Cəlil Məmmədquluzadə və azərbaycançılıq ideyası

 

Azərbaycançılıq ideyasının inkişafında mühüm rol oynayan yaradıcı ziyalılarımızdan biri Cəlil Məmmədquluzadə olmuşdur. Cəlil Məmmədquluzadənin nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı azərbaycançılıq ideyalarının alovlu təbliğatçısı idi.

Tədqiqatçı V.Məmmədovun yerindəcə dediyi kimi, “Əkinçi”nin dövrün qulağına pıçıldadıqlarını “Molla Nəsrəddin” zamanın üzünə ucadan söyləməyə, öz ləyaqətli sələfinin məfkurəsini yeni şəraitdə, yeni müstəvidə işıqlandırmağa başladı.

Həqiqətən də, doğma ana dilini müqəddəs sayan “Molla Nəsrəddin” bir əsr bundan öncə Azərbaycanla bağlı çox mətləbləri birbaşa “Azərbaycan” adı ilə insanların “üzünə ucadan söyləmiş”, ilk dəfə olaraq, cəmi azərbaycanlıları “Azərbaycan matəmgahı”nın dərdinə əlac axtarmağa hazırlamışdır. Jurnalın 1909-cu il 2 saylı “Necə qan ağlamasın daş bu gün, qırxılır gör neçə min baş bu gün!” adlı yazısından oxuyuruq: “Bu gün Kərbəla meydanı-Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır! Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa - gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur”.

Bu tarixi sözlər beynəlxalq strukturlara inteqrasiyaya güclü meyilli, lakin torpaqlarının böyük hissəsinin natəmiz düşmən tapdağı altında olan çağdaş Azərbaycan dərdi ilə tam həmahəng səsləşir. “Molla Nəsrəddin” Azərbaycan idealının mənasını azadlığında, mədəni tərəqqisində, müstəqil dövlətçiliyinə nail olmasında görürdü. Tədqiqatçı Sona xanım Vəliyeva da milli Azərbaycan ideyasının yetişməsində yeni ziyalı zümrəsinin, o cümlədən, C.Məmmədquluzadə və “Molla Nəsrəddin”in mühüm rol oynadığını göstərir: “Milli ziyalılarımızın qabaqcıl nümayəndələrindən Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyov, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Əli Mərdan bəy Topçubaşov, Firidun bəy Köçərli, Ömər Faiq Nemanzadə, Məmməd Əmin Rəsulzadə və başqaları dövrün mütərəqqi mətbuat vasitələrində - “Həyat”, “İrşad” qəzetlərində, “Fyuzat” və “Molla Nəsrəddin” jurnallarında müntəzəm çıxışlar etməklə, milli şüurun güclənməsində və millətin formalaşmasında mühüm rol oynamışdır”.

Tədqiqatçılar milli ideyanın axtarışında C.Məmmədquluzadənin rolunu yüksək qiymətləndirirlər. H.B.Zərdabi, M.Ə.Sabir, Ə.Hüseynzadə, ƏAğayev, H.B.Vəzirov, A.Səhhət, Ö.F.Nemanzadə, N.Nərimanov, C.Məmmədquluzadə və sonrakı ziyalılar milli ideya axtarışları yollarında xeyli işlər görmüşlər. Azərbaycanlıların bir millət kimi formalaşmasının tarixi çətinlikləri ondan ibarət olmuşdur ki, onun xalqı illərlə coğrafi, iqtisadi, siyasi və mənəvi cəhətdən parçalanmış, yadellilərə qarşı mübarizə prosesində sayca azalmış, maddi və mənəvi həyatı kasadlaşmışdır. Bütün bunlara baxmayaraq, millətimizin mövcudluğu bu gün bir reallıqdır. Lakin Azərbaycan xalqı bu mübarizə prosesində daha mətinləşmiş, bütün məhrumiyyətlərə sinə gərmiş və bugünkü millət halına gəlib çıxa bilmişdir. Azərbaycan milli ideyasının yaranmasında H.B.Zərdabinin maarifçilik, C.Məmmədquluzadənin və ümumən “Molla Nəsrəddin”in demokratizmi və azərbaycançılığı, demokratik respublika tərəfindən əsası qoyulan vahid Azərbaycan vətənsevərliyi ideyaları, sovet, dövrü ziyalılarının milli oriyentasiya istiqamətindəki konstruktiv müddəaları mühüm rol oynamışdır.

Professor Əlikram Tağıyev “Milli ideya və milli ideologiya” əsərində Cəlil Məmmədquluzadənin demokratizm və azərbaycançılıq ideyasının Azərbaycanın müstəqil ideyasının formalaşmasını güclü təsir etdiyini qeyd edir.

Digər tədqiqatçı Allahverdi Məmmədov da azərbaycançılıq ideyasının inkişafında Cəlil Məmmədquluzadənin oynadığı rolu yüksək dəyərləndirir.

XX əsrin əvvəllərində yaranan və dərhal ümumxalq tribunasına çevrilən, ətrafına milli-azadlıq, azərbaycançılıq məsələsi ilə alovlanan ədəbi qüvvələri toplamış “Molla Nəsrəddin” jurnalı yeganə mətbuat orqanı idi ki, bütöv bir xalqı “deyib gəlmişdi”, bütöv bir xalqın güvənc yerinə çevrilmişdi. Jurnalın yaradıcıları C.Məmmədquluzadə və Ö.F.Nemanzadə dövrün ən qabaqcıl ziyalılarını “Molla Nəsrəddin”in ətrafına topladılar. Jurnalın redaktoru C.Məmmədquluzadənin səyi və zəhməti ilə tezliklə ədəbi yaradıcılıq tariximizdə “molla nəsrəddinçilər” kimi misli görünməmiş hərəkat, məktəb, ideologiya yarandı. “Molla Nəsrəddin” jurnalı ətrafında yetişib formalaşmışdır. Bu böyük məktəbin şairli, yazıçılı, publisistli - bütün nümayəndələri yaradıcılıq zərbəsini bir zindana vururdular. Azərbaycançılıq məktəbinin nümayəndələrinin söykəndiyi çoxbudaqlı bir nəhəng palıd vardı -Cəlil Məmmədquluzadə! Bu nəhəng palıdın bir budağında “Danabaş kəndinin əhvalatları” kimi fundamental nəsr nümunəsi, digər budağında “Anamın kitabı” kimi nəhəng dramaturji fakt, üçüncü budağında “Azərbaycan” məqaləsi kimi “Azərbaycannamə” (İ.Həbibbəyli) dayanırdı. Bu əsərlərin mövcudluğu şəraitində təcrübənin yoxluğundan şikayət etmək insafsızlıq olardı. Mollanəsrəddinçilər azərbaycançılıq ideyalarını milli-azadlıq hərəkatının tərkib hissəsi kimi qavrayaraq öz sözlərini senzuranın təqib edəcəyi birbaşa inqilab ideyaları tərzində deyil, xalqa dolayısı ilə deməyi mümkün saydılar. Bu jurnal hakim dairələrin qəzəbinə bəlkə də daha çox məhz bu keyfiyyətinə - azərbaycançılığı önə çəkməsinə görə tuş gəlmişdir.

XX əsrin əvvəllərində Rusiyada meydana gələn inqilabi hərəkatdan dərhal bəhrələnməyi bacaran C.Məmmədquluzadə və onun qələm dostları qədim milli xalq satirası ənənələrinin gücü ilə öz böyük ideallarının gerçəkləşməsinin mətbu sözlə başlanğıcını qoydular. Dövrün çox ciddi ictimai-siyasi hadisələri kontekstində jurnalı xalq həyatının parlaq güzgüsünə çevirə bildilər. “Molla Nəsrəddin xalqın həqiqət deyən səsi, əsrin əvvəllərində Azərbaycan həyatının ensiklopediyası səviyyəsinə  qalxdı.

Sona xanım Vəliyeva azərbaycançılıq ideyasının formalaşmasında Cəlil Məmmədquluzadənin xüsusi rol oynadığını göstərmişdir: XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycanın bədii-estetik və ictimai fikrində milli oyanış, özünüdərk, istiqlal düşüncələrinin cücərməsi proseslərinin renesans dövrü hesab olunur. Mirzə Cəlilin həmin dövrdə ədəbi-ictimai mühitə gəlişi ilə bu proses daha da sürətlənmiş və milli ideya getdikcə kütləviləşərək, minlərlə insanın fikir dünyasına hakim kəsilmişdir.

Söz və sənət tarixində o şəxslər korifeylik zirvəsinə ucala bilir ki, onlar xalqın, millətin və cəmiyyətin sivil inkişafına, mənsub olduğu dövlətin beynəlxalq arenada sayılıb-seçilməsinə öz fəaliyyətləri ilə istiqamət verib bu prosesdə fəal iştirak edirlər. Azərbaycan ədəbiyyatına istiqlal düşüncəsi gətirən Mirzə Cəlil ilk gündən ədəbi-estetik mühitdə azərbaycançılıq ideologiyasının banisi kimi çıxış edərək Vətənin, dilin, millətin, dünya tərəqqisinə qoşulub, sayılıb-seçilməsi ideyasını yaradıcılığının əsas devizi kimi qəbul etdi. Əlinə qələm aldığı gündən ömrünün sonunadək milli istiqlal uğrunda mübarizəni məslək kimi, ideya mübarizəsi kimi qəbul edən Mirzə Cəlil özünün dahi təfəkküründən süzülən nurun ziyasında müstəqil Azərbaycanın varlığını uzaqdan da olsa aydınca görürdü. XX əsrin əvvəllərində həm daxili, həm də Rusiya və Qafqaz hökumət dairələrinin təqiblərindən bir an belə yaxa qurtara bilməyən böyük ictimai xadim və söz ustadı nə ədəbiyyatda, nə də ki, ictimai fəaliyyətində Azərbaycan xalqının milli oyanışı, tərəqqisi və dirçəlişi, həmçinin, müstəqilliyi uğrunda mübarizəni nəinki dayandırmamış, hətta öz düşüncələrinin toplusundan yaranmış bir hərəkatın öndəri kimi ətrafında dövrünün təhsilli, açıq fikirli şəxslərini belə birləşdirə bilmişdi.

Dövrünün ədəbi-bədii, ictimai fəaliyyət meydanında yüksək enerji və milli təəssübkeşlik fəaliyyəti göstərən Mirzə Cəlil məhz bu illərdə zəmanəsinin inkişaf proseslərinin ehtiyacından doğan “Molla Nəsrəddin” jurnalını yaratdı. Azərbaycan ədəbiyyatında millət və dilin cəfakeşliyinə, Vətən sevgisinə bu gün belə alternativi olmayan bu jurnal böyük ideya məktubu kimi əsrin əvvəllərində Azərbaycanın vətəndaş ziyalılarını, mütərəqqi fikirli söz və ideya məsləkdaşlarını öz ətrafında birləşdirdi.

XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatına yeni nəsr üslubu, yeni dil (hamının başa düşəcəyi sadə bir dil) gətirən, ictimai-siyasi, ədəbi-mədəni intibaha öz gəlişi ilə ikiqat intibahlıq ruhu bəxş edən “Molla Nəsrəddin” həm də azadlıq, demokratiya, tərəqqi uğrunda mübarizənin zirvə tribunasna çevrildi.

Jurnalın nəşri ilə həm də Azərbaycan ədəbiyyatının, milli mətbuatımızın tarixində ilk dəfə kütləvi oxucu auditoriyası üçün məxsusi kəsəri və operativ təsiri ilə seçilən janr-satirik mətbuat janrı tarixə vəsiqə aldı.

Bütün fəaliyyətində mütərəqqilik duyulan C.Məmmədquluzadəni nəinki dövrünün ədəbi-bədii mühitində, həmçinin, Azərbaycanın ictimai fikir və fəaliyyət tarixində böyük demokrat adlandırsaq, heç də səhv etmərik. Bu gün Azərbaycanda demokratiyanın inkişaf etdiyi bir zamanda böyük ideoloq və nəsr ustadının demokratik fikir və ideyalarının vaxtilə nə qədər uzaqgörənliklə yazıldığının şahidi oluruq. Professor Y.Qarayev “Nəsrin və səhnənin ağrı yaddaşı” məqaləsində Mirzə Cəlilin Azərbaycançılıq və dövlətçilik ideyasına tam aydınlıq gətirərək qeyd edir: “Rəhbər tutduğu milli dövlət quruluşunun tipi xalq hakimiyyətinə əsaslanan demokratik suveren respublika quruluşu idi. Bu respublikanın perspektiv fəaliyyət proqramının isə o, üç əsas tərkib hissəsini milli dövlət, xalq hakimiyyəti, torpaq islahatı - kimi təsəvvür edirdi. Beləcə, Mirzə Cəlil ayrı-ayrı məqalələrlə yanaşı, “Molla Nəsrəddin” jurnalı ilə dövlətçilik və vətəndaşlıq ölçüsünün bütöv təlimini özündə birləşdirərək, Azərbaycan xalqının tərəqqisinə doğru yol başlayan milli istiqlal ədəbiyyatının, istiqlal mübarizəsinin həm də publisistikanın öndəri kimi ölçüsüz qiymətə layiqdir. Mirzə Cəlilin istiqlal ədəbiyyatı ilə birgə istiqlal meydanı olan “Molla Nəsrəddin” jurnalı həm də fədakarlıq, milli qeyrət məktəbi idi. Bu məktəb şəxsi mənfəətdən çıxış edənləri deyil, boğazdan yuxarı xalq, vətən deyib qışqıranların və ya kürsü davasında xarici dövlətlərə agentlik edənlərin vətən lazım gələndə qoyub qaçanların tribunası deyil yurd, xalq, həmçinin, milli dövlətçilik ideyalarının təbliği üçün mücahidlik məktəbidir”.  

Biz də Sona xanım Vəliyevanın bu fikirlərilə tamamilə razıyıq və onu ürəkdən təbrik edirik.

Mirzə Cəlil milli ideologiyasının, milli təəssübkeşliyinin davamı kimi-1993-cü ildə xalqımızın Lideri və Öndəri cənab Heydər Əliyevin müstəqil Azərbaycanda yenidən hakimiyyətə gəlişi hər şeyi öz axarına qoydu: Azərbaycan xalqının ən böyük sərvəti olan dilin adı - Azərbaycan dili özünə qaytarıldı. Heydər Əliyevin yeni şəraitdə söylədiyi: “Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir” - sözləri Mirzə Cəlil kimi milli düşüncə fədailərinin işinin bundan sonra da əsrlərlə yaşayacağını bir daha sübut etdi.

Millətin sivil inkişafı, maarifin yüksəlməsi, vətəndaşların hüquqlarının qorunması və ölkənin müstəqillik qazanması amalı ilə yaşayan Mirzə Cəlil istər ölməz əsərlərində, istərsə də, Azərbaycan tarixi dastanı olan “Molla Nəsrəddin” jurnalında daim böyük ideoloq kimi çıxış edirdi. O, maarifin, elmin və ictimai-siyasi şüurun yetkin olduğu yerdə istiqlal mübarizəsinin yolunu daha aydın görürdü və Azərbaycanı Avropa ilə müqayisə edərək yazırdı ki, Avropa ölkələrindəki mübarizə ənənələri tarixi milli yetkiliyin nəticəsidir.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Azad Azərbaycan.- 2014.- 7 may.- S.5.