Azərbaycan sevgisi ilə döyünən ürək

 

Sankt-Peterburq şimalın "paytaxtı" adlanırsa, Murmansk şəhəri onun gözəlidir. Bu şimal şəhərinə bu dəfəki gəlişimin əsas məqsədi görkəmli müğənnimiz Müslüm Maqamayevin anası Ayşət xanımı görmək, ondan "Respublika" qəzetinin əməkdaşı kimi müsahibə almaq idi.Onda işə təzə düzəlmişdim və yazını "ötürməyə"yer vardı.Bunu çoxdankı dostluğumuz xatirinə Ayşət xahım da bildi.İndi nə o var, nə də ki, Müslüm.Amma, həmin müsahibə, onun mənə bağışladığı və heç yerdə çap olunmayan foto-şəkilləri də şəxsi arxivimdədir. Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda çox hörmətli və məhşur bir ailədə dünyaya göz açıb. Görkəmli musiqiçi, dirijor Müslim Maqomayevin nəvəsidir, adını nəvəsində yaşatmaq ümidi ilə o yeni dünyaya göz açmış körpəni Müslüm adlandırdı. Beləliklə onlar həm baba-nəvə, həm də adaş oldular. Lakin Müslim 5-yaşında olarkən babası vəfat etdi, Müslim isə onu heç unutmadı, daim musiqilərinə qulaq asırdı.Bilirdi ki, babasının sənətini davam etdirməlidir. İllər ötdü, Müslüm babasının adını layiqincə, həm də çox dəyərlə yaşatdı. Onu bir daha ölməzliyə ucaltdı. Məşhur dirijorun nəvəsi öz bənzərsiz, bariton səsi ilə istər yaşlı, istər gənc nəslin diqqətini çəkirdi.

Atası Məhəmməd Maqomayev 1916-cı ildə Bakıda doğulmuşdur.Onun musiqi savadı olmamasına baxmayaraq royalda çox gözəl ifalar edib, hətta gözəl rəqs etməyi bacarırmış. O gözəl kinorəssam olub.

Anası Ayşət Əhməd qızı Kinjalova (qızlıq familiyası) 1921-ci il 19 noyabrda Maykopda doğulmuşdur, orda boya-başa çatmışdır. Atası türk, anası adıgey qızı olub. Lakin Məhəmməd Maqomayevlə bir-birlərini sevdiklərinə görə O, sevgisi üçün, sevdiyi üçün öz doğma diyarından ayrılıb Bakıya gəldi və Bakıda ailə qurdular. Ayşət xanımın musiqi qabilliyəti, aktrisalıq istedadı olub. O Nalçikdə teatr təhsili almışdır. Bakıya gəldikdən az müddət sonra Məhəmməd onlardan ayrılıb müharibəyə getməli oldu. Ayşət xanım müharibənin bütün ağrı-acısına dözərək yoldaşının yolunu gözlədi.Lakin sərt müharibə onun bütün arzularını qəlbində qoydu, müharibəyə yolda düşdü. Böyük Vətən müharibəsində böyük serjant kimi vuruşub, 24 aprel 1945-ci ildə həlak olub.Lakin ölüm xəbərini alandan sonra yenidən Bakını tərk edib Maykopa qayıtdı. Daha sonra Murmansk şəhərinə köçüb sənətini teatrda davam etdirdi, orda yenidən ailə qurub iki övladı oldu. Atasının ölüm xəbərini balaca Müslümdən uzun müddət gizlədiblər, sonralar böyüyüb həyatı anlayandan sonra hər şeyi öyrənib, atasıyla fəxr edib.

Bayırda şimal küləyi at oynadırdı. Amma soyuq mənə kar etmirdi, sevinirdim, uçmağa qanadım yox idi. Böyük qərənfil dəstəsini elə qapının ağzında ona təqdim etdim. Həmvətənlərimiz Ayşət xanımın Samoylov küçəsində yerləşən geniş mənzilində dəfələrlə onunla görüşmüş, hər dəfə ona tər gül-çiçək dəstələri bağışlamışlar.Əməlli-başlı kövrəldi. Sonra xatirələri vətəqlədik.O dedi:

 

 

 

- Mən Müslümün atası Məhəmmədlə 1941-ci ildə Moskvada tanış olmuşam. Onda mən Teatr Universitetində oxuyurdum... Hətta Stalin adına təqaüd alırdım . Müharibə başlanan kimi ali məktəbi qurtarar-qurtarmaz paytaxtada Azərbaycan incəsənəti ongünlüyü açıldı. Həmin günlərdə Bakıdan Opera Teatrının artistləri də gəlmişdi. Bəstəkar Müslüm Maqamayevin arvadı və oğlu Məhəmməd də onların arasında idi. Biz Məhəmmədlə onda tanış olduq. Başladıq dostluq etməyə və bizim sevgi romanımızın özülü qoyuldu...

Tezliklə bizim tələbə stdiyasını bütövlükdə Maykov şəhərinə göndərdilər. Məhəmməd də arxamca bura gəldi. Toyumuz oldu və biz evləndik. Sevincimiz uzun sürmədi. Müharibə başlanan kimi ərimi döyüşə çağırdılar. Maykopdan onu qanlı-qadalı günlərə yola saldım.

Mən teatrda yaradıcılıq işimi davam etdirirdim. Adamlara sevinc bəxş etdirmək lazım idi. Bir neçə aydan sonra Bakı mədəniyyət şöbəsi tərəfindən çağırış vərəqəsi aldım və Bakıya yola düşdüm. Vağzalda məni Məhəmməd qarşıladı. Əlbəttə, bu mənim üçün böyük xoşbəxtlik idi. Məhəmməd həyatıma tez gəlib, tez də getdi. Heyf o günlərə... Heyf... Heyf... Məhəmmədlə birgə həyatımız uzun sürmədi. O, yenidən müharibəyə getdi. 1942-ci il avqustun 17 də oğlan övladım dünyaya göz açdı. Ona müsəlman adət-ənənəsi ilə babasının-ərimin atasının adını qoyduq:Müslüm. Tale qisməti imiş Məhəmmədin övladını görməsi... Qucağında atdı, tutdu, oynatdı-oynatdı... Elə bil onun bizimlə vida görüşüydü...

Maykopu azad etdikdən sonra Müslqm qucağımda qayıtdım Maykopa. Başladıq akkordionla qospitallarda, klublarda, açıq havada konsertlər verməyə.

Qələbədən sonra aldığım məktubda bildirildi ki, Məhəmməd 1945-ci il aprelin 24- Kyustrino şəhərində həlak olmuşdur. İndi onun qəbri həmin yerdə - Polşa Xalq Respubilkasında qardaşlıq qəbiristanlığındadır. Müslüm Polşada qastrol səfərində olarkən həmin yerləri ziyarət etmişdir. Yadınızdadırmı, "Buhenvaldskiy nabat" mahnısı? Onun üçün adi mahnı deyildi. Bu onun ürək odu, ürək yanğısı, atasını müharibədə itirmiş bir övladın harayıdır.

- Ayşət xanım, azərbaycanlı oxucularımız üçün maraqlıdır: bəs,Sizin uşaqlığınız harda, necə keçmişdir?

- Mənim bütün həyatım Bakı ilə, Azərbaycanla bağlıdır, onun yaxşı adamları ilə... Səhnədə bütün həyatım boyu Kinjalova familyası ilə çıxış etmişəm. Anam milliyyətcə adıgey, atam isə türk idi. Əhməd Gəncəlioğlu Konstantinopolda anadan olmuşdur. 1905-ci ildə Rusiyaya gəlmişdir. Birdəfəlik qalmış, anamı tanımış, sovet vətəndaşlığını almış, sonralar şüşə zavodunda işləmişdir. 1930-cu illərdə türklərə vətənlərinə qayıtmaq icazə verildi, amma atam Əhməd burada qaldı. Beləcə də mənim qızlıq familiyam Kinjalova qaldı...

Müharibədən bir az sonra türkləri Qafqazdan sürgün etdilər.

Atamı da Sibirə, Tomsk şəhərindən 200 kilometr aralı yerləşən Belıj Yar adlı yerə yollanmışdılar. Yanına getdim, gördüm, onu sakitləşdirdim. Bu, bizim son görüşümüz oldu. Sonra öyrəndim ki, atam həyatla vidalaşmışdır.

Ayşət xanım qəhərli-qəhərli danışırdı: "Müslümü atasız böyütmək çətin idi, amma, çalışırdım. Həmçinin Bakıdakı qohumlarımız bizə köməklik göstərirdilər. Musiqi dərsini o Valentina Şulıkinadan götürdü. O bildirdi ki, uşaqdakı bu istedad Allah vergisidir. Müslümdə nə isə qeyri-adi bir şey var.

Bütün qohum-əqrabamız istəyirdilər ki, o, bəstəkar olsun. Qaldı ki, onun müğənni olacağı, heç kimin ağlına da gəlmirdi...

 

Tezliklə bəstəkar Müslümün arvadı, mənim qaynanam Bəydügül xanım yanımıza gəldi. O, oğlu Məhəmmədsiz günləri haqda danışdı. Söylədi ki, əgər nəvəsi yanında olarsa, oğulsuz günlərini bir az unudar. Razılıq verdim. Müslümün Bakı həyatı hadisələrlə zəngin oldu. Xəstəlik, incikliklər, çapıqlar... 50-ci illərin əvvəllərində tarzan kinofilmi çox populyar idi. Müslüm və Polad Bülbüloğlu o filmin təsiri ilə ağacdan-ağaca çıxır, hoppanır Tarzan sayağı oynayırdılar. Uşaqlıqdan dost idilər. Mənzilləri elə bir həyətdə, bir binada idi. Bir dəfə həyətdə Poladla oynayarkən mənim Müslümüm ağacdan yıxılır, qolunu sındırır... Sonra hamısı qaydaya düşdü.

- Sonralar "böyük" Müslümün şöhrəti el-el dolandı, titulları çoxaldı.

- Bəli, bakılı M.Maqamayev 1963-cü ildə Azərbaycan Opera və Balet Teatrının solisti oldu. 1968-ci ildə elə bakıdaca Azərbaycan Dövlət Konservatoriyasını bitirdi: Ş.Məmmədovanın sinifini 1973-cü ildə SSRİ-nin xalq artisti fəxri adına layiq görüldü. Şöhrəti bütün aləmə səs saldı. 1964-65-ci illərdə Milanın "La Skala" teatrında təcrübə keçdi. Onun opera səhnəsində ifa etdiyi Fiqaro ("Sevilya bərbəri", Ç.Rossini) partiyası ona daha geniş şöhrət qazandırdı. Repertuarında həmçinin "Koroğlu" (Ü.Hacıbəyov), " Şah İsmayıl" (M.Maqamayev), "Toska" (A.Tuççini), "Aleko" (S. Ramaninov) və s. operalardan ariyalar daxil oldu. O, Sopot (1969, 1-ci mükafat) və (1969, Qızıl val") keçirilən keçirilən müsabiqələrinin laueratıdır. Estrada mahnılarının müəllifi kimi də tanınmışdır. 1975-ci ildə təşkil etdiyi Azərbaycan Dövlət Estrada - Sinfonik Orkestrinin bədii rəhbəri olmuşdur. Keçmiş SSRİ-nin bir çox şəhərində və xarici ölkələrdə (Fransa, BXR, PXR, ADR, Fillandiya, Kanada, İran və s.) qastrolda olmuş, 1971-ci ildə haqqında "Oxuyur Müslüm Maqamayev" adlı film-konsert çəkilmişdir, haqqında kitablar çap olunmuşdur və s.

- Ayişət Əhmədovna, oğlunuz oğlunuz Müslümün Bakıda böyüdüyü zamanlarda Sizin şəxsi həyatınızda hansısa əlamətdar hadisə baş verdi?

- Mən ikinci dəfə ailə qurdum, -Leontiy Kafka ilə... O da aktyor idi. teatrda birgə çalışırdıq. uşaqlarımız oldu: Tanya musiqi müəlliməsi, Yura isə şəhərin "Artiqa" restoranında müğənnidir. Hər ikisi orta məktəbdə Kinjalov familiyası ilə oxuyublar. İkinci ərimlə (xahiş edirəm məni qınamayasınız) qeydiyyata düşmədiyimizdən pasport alarkən uşaqların familiyası Maqamayev oldu.

- Bəs, Murmansk Dram Teatrına, necə oldu bu şəhərə gəldiniz?

- Mənim həyatımda az teatr olmayıb. Vışni Voloçek, Tver, Ust-Kamenoqorsk, Ulan-Ude və Çimkənd teatrlarında ... Sonralar Murmansk şəhərinə dəvət etdilər. Burada yeddi il işləmişəm.

Söhbət yenidən Müslümün üzərinə qayıdır..

- 19 yaşında ailə həyatı qurmuşdu,- deyə ana söhbətinə davam edir. - Musiqi məktəbində bir yerdə oxuduqları Ofeliya adlı qızı aldı. Onlar həyat yollarında birgə addım ata bilmədilər, ayrıldılar, vəssalam. Bir uşaqları qaldı - Marina...

- Ayişət Əhmədovna, bəs, Müslümün Tamara Sinyaviskaya ilə tanışlığı necə olub.

- Onlar əvvəllər də tanış idilər. 1972-ci ildə Azərbaycanın Paytaxtı Bakı şəhərində rus incəsənəti günləri keçirilirdi. Tamara da orada iştirak edirmiş. Heydər Əliyev (O, həmin vaxtı Azərbaycan KP MK-nın birinci katibi işləmişdir) xəbər alır:

- Müslüm Maqamayev hardadır?

Ona cavab verirlər:

- Tamara da yoxdur, Müslüm də...

- Onda hər şey öz qaydasındadır, - deyə Heydər Əliyev cavab verir.

Müslümün toy şənliyi Moskvada keçmişdir. Sonra Heydər Əliyev özünün bağ evində bu şənliyi qeyd etmişdir. Müslümün şöhrətlənməsində onun zəhmətini həmişə yad edirəm. Azərbaycanlılar, Bakı haqqında xatırlayanda Heydər Əliyeviçlə görüşmək arzusu ilə yaşayıram.

Əgər böyük Allah imkan versə... O, azərbaycanlıların yolunda yaşıl işıq yandıran adamdır. Ən "xırda" incəsənət adamını tanıması, "yaşatması", köməklik göstərməsini ruslardan eşitmişəm. Övladları Sevil də, İlham da belədirlər, sadədirlər, çətində istedadlı adamlara arxadılar. Mən bunları elə-belə demirəm; bu həqiqətdir. Ata da övladları da əsl müsəlman və azərbaycanlılardırlar ki, belə hərəkət edirdilər.

Mən və oğlum Müslüm azərbaycanlıyıq və belə də dünyanı tərk edəcəyik. Bunu dəfələrlə elan etmişik və edirik: biz bir azərbaycanlı kimi bu torpağa, bu xalqa, onun səmimi adamlarına həmişə borçluyuq!

Ömrümün mənasısan,

Qardaşlıq dünyasısan-

Anamın anasısan, Azərbaycan!!!

Bəli, əgər bu qadın olmasaydı, məşhur mahnı da yaranmazdı. O, özü də doğulmazdı. Analar yer üzünün Allahıdırlar. Nə qədər ki sağdırlar, sevin anaları, ey insanlar, qoruyun göz bəbəyi kimi...

Müslümdən hər dəfə soruşanda ki, əslin, kökün, özün haralısan fəxrlə deyib: Azərbaycanlıyam! Çünki o əslinə, kökünə dayanaraq deyib bu sözü. Onlar əslən Azərbaycanın gözəl guşələrində biri olan Qax rayonunun İlisu kəndindən olublar. Məhz elə buna görə də o özünü daima azərbaycanlı hiss edib, Bakıda doğulub, boya-başa çatıb və uşaq hafizəsindən bunlar heç vaxt silinməyib. Onun Azərbaycana verdiyi dəyər sonsuz idi. Azərbaycan sevgisi ilə döyünən bir ürək 2008-ci il oktyabrın 25-də ürək xəstəliyindən bu dünyaya vida etdi. 2008-ci il 28-oktyabrda Moskvada Çaykovski adına konsert zalında, 29-oktyabrda isə Azərbaycan Dövlət Filarmoniyasında onu sevənlər Müslim Maqomayevlə adına layiqli bir şəkildə vidalaşdılar. Onun tabutunu həmişə fəxrlə, böyük ürəklə oxuduğu "Azərbaycan" mahnısı ilə qaldırdılar. Onu Bakıda Fəxri Xiyabanda öz babasının yanında dəfn etdilər, bu onun vəsiyyəti idi. Onunla vidalaşmağa minlərlə insan gəlmişdi.

Anası ö mrünün sonuna kimi qəhrəman şəhər Murmanskda yaşadı. 2003-cü ildə dünyasını dəyişib.

Qeyd etmək lazımdır ki, Müslüm Maqomayevin taleyi Murmansk ilə bağlı olmuşdur. Maqomayev Murmansk şəhərində yaşamasa da, bu şəhərin sakinləri onu özlərinə həmyerli hesab edirlər.

Böyük müğənninin anası Ayşət Maqomayeva isə Kola paytaxtında yaşamış və işləmişdir. Keçən əsrin qırxıncı illərində əksər ailələr kimi Maqomayevlər ailəsinin tarixçəsi də sadə və acınacaqlı olmuşdur.

Ayşət müharibə ərəfəsində Bakıda teatr rəssamı Maqomet Maqomayevə ərə getmişdir. 1942-ci ildə Müslüm anadan olmuş, onun atası isə cəbhəyə getmiş və 45-ci ildə Qələbədən bir neçə gün əvvəl döyüşdə həlak olmuşdur.

Dövlət Teatr Sənəti İnstitutunun Stalin təqaüdçüsü olmuş Ayşət Əhməd qızı əyalət aktrisasının köçəri həyatının bütün çətinlikləri ilə üzləşmişdir.

1971-ci ildə onu Murmansk Vilayət Dram Teatrına işə dəvət etmişdilər. Bundan əvvəl Vışni Voloçek, Tver, Ust-Kamenoqorsk, Ulan-Ude və Çimkənd teatrlarında çalışmış Ayşət Maqomayeva 2003-cü ilə qədər Murmansk teatrının aktrisası olmuşdur. Burada o, yeni ailə qurmuşdur. Müslüm Maqomayevin qohumları indiyə qədər Murmanskda yaşayır.

Murmansk Vilayət İctimai Palatasının üzvü və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Murmansk vilayət bölməsinin sədri Afil Hüseynov əslən şərurludur.O danışır ki, dünya şöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin anadan olmasının 70 illiyi 2012-ci il Avqustun 17-də qeyd edildi. Tədbirə müxtəlif milli diasporların nümayəndələri, müğənninin istedadının pərəstişkarları və jurnalistlər dəvət edilmişdi.Afil müəllim tədbiri açaraq, məşhur həmvətənimizin həyat və yaradıcılığından danışıb. Bildirilib ki, böyük müğənni 1942-ci il avqustun 17-də Bakıda, çox tanınmış və adlı-sanlı bir ailədə dünyaya göz açıb: "Onu babasının, tanınmış Azərbaycan bəstəkarı Müslüm Maqomayevin şərəfinə Müslüm adlandırırlar. Hazırda Azərbaycan Dövlət Filarmoniyası onun babasının adını daşıyır. Baba Müslümlə onun xanımı Baydıgülün iki oğlu vardı. Müslümün atası - Maqomed Maqomayev çox istedadlı insan idi. Baş serjant M.Maqomayev müharibənin başa çatmasına 9 gün qalmış Berlin yaxınlığındakı Küstrin şəhərində həlak olmuşdur. Atasının həlak olması xəbərini uzun müddət oğlundan gizli saxlayırlar və yalnız 10 yaşında həqiqəti ona söyləyirlər.

Bəstəkar babasının yolunu davam etdirən Müslüm əvvəlcə royalda çalmağı öyrənir. O, artıq 3 yaşından melodiyalar seçir, beş yaşından isə ilk musiqisini bəstələyir və ömrü boyu onu yaddan çıxarmır. Sonralar Müslüm Maqomayev şair Anatoli Qoroxov ilə birlikdə həmin melodiya əsasında "Bülbül saatı mahnısını yaradır.

1949-cu ildə Müslümü Bakı Konservatoriyası nəzdində onillik musiqi məktəbinə verirlər. Müslümün 9 yaşı tamam olanda anası Ayşət Əhmədova onu özü ilə bərabər Vışniy Voloçek şəhərinə aparır. O, burada teatrda işləyir. Müslüm musiqi məktəbində təhsil alır. Lakin musiqi təhsilini davam etdirməsi üçün anasının qərarı ilə bir il sonra Bakıya qayıdır. Geniş amplualı dram aktrisası olan Ayşət Əhmədova uzun illər Murmansk Dram Teatrında işləyib.

Müslümün taleyi Murmanskla bağlı olmuşdur. 1996-cı ildə Müslüm Murmanska səfər edir, filarmoniyada cəmi bir konsert verir, Samoylova küçəsində yaşayan anası Ayşət Əhmədovaya baş çəkir.

Müslüm Maqomayev Bakı Filarmoniyasında Tamara Sinyavskaya ilə tanış olur. Ola bilsin, bu, taleyin bir işarəsi idi. Filarmoniya Maqomayevlərin ailəvi məskəni idi. Burada əcdadların ruhu yaşayırdı. Sinyavskayanın hələ İtaliyaya səfərindən əvvəl Maqomayev Böyük Teatra ayaq açır, onun iştirakı ilə gedən bütün tamaşaları dinləyir, ona çox gözəl və böyük gül dəstələri bağışlayır.... Sonra isə onların hissləri ayrılıqla sınağa çəkilir. Tamara Sinyavskaya staj keçmək üçün yarım illiyə İtaliyaya yola düşür. Müslüm hər gün ona zəng vurur. Melodiya mahnısı həmin dövrdə yaranır. Maqomayev A.Paxmutova və N.Dobronravovun təqdim etdikləri mahnını dərhal bəyənir və artıq bir neçə gündən sonra yazdırır. Mahnıya uzaq İtaliyada telefonla qulaq asan Tamara İlyiniçna onu dinləyən ilk insanlardan biri olur.

Murmansk vilayət bölməsinin idarə heyətinin üzvləri çıxışında Müslüm Maqomayevi ümummilli lider Heydər Əliyevlə bağlayan səmimi və mehriban münasibətlərdən söz açaraq demişdir ki, ulu öndər onun yaradıcılığını daim dəstəkləyib.

Müslüm Maqomayev Vətəni ilə fəxr edir, onu sevir və həmişə deyirdi ki, "Azərbaycan mənim atam, Rusiya isə anamdır. O, Bakıdakı məhəlləsini, mehriban Xəzərin sahilindəki bulvarı heç vaxt unutmur.

Günəş sisteminin astronomlara "1974 SP1 kodu ilə tanış olan kiçik planetlərindən biri 1997-ci ildə "4880 Mamqomaev adlandırılır.

Müslüm Maqomayevin misilsiz bariton səsi, yüksək ifaçılıq qabiliyyəti və mənəvi zənginliyi dinləyicilərin neçə-neçə nəslini fəth edib. Onun imkanlarının diapazonu qeyri-adi dərəcədə geniş olub: operalar, müzikllər, Neapol mahnıları, Azərbaycan və rus bəstəkarlarının vokal əsərləri. O, 19 yaşında Helsinkidə gənclər festivalında çıxışından sonra məşhurlaşır, 31 yaşında isə ali mükafata SSRİ Xalq Artisti adına layiq görülür".

Tədbirdə şəhərin müxtəlif diaspor təşkilatlarının rəhbərləri, musiqi məktəblərinin şagirdləri, həmvətənlərimiz iştirak etmişlər.

Sonda iştirakçılara Azərbaycanın Rusiyadakı səfirliyinin təqdim etdiyi Müslüm Maqomayevin mahnıları yazılmış disklər və "Vserossiyskiy Azerbaydjanskiy Konqres qəzetinin xüsusi buraxılışı paylanıb.

Müslüm Maqomayevin Sergey Yeseninin sözlərinə bəstələdiyi və yalnız evindəki studiyada yazdırmağa macal tapdığı "Əlvida, ey Bakı mahnısı onun sonuncu əsəri olur...

Əziz Bakı, əlvida! Son görüşdür, əlvida.

Bir həyəcan, bir kədər könlümü etmiş vətən.

Ürəyim narahatdır bu ayrılıq çagında,

Adi dostluq sözünü hiss edirəm dərindən.

Ey Azər övladının yurd-yuvası, əlvida!

Damarımda qan donur, gücdən düşür qollarım.

Ən xoş anlarım kimi çıxmaz yadımdan amma,

Xəzər dalgalarıyla, Balaxanı baharı.

Salamat qal, ey Bakı! Sən sadə bir nəgməsən,

Son dəfə öz dostumu qoy bagrıma basım, qoy!

İstərəm yasəməni tüstülərin içindən

Qızıl gül tək başını üzümə tərpətsin o!

 

"Əlvida, ey Bakı şeiri doğma dilimizə 7 dəfə tərcümə olunmuıdur.Bu, Ələkbər Ziyatayın 1955-ci ildəki tərcüməsində birinci variantıdır.

Rusiyanın Murmansk vilayəti hökumətinin rəsmi saytında bu sətirlərin müəllifinin böyük həmvətənimiz, SSRİ Xalq Artisti, bənzərsiz bariton, beynəlxalq festivallar laureatı Müslüm Maqomayev haqqında məqalələri dərc edilib.Tədbir çərçivəsində sərgi təşkil edilib, əfsanəvi müğənni və bəstəkarın repertuarından mahnılar səslənib.

 

Əlihüseyn Şükürov

Azad Azərbaycan.- 2014.- 10 avqust.- S.7.