Kitabların yazarların sərgiləndiyi gün

 

İsa Muğanna da oxucuların qarşısına çıxmışdı

Sentyabrın 10-dan paytaxt Bakı eyni vaxtda iki mədəniyyət tədbirinə ev sahibliyi etdi. Əl Oyunları Sarayında III Azərbaycan Beynəlxalq "Təhsil Karyera" sərgisi, Muzey Mərkəzində isə I Beynəlxalq Kitab Sərgi-Yarmarkası açıldı. Hər iki sərgi üç gün davam edəcəkdir. Amma bu iki önəmli tədbirin eyni günə salınmış olmasının özü bir az qəribə görünürdü əgər, onlar fərqli günlərə təyin edilmiş olsaydılar, hər ikisi möhtəşəmlik baxımından udmuş olardı.

Təhsil və karyera sərgisinin təşkilatçılığı Böyük Britaniyanın "ITE Grour" şirkətlərinin Güney Qafqazdakı eksklüziv tərəfdaşı "Iteca Casrian"in üzərinə düşmüşdü və ona Təhsil, Gənclər və İdman nazirlikləri, Ticarət və Sənaye Palatası dəstək verirdi. Keçənilki ilə müqayisədə, bu dəfə sərgidə xeyli çox iştirakçı - dünyanın 12 ölkəsindən 53 şirkət təmsil olunurdu. Bizim ali təhsil müəssisələri, peşə məktəbləri və texnikumlar, orta məktəblər sərgidə geniş tərkibdə təmsil olunmuşdular. Xarici iştirakçılara gəldikdə, onların marağını nəzərə almaq olar: təhsil naziri Misir Mərdanov belə bir rəqəm gətirdi ki, bu gün Azərbaycandan xaricdə 10 mindən çox tələbə təhsil alır (təkcə Rusiyada 5 min). Və bu rəqəm artmaqdadır.

I Beynəlxalq Kitab Sərgi-Yarmarkasına gəlirik. Sərginin himayəçisi Mədəniyyət və Turizm Nazirliyidir. Baş nazirin müavini Elçin Əfəndiyev, nazir Əbülfəs Qarayev, Türkiyə Böyük Elçisi Hulusi Kılıç və bəzi digər səfirlər buradadır. Bizim ölkədə bu məzmunda ilk belə bir tədbirdir. Muzey Mərkəzinin qarşısındakı açılış törəni sonra daxilə köçürülür. Bütün mərtəbələr yerli və xarici nəşriyyatların və onların çap məhsullarının sərəncamına verilib. Klassik Azərbaycan xalçalarının, tarixi maddi mədəniyyət əşyalarının fonunda kitablar... Çox maraqlı bir həmahənglik yaranmışdı.

Klassik bəstəkarların əsərləri, milli musiqimizin həzin sədaları xoş ovqat yaradır.

 

Kimlərəsə pis cavab olmadı

 

Bu sərgi-yarmarka azərbaycanlıları "kitab oxumayan xalq" kimi qələmə vermək istəyənlərə də pis cavab deyildi, hər halda. Azərbaycanın 60-a yaxın nəşriyyat və poliqrafiya müəssisəsi öz məhsullarını nümayiş etdirir. O qədər də pis göstərici olmasın gərək. Müqayisə üçün: müşahidə etmiş olduğum əvvəlki sərgilərə bizim ancaq 30-a yaxın nəşriyyatımız qatılırdı. İndi ikiqat artım vardı. Bundan başqa, əvvəlki tədbirlərdə ortaya çıxarılan məhsulların poliqrafik keyfiyyətləri ilə müqayisədə böyük irəliləyiş göz önündə idi. Misal üçün, Qərb ölkələrinin məhsulları ilə "bizimkilərin" arasında poliqrafik keyfiyyət baxımından bir elə fərq sezilmirdi. Önəm bir də ondadır ki, Azərbaycan hər il beş-altı xarici ölkə sərgisinə qatılır, indi isə dünya kitab biznesinin təmsilçiləri bizim ölkəyə də təşrif buyuracaqlar.

Əbülfəs Qarayev dedi ki, tədbirin xərcini dövlət öz üzərinə götürmüşdür. Nazir belə bir rəqəm gətirdi ki, latın qrafikalı kitabların nəşri barədə Prezidentin məlum sərəncamından sonra bu günədək 10 milyon nüsxə kitab çap olunmuşdur.

 

İlkin təəssürat

 

Bakı Kitab Klubunun direktoru Elxan Rzayevin fikrini soruşuram. Deyir:

- Bu sərgi-yarmarka bizi çox sevindirdi. Niyə? Birincisi ona görə ki, Bakı Beynəlxalq Sərgi-Yarmarkası artıq beynəlxalq tədbirlər siyahısına salınıb. Ölkə Prezidenti buna öz razılığını verib. Bundan sonra bu tədbir Bakıda iki ildən bir keçiriləcək. Deyim ki, bu, çox böyük mədəniyyət uğurudur. Bir ona görə sevindirir ki, biz Azərbaycanda kitab sərgilərinin ilk təşkilatçılarından biriyik. Bir-birinin ardınca iki sərgi keçirdik. Ondan sonra, hardasa iki il yarım əvvəl, biz Mədəniyyət Turizm Nazirliyinə müraciət etdik ki, bəlkə bu sərgini genişləndirək? Onlar dedilər "baxarıq". Bizim ən böyük arzu istəyimiz Azərbaycan kitabının təbliğini beynəlxalq arenaya çıxarmaq idi. Bu gün gördünüz ki, bu istək gerçəkləşdi.

Elxan Rzayev deyir ki, özünə hörmət edən ölkələrin, demək olar, hamısında, dünyanın böyük şəhərlərində hər il yüzlərcə bu məzmunda kitab sərgi-yarmarkaları keçirilir. Məsələn, İstanbulda, Frankfurtda, Tehranda s. Bu gün söyləyə bilərik ki, biz kitabsevər, kitaba hörmət qoyan mədəni ölkələr sırasına rəsmən daxil olduq. İlk dəfə üçün çox uğurlu sərgi-yarmarkadır. Kitab Klubu olaraq biz Azərbaycan Prezidentinin sərəncamı əsasında çıxan dünya ədəbiyyatına aid kitabların Azərbaycan kitablarının təbliğini aparırıq.

"Altun kitab" nəşriyyatının direktoru Rafiq İsmayılovdan sərgi-yarmarka barədə təəssüratını bölüşməyi xahiş edirik. Naşir deyir:

- Normal. Hələ üç gün davam edəcək..

İlk təcrübədir. Bir az təşkilati məsələdə çatışmazlıq var. Əsas da - zaman məkan. Zaman, yəni Bakıda eyni vaxtda iki böyük tədbir. Məsələn, biz orada da iştirak etmək istərdik, amma buranı seçməyə məcbur qaldıq. Məkan dedikdə, başqa ölkələrin təcrübəsində bu tip kitab sərgiləri bir mərtəbədə, çox geniş tutumu olan bir salonda keçirilir. Burada isə dörd mərtəbədə paylanmışıq. Növbəti tədbir üçün bu barədə düşünməyə dəyər.

 

Tatar naşirlərin uğurları

 

Sərgi-yarmarkaya 23 ölkə qatılmışdır. Bir-bir ölkələrin stendlərinin qarşısından keçirik: ABŞ, Almaniya, Britaniya, Slovakiya, Türkiyə, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan, Tatarıstan, İran, Pakistan, Belarus, Polşa, Latviya, Litva... Amma nədənsə Türkmənistanın stendi boşdur.

Türk ölkələrindən çox gözəl kitablar təqdim olunurdu. Tanıdığımız böyük klassiklərin, qardaşlarımızın milli mədəniyyətlərinin kitablar vasitəsi ilə təqdimatı gözəl idi. Bu zənginlik mühitində kitablara, sadəcə, ötəri nəzər salmaqla kifayətlənməli oluruq. Hər kitabı götürüb vərəqləməyə beş-üç dəqiqə vaxt sərf etsək, gərək bir neçə gün burdan çıxmayasan.

Tatarıstan Respublikası Milli Kitabxanasının direktoru Nail Əkram ulı Kambeyev ilə söhbətləşirik. Ona görə Tatarıstanı seçdik ki, Çar Rusiyasının təbəəsi olan türk xalqları arasında tatar qardaşlarımız müasir tipli kitab nəşrinə digərlərindən tez başlamışdılar. Nail Əkram ulı deyir:

- Bizim Milli Kitabxananın "Milli kitab" adlı nəşriyyatı var.

Biz özümüz kitablar nəşr edirik. Bizim stenddə Tatarıstanın başqa nəşriyyatlarının məhsulları da təqdim olunur. Bu kitablar tatar müəlliflərinin mədəniyyət, tarix, siyasət fəlsəfəyə dair əsərlərini, 1920-ci ildən sonra mühacirətdə yaşamağa məcbur olmuş tatar ictimai siyasi xadimlərinin, şair yazıçılarımızın əsərlərini əks etdirir. Baxın, min il əvvəl yazıb-yaratmış Qul Əlinin "Yusuf Züleyxa" poeması, Qayaz İshaqi, Abdulla Tukayın kitabları, Musa Cəlilin "Maobit dəftəri", uşaqlar üçün tatarca kitablar... Ümumiyyətlə, Tatarıstanda 450-dən çox nəşriyyat fəaliyyət göstərir. Onlardan 15-ə yaxını dövlət nəşriyyatıdır, qalanlar özəl kommersiya qurumları kimi fəaliyyət göstərir. Bizim ölkədə qüvvədə olan qanuna görə, harada hansı dildə nəşr olunmasından asılı olmayaraq, 2 nüsxə Rusiya Milli Kitabxanasına, Tatarıstanda isə 3 nüsxə icbari qaydada Milli Kitabxanaya təqdim olunmalıdır. Bu kitablar orada istifadəyə verilmədən qorunub gələcək nəsillərə saxlanır.

Cənab Kambeyev deyir ki, bu qayda naşirlər tərəfindən yaxşı qarşılanır, onlar öz məhsullarını Milli Kitabxanaya həvəslə təqdim edirlər. Əlavə etdi ki, son illər tatar nəşriyyatlarının çap məhsullarının poliqrafik keyfiyyətləri dünya standartlarına uyğun şəklə düşmüşdür. Onlar hər il Moskvada iki kitab yarmarkasında iştirak edirlər, bu yaxınlarda isə Türkmənistanda beynəlxalq yarmarkada iştirak etmişlər.

Tatarıstan Milli Kitabxanasının direktoru onu da bildirdi ki, sərgi-yarmarkadan sonra gətirdiyi bu kitabları Azərbaycan Milli Kitabxanasına hədiyyə edəcəkdir.

Ürəyimdə müqayisə aparıram: qardaşlarımızın 450-dən çox, bizdə isə hardasa alt-üst 100-dək nəşriyyatın fəaliyyətindən bu və digər dərəcədə söz edə bilərik.

 

İSA MUĞANNA İLƏ RİQQƏTLİ GÖRÜŞ

 

Sərgi-yarmarkanın birinci günü konfrans-zalda Xalq yazıçısı İsa Muğannanın seçilmiş əsərlərinin 6 cildliyinin təqdimat mərasimi keçirildi. Sanki İsa Muğannanı görməyə bir ajiotaj vardı. Çünki son 20 ildə bəlkə ilk dəfə idi oxucuların qarşısına çıxırdı. "Avrasiya Press" nəşriyyatının buraxdığı bu altıcildlik Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Ustad sənətkarlar" seriyasından nəşr edilmişdir. Belə tədbirlərdə heç vaxt görünməyən, səhhətində problemlər olan yazıçı məxsusi bu mərasim üçün Bakıya ömür-gün yoldaşı Füruzə xanımla birlikdə Ağstafadan gəlmişdi.

Baş nazirin müavini, yazıçı Elçin və nazir Qarayev gəlib onunla mehribanca görüşdü və getdi. YB sədri Anar dedi ki, yazıçıların "60-cı illər nəsli" İsa Hüseynovu özlərinə müəllim bilirdilər. Bir də ondan xahiş etdi ki, o illərdə yazdığı əsərlərə müasir gözlə "əl gəzdirməsin". "Biz o əsərləri necə oxumuşduqsa, necə qəlbimizə həkk etmişdiksə, elə də görmək istəyirik" dedi. Mənimlə yanaşı əyləşmiş Sabir Rüstəmxanlı mənə astadan deyir ki, 1988-ci ildə "Yazıçı" nəşriyyatının baş redaktoru olanda "İdeal"ı nəşr edib. MK-da qorxurlarmış. Deyiblər ki, "məsuliyyəti üzərinə götürürsənsə, nəşr elə"...

Nizami Cəfərov onu "böyük yazıçı, mütəfəkkir, düşüncə adamı" deyə xarakterizə edir. Deyir ki, "onun yaradıcılığını əhatə etmək üçün bu altı cild kifayət deyil. Onun hardasa yazdığı kiçik bir cümlənin də ədəbiyyata dəxli var". Yazıçının az qala bütün məşhur əsərlərini bir-bir sadalayan, onların hamısını sətir-sətir oxumuş olan Xalq şairi Zəlimxan Yaqub onun əsərlərinin fəlsəfi-bədii dərinliyi üzərində dayandı. Dedi ki, onun yazdıqlarının hamısının böyük ədəbiyyata dəxli var. Zəlimxan Yaqub İsa Muğannanı dünya səviyyəli bir yazıçı kimi xarakterizə etdi.

Yazıçı özü sonda çıxış etdi. Həyatının ağır dönəmlərindən danışdı. Bu, çox kədərli bir əhvalat idi. 1942-ci ildəki aclıq zamanı qapıdakı qoçu Qaratəpə bazarında bir xurcun taxıla dəyişdikləri, dəyirmandan gətirdiyi undan əlüstü çörək bişirildiyi və bir gün aclıqdan sonra bu çörəyi isti-isti yediyini danışırdı. Onu niyə danışdı - bax bunun üzərində fikirləşmək lazımdır. Moskvada təhsildən qayıdandan sonra ilk əsərlərinin üstündə qatı kommunist yazıçılar onu sıxışdırıblar, ondan Moskvaya yazıblar. Lakin onu müdafiə edənlər tapılıb (Mehdi Hüseyn, Rəsul Rza, Moskvadan araşdırma üçün gələn bir yazıçı, sonra Heydər Əliyev). Dedi ki, bütün bu əhvalatlardan sonra onun yaxşı günləri başlanıb. Lakin bugünkü mərasimi həyatının ən gözəl anı adlandırdı. Bəlkə ona görə ki, böyük mütəfəkkir yazıçı olduğu onun qulağı eşidə-eşidə hamı tərəfindən deyilirdi. Bəlkə bu etirafları çoxdan bəri gözləyirmiş...

Böyük yazıçı ona göstərilən bu diqqət üçün nazir Qarayevdən tutmuş, kitabların korrektorlarına qədər hamıya bir-bir təşəkkürünü bildirdi.

 

 

İsmayıl Umudlu

 

Ayna.-2009.-12 sentyabr.-S.15.