"Yalançı Bakı"

 

Bu layihəni təkcə Bakının yox, həm də bütün SSRİ-nin tarixində ən qeyri-adi və sirli layihələrdən biri (bəlkə də birincisi) saymaq olar. Onun barəsində bilgilər olduqca cüzidir, üzərindəki sirr haləsi hələ də götürülməyib, bir çoxları isə onun mümkünlüyünü ümumiyyətlə, şübhə altına alırlar. Ancaq indiyədək heç kim onun mövcudluğunu birmərrə təkzib etməyib. Müəllifi isə Sovet arxitekturasında dərin iz buraxmış bir şəxsdir - Konstantin Sençixin (1905-1985). Və bu böyük arxitektorun xatirələrində də həmin taleyüklü layihə barədə yetərincə məlumatlar var.

Söhbət Böyük Vətən müharibəsi illərində Bakını düşmən bombardmanından qorumaq üçün təklif olunmuş “Yalançı Bakı” layihəsindən gedir.

 

***

 

Müharibə illərində ön cəbhənin neft və yanacağa olan böyükehtiyacının ilk növbədə Bakının hesabına ödənilməsi ümumməlum faktdır. Hitlerin Bakını ələ keçirmək iştahası, alınmazsa, havadan məhv etmək planları da sirr deyil. Sençixinin “Yalançı Bakı” layihəsinin Bakının xilasında hətta həlledici rol oynadığını yazanlar bir tərəfdən paytaxtımızı gözləyən təhlükənin reallığını qabardırlarsa, digər tərəfdən də arxitektorun orijinal ideyalarına öz hörmətini ifadə etmiş olurlar.

Müharibənin ilk günlərindən Bakını hava hücumlarından qorumaq üçün ya şəhərin mühüm və çoxsaylı sənaye obyektlərinin, ya da bütünlüklə paytaxtın maskalanması ideyası aktuallaşır. SSRİ Dövlət Müdafiə Komitəsinin Baş Qərargahı müvafiq qərar qəbul edir və 36 yaşlı arxitektor Sençixin şəhərin maskalanması xidmətinə rəis təyin olunur. Onun ixtiyarına şəhərin obyektlərini həm gecə, həm də gündüz vaxtlarında havadan müşahidə etmək üçün təyarrə verilir. Konstantin İvanoviç indiki Bakıdan 30 kilometr aralıda yalançı şəhərin yaradılmasını layihələşdirir və hətta reallaşdırır. Buraya avtomobillərin, şəhər tramvaylarının, qatarların hərəkətini imitasiya edən konstruksiyaların qurulması da daxil edilir. Yalançı şəhərin miqyası real Bakının miqyasına uyğun gəlməli və uçuş edən təyyarələrdə heç bir şübhə yaratmamalıydı. Mənbələrə inansaq, layihələşdirmə və tikinti az vaxt ərzində həyata keçirilir.

 

***

 

Kim idi Konstantin Sençixin?  Azərbaycan SSR-in əməkdar arxitektoru, şəhərimizdəki bir çox binaların müəllifi, “Bakımetrolayihə”nin direktoru Sençixin 1905-ci ildə Bakıda dünyaya gəlib və bütün ömrünü bu şəhərdə yaşayıb. Təhsilini Azərbaycan Politexnik İnstitutunda alıb və 20 yaşında oranı bitirib. Onun tələbə yoldaşları sırasında Azərbaycanın tanınmış arxitektorlarından akademik Sadıq Dadaşovun, SSRİ xalq arxitektoru Mikayıl Hüseynovun adlarını çəkmək olar.

Sençixinin diplom  layihəsi Sabunçuda tikilmiş Fabrik-mətbəxdir. Şəhərin digər tikililərindən öz üslubu ilə fərqlənən həmin binadan sonra Sençixini “Bakının Le Korbüzyesi” adlandırırlar (Le Korbüzye 1887-1965-ci illərdə yaşamış məşhur fransız arxitektoru, modernin pioneridir).

1930-cu illərdə Sençixinin Bakı arxitekturasının yenilənməsində misilsiz xidmətləri başlayır. O özü həmin dönüş nöqtəsini xatırlayaraq baş vermiş bir epizodu misal çəkir: bir gün onu Bakı NKVD-sinin rəisi çağırtdırır. Qarışıq dövr olduğundan, arxitektor xof içində tutulacağının gözləntisi ilə həmin ünvana yollanır. Qəbul otağında Sençixin  həmkarı Qusmanla rastlaşır, sonra hər ikisini rəisin otağına çağırırlar.  Rəis söhbəti Sovet Azərbaycanında arxitektorların üzərinə düşən böyük missiyadan gələcək nəsillər üçün yaraşıqlı binaların tikintisinin vacibliyindən başlayır. Sonra izah edir ki, bu missiyanı gerçəkləşdirmək üçün Sençixin Qusman SSRİ-nin şəhərlərini gəzməli, tarixi yerlərə baş vurmalı, arxitektura nəzərindən əhəmiyyətli gözəl olan tikililəri öz gözləri ilə görməlidirlər.

“Bilirəm, bu, asan ucuz başa gələn deyil”, - rəis deyir seyfi açaraq oradan bir qalaq pul çıxarır, - “Bu da sizin yol xərciniz. Biz sizlərə etimad göstərir inanırıq ki, bu məbləği müdrikcəsinə sərf edəcəksiz. Pulları götürün ailələrinizlə birlikdə bir neçə aylıq səfərə çıxın, qayıdanda isə Bakı üçün vacib layihələr üzərində işə başlayın”.   

Arxitektorlar xoşbəxt sonluqla bitən görüşdən o qədər özlərini itirirlər ki, yalnız NKVD binasından çıxandan bir qədər sonra anlayırlar: pulu onlara heç bir kağıza qol çəkdirmədən, sənədsiz veriblər. Sençixin həyat yoldaşı Sofya Leonidovla ilə birlikdə SSRİ-nin müxtəlif şəhərlərinə uzunmüddətli səfər-gəzintiyə yollanır.

 

***

 

1941-ci ildə Sençixin “Yalançı Bakı” layihəsini işləyib bitirir Baş Qərargahın xüsusi komissiyasının Bakıya gəlişindən 2 gün əvvəl onu yerli hakimiyyətə təqdim edir.

Azərbaycan rəhbərliyində “Yalançı Bakı”nın tikintisi ilə bağlı layihə nəinki entuziazm doğurmur, hətta bəyənilmir. Arxitektoru ciddi çətinliklərlə üzləşəcəyi barədə xəbərdar edirlər o, Moskvadan gələn komissiyanı özü üçün bir hökm kimi gözləyir. Ancaq hər şey tərsinə olur: Komissiyanın üzvləri bir neçə dəfə real Bakının “yalançı Bakı”nın üzəri ilə uçur, müqayisə edir, məsləhətləşmələr aparırlar. Komissiyanın sədri yerli hakimiyyət nümayəndələrindən layihənin müəllifinin kim olduğunu soruşur ona bayaqdan bəri sərt verdikt eşidəcəyini gözləyən arxitektoru təqdim edirlər.

Sençixin xatırlayır: “Fikirləşirdim ki, məni yerimdəcə güllələyəcəklər. Hamının təəccübünə səbəb olan səhnə yaşandı - Moskvadan gəlmiş general mənə yaxınlaşdı, əlimi sıxdı dedi: “Ölkəmiz üçün hazırladığınız çox yaxşı unikal layihəyə görə sağ olun. Bu, o qədər realdır ki, hətta mən bilərək ki, gördüyüm real Bakı deyil, fərqləri hiss edə bilmədim”. Həmin an mən hiss etdim ki, son günlərdə yaşadığım gərginlik necə birdən-birə yoxa çıxdı. Azadolma hissi o qədər güclü idi ki, həmin gün barədə daha heç nəyi, hətta evə necə gəlib çatdığımı da xatırlamıram”.

 

***

 

Bakıda Konstantin Sençixinin layihəsi ilə ucaldılmış binaların sayı olduqca çoxdur. Bəzilərini xatırladaq: Azərbaycan Tibb İnstitutunun binası, “Dinamo” İdman Kompleksi, Azərbaycan Müdafiə Nazirliyinin binası, Səməd Vurğun Bakıxanov küçələrinin kəsişməsindəki yaşayış inzibati binalar kompleksi, Lökbatanda Mədəniyyət Sarayı, “Monolit”, “Artistlər Evi” s.

“Artistlər Evi”nin yaranmasının maraqlı tarixçəsi var Sençixin onu bu cür xatırlayır: "1938-ci ildə Moskvada Azərbaycan SSR mədəniyyəti dekadası keçirilir. “Koroğlu” operasında əsas rolu Bülbül oynayır. Tamaşaçılar arasında yer alan Stalin operadan sonra deyir: “Bu cür istedadlı artistlər Bakıda yaxşı mənzillərdə yaşamalıdır”. Sovet hökuməti Bakıda artistlər musiqiçilər üçün yaşayış binasının tikintisinə dərhal 3 milyon rubl vəsait ayırır”.

Biz Konstantin Sençixinə həm Bakı metropoliteninə görə minnətdar olmalıyıq. Məhz o, Moskvada SSRİ Nəqliyyat Nazirliyi qarşısında sürətlə böyüyən Bakıda metro çəkilişinin vacibliyi məsələsini qaldırır ideyanın təsdiqlənməsinə nail olur. “Bakımetrolayihə”yə rəhbərlik edən arxitektorun layihələrinə əsasən metronun “Gənclik”, “Depo” “20 Yanvar” stansiyaları tikilir. Bakı metrosunun birinci növbəsi istifadəyə veriləndən sonra Konstantin Sençixin Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunur.

“20 Yanvar” stansiyasının tikintisi Sençixinin son işidir (Bu layihəni o, Tokay Məmmədovla birlikdə işləyib hazırlayıb).  Layihəni başa çatdıranda o, artıq ağır xəstə idi, ancaq işini xəstəxanada da davam etdirirdi. Sençixin 1985-ci ildə, 80 yaşında vəfat edir. “20 Yanvar” (o vaxtlar “11-ci Qızıl Ordu”) stansiyasının açılış tədbirində Azərbaycan Kommunist Partiyasının 1-ci katibi Kamran Bağırov arxitektorun həmin ərəfədə vəfat etdiyindən xəbər tutur mətbuatda bu barədə heç bir məlumatın getmədiyindən əsəbiləşir. Səhərisi gün respublika qəzetlərinin hamısı nekroloq dərc edirlər...

 

 

Məmməd

 

Azad Azərbaycan.- 2013.- 21 may.- S.7.