“Notlardakı həyəcanı, rüzgarı yaşamaq üçün...”

 

Dirijor Yalçın Adıgözəlov öz sənət duyumundan söz açır  

                                                                          

Bir əsərin ifasını dinləyən musiqi avtoritetinin qulağı nə qədər həssas olursa-olsun, şübhəsiz, əsərin bəstəçisi qədər əsəri hiss edə bilməz. Bu mövzuda Bethoven ilə ilgili söylənən kiçik bir xatirə bu düşüncəni doğrular.

Bir gün Bethoven əsərinin sınaq ifasını dinləməyə gedir. Salona girib səssizcə ön kreslosuna oturur. Dirijor əsəri idarə etməyə başladığında "Daha sürətli, daha sürətli!" deyə bir pıçıltı eşidir. Bir az keçdikdən sonra bu dəfə də "Daha yavaş, daha yavaş!" pıçıltısını eşidir. Əsərin finalına keçdikdə "Daha sürətli, daha sürətli!" deyə yenə eyni pıçıltını eşitdikdə dirijorun səbir kasası daşır. Orkestri saxlayaraq həmin adama dönərək: "Siz kimsiniz ki?" deyə hirsli bir şəkildə bağırır. Bethoven isə sakitcə "Mən, sadəcə, bu əsərin bəstəçisiyəm" cavabını verir.

Musiqi ilə iç-içə yaşayan bir ailədən üçüncü nəsil olan Yalçın Adıgözəlov dünyamiqyaslı bir dirijordur. Amma atası, bəstəçi Vasif Adıgözəlovun əsərlərini idarə edərkən daha fərqli bir ifaçılıq və görüntü sərgiləmirmi?

- "Ata"... Bu iki hecalıq kəlmə hər insan üçün təsviri imkansız bir sevginin, sayğının, güvənin, gücün rəmzidir. Həm çox sevib, həm örnək aldığımız, həm də adını daşımaqdan qürur duyduğumuz insan. Hələ insan sizin kimi atasıyla eyni işi bölüşürsə, bunun bəxtəvərliyi və çətinlikləri nələrdir?

- Atamı hər zaman ən böyük, ən önəmli insan olaraq qəbul etdim. Həyatımda məndən ötrü atamdan böyük heç bir avtoritet olmadı. Təbii ki, müəllimlərim oldu, amma gözlərimi açandan, özümü bir kişi hiss etdikdən bəri atama bənzəməyə çalışdım. Yalnız musiqidə deyil, hər şeydə.

Geyimdə, davranışlarda, insanlarla münasibətlərimdə, yeməkdə, maşın sürməkdə, siqaret çəkməkdə - hər şeydə hər örnək oldu mənim üçün. Başqaları da eyni şeyləri yapırdı, başqaları da siqaret çəkirdi, başqaları da maşın sürürdü, yemək yeyir, dükandan bir köynək alırdı, amma mənim üçün atamın tərzi üstün oldu. Gözlük seçirdi. Mən də gedib həmin gözlüyü alırdım.

Onun etdiklərini mən də bacara biləcəyəmmi, bilmirəm - ailəsinə, çocuqlarına qarşı çox fədakardı. O bizim üçün hətta mümkün olmayan şeylər etdi. Onu həyəcanlandırırdım, bu baxımdan özümü bağışlamıram. Başarılı olduqda atam buna həyəcanlanırdı. Amma o gözəl bir həyəcan idi. Avtomobil qəzası keçirirdim, atam həyəcanlanırdı, ağacdan yıxılırdım, atam həyəcanlanırdı. Dəliqanlılıq edirdim, atam o zaman da həyəcan keçirirdi. Xəstələnirdim, atam buna üzülürdü. Bir az artıq içki içirdim, atam üzülürdü. Yəni hər zaman atamı həyəcanlandırdım mən. Bu adama bir sakitlik vermədim. Təbii ki, mən bunu qəsdən etmirdim. Bu mənim tərzimdi. Təbiətim belə idi. Xatalar, xətalar...

Amma yaxşı şeylər də vardı xataların arasında. Əsərlərini idarə edirdim, səhnəyə çıxırdım. Atamın gözləri dolurdu. Gec evləndim. Bir gün gəldim, "Mən Amerikaya köçürəm" dedim. "Mən səni onun üçünmü böyütdüm, səni Sankt-Peterburqa onun üçünmü göndərdim?" dedi. "Orada təhsil görüb Bakıya geri dönəcəksən, xalqına, məmləkətinə xidmət edəcəksən. Onun üçün göndərdik səni Peterburqa"...

Mən dedim ki, "ola bilər, amma həyat-filan belə, mən Amerikaya gedirəm". Atam anamla birlikdə Sankt-Peterburqa gəldi. Çox həyəcan yaşatdım atama. İndi, təbii ki, başa düşürəm onu. Mən onun övladı idim.

Bir gün atamı qeyb edərsəm, necə olacaq deyə qorxurdum. Düşünürdüm ki, görəsən, həyat davam edəcək, yoxsa bitəcək? Hamının anası, atası bir gün öləcək. Ömrünü yaşayıb gedərsə, bu, normaldır. Məncə, çox tez, 71 yaşında öldü. Amma misal üçün, Qara Qarayev 64 yaşında öldü. Təbii ki, yaşamaq davam edir. Atamı itirdiyim gün bunun bütün acısını duydum. Onu həmişə istəyirəm. Zaman ötdükcə onu daha da çox istəyirəm. Çünki atalıq o yana, mənim ən böyük dostumdu. Hər şeyi onunla paylaşırdım.

Hər şeyimi, həyatımı, çətin günlərimi, yaxşı günlərimi, hisslərimi və təbii ki, musiqini. Çünki o detalları ən çox, ən gözəl bilən atamdı. Bir konsertdən, bir qastroldan gəldikdə xəbər alardı - orası necə oldu, burası necə oldu? İndi bunları paylaşmağa heç kimim yoxdu...

Amma çox maraqlı olan bir şey var. Atam əsər yazarkən çox mübahisə edərdik: burasını mən belə hiss edirdim, burasını elə. Yox deyirdi, mən bunun tam tərsini düşünürəm. Bəzən də mübahisəmiz çox gərgin şəkil alırdı. Amma onlar sənətlə bağlı şeylərdi. Və bunlar gözəl şeylərdi.

Ancaq əsər bitdikdən və ilk təqdimatı olduqdan sonra icrada atam mənə ən kiçik bir şey də söyləməzdi. Hətta atam mənə bir gün "burasını belə edəkmi?" deyə soruşdu. "Yox" dedim. "Olar" dedi. Məni heç üzmədi. Yaşamında mənə hər zaman "əlin var olsun, çox gözəl oldu, çox həyəcanlandım" deyirdi. Mən bilirdim ki, bəzən icrada kiçik xətalar edirəm. Bilirsiniz ki, hər icra fərqli olur. Amma o mənə "afərin, əlin var olsun, təşəkkür edirəm, oğlum" deyirdi. İndi elə hey onu axtarıram. Birisinin mənə gəlib "çox sağ ol", "gözəl oldu" deməsini istəyirəm. Atam salonda olsaydı, nə deyərdi deyə düşünürəm.

Atam yazdığı əsərlər barədə "Bunu Yalçından daha yaxşı kimsə hiss edə bilməz, çünki Yalçın mənim öz qanımdan gəlir. Təbii ki, başqa solistlər də var. Başqaları da ifa etsinlər, çox istərəm, amma Yalçından daha yaxşı kimsə icra edə bilməz" deyərdi. Mən indi deyirəm, başqa solistlərə də, atamın əsərlərini çalsın, atam tanınsın deyə istəyirəm, amma atamın əsərlərini ən yaxşı mən bilirəm. Atam da hər zaman bunu söylərdi. Təbii ki, bu mənim üçün böyük bir şərəf, böyük bir iftixardır.

O, böyük bir avtoritet idi. Fikirləşmirəm bundan sonra mənim üçün belə bir böyük avtoritet gəlsin.

Təbii ki, çevrəmdə çox dəyərli dostlarım var, fəxr etdiyim müəllimlərim var. Yaxınlarım var. Anam var, qardaşım var. Yaxınlarımı çox sevirəm, amma atam... Allah rəhmət eləsin.

- İnsan kiçik olarkən "Mən həkim olacağam" kimi sözlər işlədir. Sizin də belə bir hədəfiniz vardımı? Və yaxud yalnız musiqi ilə məşğul olacağam deyəmi düşünürdünüz?

- Musiqi ilə. Pianoçumu, bəstəçimi, bilmirəm, amma yalnız musiqi. Bir gün olsun həkim olmaq gəlmədi içimdən. Bəziləri mən pilot olacağam deyir. Təyyarəni çox sevirdim əslində.

- Amma siz də orkestrin pilotusuz. Orkestrin önündə musiqi ilə uçurursunuz insanları...

- Bilmirəm. Amma musiqi, yalnız musiqi. Mən idmanı da sevirəm. Həm də futbol oynayardım. Avtomobil sürməyi sevirdim.

15 yaşında avtomobil sürməyə başladım və avtomobili sürətlə sürürəm. Amma əslində avtomobildən çox təyyarəni sevirəm. İnşallah bir gün təyyarə də sürrəm. Amma musiqidən duyduğum ləzzəti, həyəcanı heç bir şeydən ala bilmirəm.

Məni ağladan musiqi ola bilər. İdmanda çox nadir hallarda, çox böyük bir uğur olarsa, Azərbaycan milli komandası yarışı qazanarsa, o zaman çox mütəəssir oluram. Bilmirəm bəlkə də yaşdandır - bəzi şeylərdən təsirlənməyə başlamışam. Bizim hərbi təyyarələrdən çox qürur duyuram. Bax, deyirəm gör nə təyyarələr var. Eskişehirdəydim. Orada hərbi aerodrom var, oradan tez-tez təyyarələr qalxır. F-16-lar göründükdə çox xoşuma gəlir. Bir də bizim bulvarda böyük bir bayrağımız var. Siz onun altında dayandınızmı heç rüzgar əsərkən? O zaman qulağınıza necə bir səs gəlir, bilirsiniz? İnanılmazdır. Bir axşam onun altına gedin, heç kimsə yoxkən, işıqlar var, o bayrağın titrəməsindən qopan səsi dinləyin. Şak, şak, şak... O bir musiqi. Mən orada saatlarla dura bilirəm və mənim tüklərim biz-biz olur. O səs inanılmaz bir səsdir. Çox qürurlu bir səs. Bilmirəm, amma gerçəkdən çox gözəl bir səs. O bayrağın səsi çox gözəl bir səsdir.

- İki tip dirijor var. Biri orkestri idarə edən, digəri orkestrin idarə etdiyi dirijor deyə fərq qoyulur. Nə deyərdiniz?

- Amma bunu orkestr edir. Dirijor orkestrin qarşısına çıxdıqda orkestr 2 dəqiqə sonra durumu anlar. 2 dəqiqə. Dirijor orkestri idarə edəcək, yoxsa orkestr öz dirijorunu idarə edəcək... Çox gözəl orkestrlər var, çox zəif bir dirijor gəlirsə, orkestrdəkilər bir-birlərinin üzlərinə baxar və sanki deyərlər "Uşaqlar, biz dirijora baxmırıq, özümüz bildiyimizi edirik".

- Bu gün dünyanın sayılan dirijorlarından biri olmaq hər kəsin işi deyil. Siz orkestri idarə edərkən, yalnız orkestr üzvlərini deyil, eyni zamanda dinləyiciləri də bərabərinizdə sürükləyirsiniz. Dinləyicinin nəfəsini ənsənizdə hiss edərsiniz?

- Bunu açıq söyləyim, dirijorluq peşəsinə başlarkən seyrçinin fikri, nə hiss etdiyi məni maraqlandırmazdı. Çünki çıxdığımda deyirdim ki, onların içində hazır olan da var, hazırsız olan da var, bəziləri bilir, bəziləri bilmir. Kimisi musiqini başa düşür, kimisi ondan heç nə anlamaz. Yaxşı, ya da pis insanlar ola bilər. İçlərində qatil də, cani də ola bilər, hər kəs ola bilər. Məni heç maraqlandırmaz. Mən peşəmi, musiqimi icra edərdim. Orkestrin düşüncəsi mənim üçün önəmlidir. Bu şəkildə işimi görər və gedərdim. Düşünürəm ki, mənim 100 nəfərlik salonda 20 nəfər oturarkən də konsertim olub. Çətin zamanlar idi. Ancaq məndə o həyəcan məhv olmadı. Mən eyni həyəcan və istəklə çaldım. Çünki mən o 20 adamı düşündüm. Bir şey var, onu hiss edirəm. Boş salonda, seyrçi olmayan bir salonda konsertin bir önəmi yoxdur, məncə. Çünki sonucda bu, insanlar üçün edilir. Gələn insan hazırlıqsız ola bilər, amma sən peşəni elə icra etməlisən ki, o insan oradan çıxarkən daha xoş duyğularla getsin. Onun fikri artıq mənim üçün önəmlidir. Hər zaman salonun dolu olmasını istərdim. Təşkilati işlər görürəm ki, insanlar gəlsin, bir arada olsun, salon dolu olsun. Burada 90-cı ildə bayırda atəş vardı və biz konsert verirdik. İnsanlar bir araya gəlmişdilər. Düşünə bilirsiniz? Küçələrdə savaş hökm sürür, amma burada insanlar çalır və hər kəs ayaqda, insanlar bir-birlərinə sığınmışlar. Bu, çox önəmli. Və heç unutmuram, bir gün çox soyuq və çox qar vardı, Bakıda 93-94-də bir konsert verirdik, bir çadralı qadın gəldi. Yaşlı, 70 yaşlarında, yanında iki 6-7 yaşında çocuq. Konsertdən sonra yanıma gəldilər, dedilər ki, sağ olun, əliniz var olsun, bu havada sizin konsertinizə gəldik. Bakının bir kəndindən 60 km uzaqdan sizi dinləmək üçün gəldik. Bu çocuqlar gecənin o saatında qar içində 2,5 - 3 saat yol gedəcəkdilər. Fəlsəfəyə baxın, 2 nəvəsini də götürüb 60 km yol gəlmiş: Bakıda bir konsert, Bethoveni, Mosartı dinləyəcək. Və çocuqlar necə baxırlar... Heç unutmuram bunu, üstündən 15 il keçməsinə baxmayaraq.

- İlk ifa əsnasında ən çox nəyə diqqət edirsiniz?

- Bəzən ilk ifa mənim üçün konsertdən daha ləzzətli olur. Çünki konsertdə seyrçi var, düşünürük, hərəkətlərimizə diqqət etməyə məcburuq. İlk ifada istədiyimi ala bilirəm. Orada istədiyim zaman dayanacağam. "Bunu bir daha təkrarlayaq" deyirəm. İlk ifada orkestr bir az daha cəsur olur. İlk ifada orkestr bir az daha açıq olur. Çünki bilir, bunu etsə, xəta olsa, bunu təkrar edə bilər. Amma konsertdən hər kəs çəkinir. Konsertdə xəta etməyim deyə düşünürlər. İlk ifalar mənim üçün çox önəmlidir. İlk ifada orkestrdə çox isti bir dostluq, mehribanlıq münasibəti var. Musiqiçilərin dirijoru sevməsi şərt deyil. Sevgi olmaya bilər, amma sayğı önəmlidir. Sayğı mütləq olmalıdır. Orada musiqiyə sayğıyla yaxınlaşırsan, onlar da qəbul edərsə, ortaya gözəl bir şey çıxar. Amma diktatorluqla "sən bunu çala bilmirsən, dur burdan get, sən nə biçim çalırsan?" və s. Həmkarlarının yanında "yatmamısan nədir, nəfəsin yetərli deyil, yemək yemədinmi?" desən, olmaz. Amma bunları da edən dirijorlar var, bilirsinizmi?

- Bu günə qədər fərqli ölkələrdə bir çox konsertləri və dirijorları izlədik. Hamısının özünə görə özəllikləri var. Konsertinizdə notlar axıb gedərkən dinləyicilərin də özlərini musiqi selinə qapdırmasını necə açıqlayarsınız? Orkestri idarə edərkən eyni zamanda rəqs etdiyinizi söyləmək yanlışmı olardı?

- Mən rəqs etmirəm. Notlar var. Bəstəçi əsəri yazmışdır, o notları hər kəs eyni görür, deyilmi? Önəmli olan bu notları görüb bu notları çalmaq deyil. Önəmli olan o notlar arasında bir şeyi görə bilməkdir. Notları standart çalarsan, çalınır, amma o həyəcanı, o axını, o rüzgarı yaşamaq üçün sənin özündə nəsə olmalıdır. Mən bəstəçini hiss etdiyimi, seyrçiyə çatdırmaq istədiyimi seyrçiyə çatdıra bilməliyəm. Mən burada bir vasitəçiyəm, bir elçiyəm. Bethoven bunu yazmış, amma nə demək istəmişdir? Bunu kim anladacaq? Dirijor. Orkestrin vasitəsilə. Bunun üçün də dirijor orkestrdən bir sıra səslər çıxartmalıdır. Bunu etmək üçün də mən bir sıra hərəkətlər etməliyəm. Pianoçunun, kamançının işi bir ifaçılıqdır. Dirijorluq da ifaçılıq ustalığıdır. Bəziləri deyir ki, dirijor yalnız orkestri istiqamətləndirir. Dirijorluq da bir ifaçılıqdır.

 

 

Yasemin Bayer

 

Ayna.-2009.-26 sentyabr.-S.18.