Girov qoyulan saqqal

 

Səyyad Aranın hekayəsi

 

Hacı Rüstəmin oğlanları oğrun-oğrun, əlaltdan yəhər-yüyənlərini, qayışlarını, xurcunlarını yerbəyer edirdilər. Ürəklə yır-yığış etməsələr də, ümidlərini də üzmürdülər. Atalarının Bakıdan dönüşünü gözləyirdilər. Sabah, inşallah, dediyi kimi evdə olmalıydı. İndiyə qədər vədinə xilaf çıxmamışdı.

Görəsən Bakıya niyə getdi? Nəsə alıb-verəcəyi var? Nə çatmır?

Nə dolaşıq işi var ki, yaylaq səfəri bu qədər uzandı?

Suallar həddən çox idi, amma heç kim dilinə gətirmirdi. Yenə böyük oğlu Sübhan cəsarətə gəlib anasından soruşdu:

- Dədəm yaylağa niyə belə gec qalxdı? Ana, böyük oğulam, bir şey varsa, məni də məsələdən hali edin. Hacı son aylar çox fikirli gəzib dolanır. Borca düşüb, yoxsa əlindən bir xəta çıxıb?

Eyni şeyləri Məşədi Zərifə də düşünürdü. Neçə-neçə illər bundan əqdəm, təzə gəlin gələn vaxtlarda ərinin tapşırıqlarından biri də bu olmuşdu ki, çox sual verib hər şeylə maraqlanma. Arvadımsan, hər halda səndən gizli sözüm-söhbətim olmayacaq, nə olsa axırda biləcəksən. Amma o zamana qədər dözümsüzlük edib artıq sual vermə. Məcazım götürmür. Qulağında sırğa eləmişdi.

İndi oğluna- ciyərparasına, gözünün ilk ovuna nə desin, onu da üzən, sıxan, tay-tuş yanında dili gödək edən bu vəziyyətə necə aydınlıq gətirsin? Oğlanlarından betər o narahatıydı. Gah buza dönürdü, gah da od tutub yanırdı, ürəyi həyəcandan az qala ağzından çıxırdı, dili ağzında pörşələnirdi. Guya ona asan idi? Əslində, hamıdan çox o yaman gündəydi. Kiçik gəlini boyluydu. Əgər bir yerə getməyib yayı kənddə qalsalar, bir azdan doğulacaq çağa bu istidə tələf olacaqdı. Gəlinin ilkiydi. Kim bilir, sonra gəlinin vəziyyəti nə təhər olardı? Hər il yaylağa getmiş, suyunu, havasını, yaşayış tərzini yeniləyən oğul-uşaqları, nəvələri... kiş, kiş, kiş... bu dəfə o allı-güllü yaylaqları, buz bulaqları, bulaq başında, yamacların döşündə bitən yarpızı, qulancarı, qırxbuğumu, pərpətöyünü, gicirtkəni, əvəliyi, çaygülünü, kəklikotunu yığıb təzə ayranla, qatıqla dovğa bişirib təzə-təzə içməsələr, nehrə yağı ilə kətə yeməsələr, mal yataqlarından göbələk yığıb gicirtkənlə, qırxbuğumla qovurub nuş etməsələr, üstündən də kəkotulu çay içib rahatlanmasalar, aranın yayından da betər qışını necə yola verərlər (Açıqlıq olduğundan bir balaca külək əsəndə şaxta qılınc kimi kəsirdi). Yaman yerdə axşamlamışdılar. Məşədi Zərifə uyğun bir cavab vermək üçün söz axtarır, amma tapmayıb təngnəfəs olurdu. Vaxt uzatmaq üçün nəyi isə götürüb-qoyur, bəzi şeylərin yerini dəyişdirirdi.

Çırpınmaqdaykən Allah dadına yetişdi. Bir çapar yel kimi onların evinə sarı çapırdı. Məşədi Zərifənin astadan dodaqlarından tanrıya bir yalvarış qopdu: Allah, özün xeyrə cala! Çapar evlərinin qabağında bir-iki dövrə vurub atın tərini soyutdu, sakitləşdirdi, əlini atın yalına çəkdi, çağrısını sığalladı. İsmarıcını yetirməmişdən su istədi. Saxsı cürdəyin yarısının axırına çıxandan sonra toxtadı, özünə gəlib soruşdu:

- Hacı Rüstəm oğlu Sübhan sənsən?

Sübhanın lap ürəyi üzüldü:

- Bəli, bəli!

- Atan Qalağayındadı. Gecəydi deyə yola çıxmadı. Məni göndərdi. Dedi hazırlaşsınlar, sabah gecəynən yaylağa qalxacaqsınız.

- Ay səni şad xəbər olasan! - çəpərin o üzündən Məşədi Zərifə özünü saxlaya bilməyib alqış elədi:

- Oğlum, ona yaxşı xələt ver.

Sübhan nə verdisə çaparın dili ağzına sığmadı. Elə kənddən çıxanacan Hacı Rüstəmə, oğlanlarına, tayfasına dua elədi.

- Ana, siz öz yır-yığışınızla məşğul olun, mən də çobanları, nökər-naibi xəbərdar edim, sonra da atları hazırlayım.

Qız-gəlin gecəykən boğçalarını yığıb hazır qoydular. Səhərə qədər evi-eşiyi sahmana salıb, qatıra, dəvəyə yüklənəcək şeyləri artırmaya daşıdılar. Atların köhnə nalları təzələndi. Evdə qalacaq adamlara lazımi tapşırıqla verildi. Onsuz da hamı işini bilirdi, amma hər halda vəsiyyət yüngüllükdü. Təkrarın, xatırlatmanın zərəri yoxdur.

Hacı Rüstəm səhər yeməyinə özünü çatdırdı. İkindi çağında

Qalağayından çıxmışdı. Yayda gecənin ömrü çox qısa olur. Gözünü yumub açınca hava işıqlaşır. Yay yaxşı fəsildir, istisi olmaya, daha doğrusu cəhənnəm alovu olmaya.

Oğlu onsuz hər şeyi yerbəyer eləmiş, yola düşəcək adamları, heyvanları da tam səfərbər etmişdi. Qaş qaralanda Hacı Rüstəmin qəflə- qatırı Beyləqana tərəf irəlilədi. Ordan Haramıya, ordan da Cəbrayıla, ordan da Qubadlının Xanlığına qalxıb Şuşanın altı ilə Laçına çıxıb Minkəndin içindən Calbayıra, ya da Sarıyerə düşüb ikisindən birində düşərgə salacaqdılar. Daha burdan beləsi aydın idi. Bütün gərginliklər, pis günlər arxada qalmışdı.

 

***

 

Olub keçmişlərdən yaxşı dərs alan Hacı Rüstəm yaylaqda qaldığı üç ayda çox tədbirli hərəkət etdi. Güllü-çiçəkli, şirəli-şəkərli yamacların, yarğanların bal kimi şirin otlarını yeyən mal-qara xeyli doğub-törədi. Qoyun-quzunun sayı-hesabı bilinmədi. Geri qayıdarkən bir hissəsini Gorusda ermənilərə, bir hissəsini də Minkənddə yerli bəylərə satdı. Xeyli pul-para əldə etdi. Bir-birinə oxşayan xurcunlardan birinin iki gözü basabas Nikolay çervonları ilə doluydu. Hansı xurcun olduğunu üç nəfər bilirdi. Arvadı, böyük oğlu, bir də özü. Geri qayıdarkən hər üçü nəzərləri ilə həmişə həmin xurcunu gözaltılayırdılar.

 

***

 

Sentyabrın axırıydı. Bakının istisi hərdən küləkli havayla əvəzlənirdi. Pis cəhəti oydu ki, toz-torpaq üst-baş cəhənnəm, adamın gözünə dolub sonradan xoşagəlməz fəsadlar törədirdi. Şəhərdə traxoma geniş yayılmışdı. Xüsusən uşaqlar arasında bu zəhrimar aman vermirdi. Böyüklər sərvaxt olduqlarından külək əsən kimi ehtiyatlı tərpənib üz-gözlərini örtərək özlərini qoruyurdular. Uşaqlar isə bunu qanmadıqlarından tozlu küçələrdə və dalanlarda gözlərini ovxalaya-ovxalaya ora-bura qaçır, acışmış bəbəklərini çirkli gölməçə suları ilə yuyub guya təmizə çıxırdılar. Əslində gözlərini tayca da zay günə qoyurdular.

Mayda pəncərələri taybatay açılmış kontorun qapı-bacası, şüşələri kip örtülmüşdü. Görünür toz-torpaqdansa istini məsləhət bilmişdilər. Pirkeşik Qulam içəri girib baş əydi. O zamankı təriqi ilə yenə məlumat verdi:

- Ağa, Araz boyunun Qaradonlu mahalından Hacı Rüstəm təşrif gətirib.

Yenə Mirzə Mütəllimlə nəyi isə müzakirə edən Hacı Zeynalabdin

Tağıyev başını qaldırıb dinlədi, xatırladı, yadına düşdü, azca gülümsədi və dedi:

- Gəlsin.

Yaylaq havası Hacı Rüstəmə heç şübhəsiz düşmüşdü. Yanağından qan damırdı, gümrahdı. Əlbəttə, hiss ediləcək dərəcədə həm də toxtağıydı, arxayın görünürdü, amma elə də biruzə vermirdi. İnsan sərrafı olan Hacı Zeynalabdin Tağıyev idi ki, belə halı o seçə bilərdi. Hacı Rüstəmin davranışındakı əvvəlki sıxıntının və gərginliyin yerini indi hörmətkarlıq və minnətdarlıq duyğusu tutmuşdu. Yəni sənin yaxşılığını, əl tutmaqlığını unutmaram. Hacı Rüstəm yenə ədəblə əhvalpursanlıq edib dübarə hal-əhval tutdu, xoş sözlər söylədi və təklif gözlədi. Hacı Zeynalabdin Tağıyev bu dəfə əvvəlkindən daha artıq lütfkarlıq, mehmannəvazlıq göstərdi:

- Otur, otur. Səfərin necə keçdi? Vaxtında yaylağa qalxa bildinmi? Mal-heyvanın yolda-rizdə çox tələf olmadı ki? Bərəkətli oldumu barı?

Hacı Rüstəm əməlli-başlı təsirləndi. Gör necə yerli-yerində soruşur, ürəkyananlıq edir. Allah ona görə başından tökür də. Düz deyirlər ki, çox gözü-könlü tox adamdır.

Yenə minnətdarlıq elədi, Allahdan uzun ömür, can sağlığı dilədi.

Əlini qoynuna salıb yenə ipək dəsmalda bir topa qızılı ehtiyatla və yenə ədəblə - masanın üstünə qoydu. Hacı bu məqamı daha çox gözləyirdi, görsün əli gətirib deyə xoruzlanmır ki, özündən məmnun, razı deyil ki yox, bütün hərəkətləri yerindəydi, heç bir yekəxanalıq, danqazlıq yoxuydu. Həyətdə bir hərəkətlilik duyuldu, qoyun səsi, at fınxırtısı eşidildi.

- Gör, bu nə səs-küydür, kimdir mənim kontorumu mal bazarına döndərən-Hacı pirkeşiyə əmr elədi.

Hacı Rüstəm qızara-qızara dilləndi:

- Ağa, yaylaqdan gəlmişəm, sayənizdə hər şey uğurlu keçdi, xırda ayın-oyundur, aran payıdır. İrəlidən payız-qış gəlir, nuş edərsiniz, inşallah. Hər şeyi görmüş, hər ləziz təamı dadmış adamsız. Sizi nə iləsə heyrətləndirmək olmaz. Sadəcə... qanacağımızı yerinə yetiririk.

Pirkeşik qayıdıb bu dəfə ucadan məlumat vermədi, əyilib Hacı

Zeynalabdin Tağıyevin qulağına barmaqlarını qatlaya-qatlaya nəsə saymağa, pıçıldamağa başladı. Hacı Rüstəm pörtdü, qıpqırmızı qızardı. Rəhmətliyin oğlu, gərək yerli-yerində məlumat verəsən. Pirkeşik sözünü deyib qurtaranda bu dəfə də Hacı Zeynalabdin onun qulağına nəsə söylədi. Pirkeşik: -Bəceşm! deyib çıxdı. Hacı yerində azca qurcuxdu.

― Nahaq zəhmət çəkmişəm. O qədər pay olmaz. Sən elə qazandığını mənə gətirmisən ki.

Pay 20 erkək, 10 motal, üç iri mis qazan Minkənd balı, Arazdan tutulub səliqə ilə ağ cunaya bükülmüş hərəsi dörd-beş kilo gələn qızıl balıq idi. Balıqları torçulara tutdurub ayrıca torda elə Arazın içində saxlatdırıb yola düşəndə sudan çıxartdırmışdı. Ən çaparaq faytonla Bakıya yola düşmüşdü.

- Halal xoşun olsun, ağa, o sənin alicənablığın qarşısında xırda şeydir.

Hacı Zeynalabdin yenə təşəkkür edib üzünü tutdu pirkeşikə:

- Get o zaman əlinlə qoyduğun amanatı gətir kişiyə təhvil ver.

Pirkeşik geri qayıdanda yenə ipək yaylığı əlində samballadı, hətta ovcunu sıxıb dəsmalın içində heç olmasa ələ dəyən bir buğda dənəsinin belə olmasını yəqinləşdirmək istədisə yenə bir şey çıxmadı. Biləks, dəsmal boş idi. Ədəblə hacının qarşısına qoyub əl-əl üstə müntəzir dayandı.

- Bu da sənin əmanətin. Həyatdır, belə-belə şeylər çox olur.

Nə vaxt bir də belə məqam düşsə, utanmadan gəl. Pul əl çirkidir. Bu dünyadan beş arşın ağdan başqa heç kim heç nə aparmayıb hələ.

Hacı Rüstəm dəsmalı əlinə alıb özü vaqif olduğu tərzdə xışmaladı, barmaqlarının arasında sürtdü, nəsə duyub sakitləşdi və ayağa qalxdı.

― Çox minnətdaram, Hacı! Sənin də Qaradonluda kiçik bir qardaşın var. Bu başı yolunda qoymağa həmişə hazırdı.

Bu cavan bəyin danışığı və səmimiyyəti əvvəlki kimi yenə hacını əfsunlayırdı.

Qulam içəri girib baş əydi. Hacı tapşırığının yerinə yetirildiyinibildi. Aydındır.

Di yaxşı yol. Sağ-salamat evinə gedəsən Hacı əl uzatdı.

Xudahafizləşdilər.

Faytona minəndə yüklüyə iri bağlama qoyuldu.

Bu da sizə Hacının xırda bəxşişidir, - dedi qulam.

Evdə bağlamanı açanda biləcəkdi ki, iki dəst biri tünd göy, digəri isə yenə tünd palıdı rəng mahuddan iki dəst paltarlıq, bir papaq, bir dənə də əla xrom çəkmədir, üstündə də xeylağ firəng şirniyyatlarıdır.

Pirkeşik içəri girib elə kandardaca soruşdu:

- Başqa bir əmrin, göstərişin, ağa.

Hacı Zeynalabdin başını qaldırmadan dedi:

- Gedə bilərsən.

Yumşaq, yaylı kreslosunda fırlanıb dənizə baxmağa başladı.

Aradan xeyli keçəndən sonra birdən hiss etdi ki, pirkeşik qapının ağzında əvvəlki kəmali-ədəblə durub dayanıb, nəsə sözlü adama oxşayır.

- Niyə çıxıb getmirsən? Dedim mürəxxəssən.

- Ağa, elədi... rədd olub getməyimi bayaq ərz etdiniz.

- Bəs onda..?

- Ağa, məni çevir balalarının başına, qələt edirəm cəsarətimə görə, ancaq necə vaxtdır dirigözlü fikir-xəyaldan ölürəm. Allah xatirinə, lütf edin, mümkünsə məni də hali edin... o dəsmalın içindəki nə idi ki, hətta qəbz almadan da o kəndxudaya o qədri pul verdiniz, heç nə soruşmadınız. Üzüm ayağının altına, ağa. Həyasızlıq edirəmsə, məni balalarının başına çevir. Hacı Zeynalabdin gülümsəyib saqqalına tumar çəkdi, sonra mizin üstündəki təsbehini götürüb asta-asta çevirdi, fikrə getdi, aramla dedi:

- O dəsmalın içindəki Rüstəm bəyin saqqalından çəkib ora qoyduğu iki-üç ədəd tükü idi yəni onun şərəfi və namusu idi, girov qoymuşdu. Bu o deməkdir ki, mən bir bəy və kişi olaraq vədimə xilaf çıxmaram, dediyim vaxtda hüzurunuzda olub borcumu qaytarıb amanatımı geri alacam. Mənə arxayın ola bilərsiniz. Ona görə də mən ona veksel yazdırıb imza etdirmədim. İnandım. İndi anladınmı?

Pirkeşik ağzı açıla bir xeyli Hacı Zeynalabdinə baxdı. Xozeyninin sözlərini başında vərə-vürd edirdi.

Nəyisə anlamağa çalışırdı.

- Bəli, ağa, Allah Sizə ömür versin, - deyərək ayaqlarını sürüyərək eşiyə çıxdı. Mətləbi tam anlamadığı, beynində yenə nəyisə götür-qoy etdiyi yerişindən bəlliydi.

 

2012, iyul.

 

 

Azad Azərbaycan.- 2012.- 14 oktyabr.- S.7.