

Əbülfəs Qarayev bu sözləri 45-dən çox dövlətin təmsilçisinin diqqətinə çatdırıb

Bu həftə Bakıda keçirilən İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin IV konfransında Azərbaycanla bağlı bir sıra qərarlar qəbul edilib. Bunlardan biri 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin paytaxtı elan edilməsidir.

Konfransda iştirak edən Quzey Kipr Türk Cümhuriyyəti, İraq, Liviya, Mavritaniya, Mərakeş, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Suriya, Tacikistan, Toqo, Əlcəzair, Banqladeş, Qabon, Kamerun, Çad, Yəmən, Tatarıstan, Başqırdıstan, Tıva Respublikası, Xakasiya digər ölkələrin mədəniyyət nazirləri, İran İslam Mədəniyyət Kommunikasiya Təşkilatının rəhbəri, Oman dövləti kral ailəsinin üzvü, mədəniyyət naziri, İSESKO, İRSİKA, Avropa Şurası TÜRKSOY təşkilatlarının baş direktorları, Avstriya, Vatikan, Gürcüstan mədəniyyət nazirliklərinin nümayəndələri, bir sıra universitet akademiyaların rəhbərləri, bir çox beynəlxalq təşkilatın Azərbaycanda akkreditə olunmuş nümayəndə səfirlərinə işğal altında olan erməni təcavüzünə məruz qalan tarixi abidələr, tarixi irs örnəklərinin aqibəti barədə geniş məlumat verilib.

Xatırladaq ki, konfransın işində 45-dən çox dövlətdən 25 nazir, 11 nazir müavini, 18 beynəlxalq təşkilatın nümayəndəsi, ümumilikdə 200-dən çox qonaq iştirak edib. Konfransda eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Avropa Şurasının Mədəniyyət və Mədəni-İrs üzrə Direktorluğunun rəhbəri Robert Palmer, İSESKO baş direktoru Əbdüləziz Özman ibn Tüveycri və başqaları iştirak ediblər.

Konfrans ərəfəsində bir sıra çıxışlar edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mövqeyini eyni zamanda mətbuat işçiləri ilə də bölüşüb:

"İslam irsinin qorunması bizim tariximizə və bu günümüzə verdiyimiz dəyərdir. Azərbaycan dövləti öz daxili siyasətində islam mədəniyyətinə aid bütün abidələrin, tarixi irs örnəklərinin qorunması və mühafizəsi istiqamətində ən yüksək səviyyədə tədbirlər həyata keçirir. Təəssüflər olsun ki, biz bu tədbirləri ölkəmizin bütün ərazisində həyata keçirə bilmirik. Çünki Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib və orada islam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. Mən xüsusi ilə vurğulamaq istərdim ki, həmin mədəniyyət nümunələri tək Azərbaycan xalqının deyil, bütün islam dünyasına, ümumilikdə isə bəşəriyyətə aiddir. Bu, bəşər mədəniyyətinə qarşı təcavüzdür. Təklif edirəm ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarında islam mədəniyyətinə aid abidələrə qarşı vandalizm fəaliyyətləri pislənməli və konfransın yekun sənədində bununla bağlı müvafiq bəndlər öz əksini tapmalıdır. Əminəm ki, islam ölkələri hər zaman olduğu kimi, bu təklifin qəbul edilməsində həmrəylik nümayiş etdirəcəklər".

Nazir daha sonra vurğulayıb ki, bu gün ölkəmiz öz inkişaf dövrünü yaşayır və bu inkişaf bütün sahələrdə özünü göstərməkdədir:

"Azərbaycan dövləti öz imkanlarından istifadə edərək mədəniyyət sahəsində islahatlar həyata keçirir. Ölkəmizin bütün mədəniyyət müəssisələrində yenidənqurma və bərpa işləri aparılır, onlar ən müasir texnologiyalarla təchiz edilməkdədir. Bu gün biz islam mədəniyyəti tarixində və islam xalqlarının mədəni həyatında çox mühüm bir hadisəni qeyd edirik. İnanıram ki, burada müzakirə olunan məsələlər müsəlman xalqlarının həyatında inkişafa doğru yeni pəncərə açacaq və qəbul ediləcək qərarlar ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə öz töhfələrini verəcək".

 

 

Xatun

 

Ayna.-2009.-17 oktyabr.-S.20.