Dağıstan Dövlət Teatrı Abşeronda

 

Bu gün Dağıstanın Dərbənd Azərbaycan Dövlət Dram Teatrının yaradıcı kollektivi Abşeron rayonunda qastrol səfərindədir. Səfər çərçivəsində kollektiv yazıçı-dramaturq, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə müdiri Rafiq Rəhimlinin “Sönmüş talelər” tamaşası ilə Abşeron rayon Mədəniyyət evində çıxış edib.

Tədbiri Əməkdar Mədəniyyət İşçisi və Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova açaraq tamaşaçıları salamlayıb. Bildirib ki, tamaşa narkotik və narkomanlığa qarşı mübarizəyə həsr olunub: “Dərbənd teatrı noyabr ayının 6-dan 20-dək Abşeron rayonunda oldu]u kimi Azərbaycanın bir sıra bölgələrində sözügedən tamaşa ilə çıxış edəcək. Tamaşada rolları əməkdar artistlər Mahir Məlikov, Əliyar Hüseynov, aktyorlar Şükufə Məlikova, Diləfruz Şıxməmmədova, Rəhilə Ömərova, Səbuhi Ömərov, Hörmət Aslanov, Təhminə Ömərova, Səidə Əliyeva və başqaları ifa edirlər”.

Nəzərinizə çatdıraq ki, Abşeron rayonu Mədəniyyət evinin səhnəsində nümayiş olunan tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi və Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.

Qeyd edək ki, tamaşa izləyicilər tərəfindən çox bəyənilib.

 

Hacı Tofiq Seyidzadə

Məmmədkərim Səmədov

Azad Azərbaycan.- 2014.- 19 noyabr.- S.7.