31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

 

1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 50 min azərbaycanlı öldürülüb

 

Hər il martın 31-də Azərbaycanda Azərbaycanlıların Soyqırımı Günü qeyd edilir. Ulu öndərHeydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanına əsasən qeyd edilən bu qətliam Azərbaycan xalqının tarixində faciəli hadisələrin xalq yaddaşında təzahürüdür.

İki əsr ərzində Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş soyqırımı aktına uzun illər boyu siyasi-hüquqi qiymət verilməmişdir. Yalnız 1918-ci ilin mart ayında azərbaycanlıların kütləvi şəkildə qırılması faktını soyqırımı kimi qiymətləndirmək cəhdləri olmuşdur. Lakin Azərbaycanda XIX əsrin əvvəlindən başlayaraq xalqın kütləvi şəkildə işgəncələrə məruz qalması, Azərbaycan torpaqlarının işğal edilməsi ilə müşayiət olunan bütün faciəli hadisələr tarixin yaddaşına həkk olunmuşdur. Bu gün - vaxtilə məxfiləşdirilmiş faktların üzə çıxarıldığı, əvvəllər qapalı sayılan mövzuların qaldırıldığı bir vaxtda Azərbaycan xalqının tarixi keçmişinin həqiqi mənzərəsini yaratmaq və əvvəllər təhrif olunmuş hadisələrə obyektiv qiymət vermək imkanı yaranır.

Son illərdə Azərbaycan dövləti azərbaycanlı əhaliyə qarşı soyqırımı və etnik təmizləmələr haqda həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmaq üçün çox görmüşdür. Tarix boyu ermənilər Rusiya ilə əlbir olaraq azərbaycanlılara qarşı soyqırımı siyasətini həyata keçirmişlər. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda öz mövqeyini möhkəmlətmək istəyir, Ermənistan isə Rusiyanın himayədarlığına arxalanaraq əzəli Azərbaycan torpaqlarını ələ keçirməyi arzu edirdi.

Hələ 1721-ci ildə - Qafqaza yürüş və Azərbaycanın Xəzəryanı ərazilərinin, o cümlədən Bakının işğalı zamanı yerli əhalinin ciddi müqaviməti ilə üzləşən I Pyotr öz məqsədlərinə nail olmaq üçün ermənilərdən istifadə edirdi. O, ermənilərin Bakıda və Dərbənddə yerləşdirilməsi barədə göstəriş verdi. II Yekaterina bu siyasəti davam etdirərək 1768-ci ildə ermənilərin imperiya tərəfindən müdafiə olunması barədə fərman imzaladı. 1802-ci ildə isə İmperator I Aleksandr Qafqaz canişini knyaz Pavel Sisyanova konkret təlimat vermişdi: “Azərbaycan xanlıqlarını işğal etmək üçün nəyin bahasına olursa-olsun, ermənilərdən istifadə etmək lazımdır”.

1813-cü ildə Rusiya ilə İran arasında Gülüstan müqaviləsinin, 1828-ci ildə yenə həmin dövlətlər arasında Türkmənçay müqaviləsinin imzalanması nəticəsində faktiki olaraq Azərbaycanın tarixi ərazisinin parçalanması və azərbaycanlıların öz əzəli torpaqlarından qovulması başlandı. Həmin müqavilələrin şərtlərinə görə, başqa ərazilərlə yanaşı, müasir Azərbaycanın bir hissəsi də Rusiyaya keçdi. Elə həmin vaxt ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi başlandı. Beləliklə, Azərbaycan xalqına münasibətdə işğal siyasəti başlandı və soyqırımı həmin siyasətin ayrılmaz tərkib hissəsi oldu.

Azərbaycanın iki hissəyə bölünməsi ilə nəticələnmiş Gülüstan və Türkmənçay müqavilələri ermənilərin Azərbaycan torpaqlarında məskunlaşması prosesini sürətləndirdi. Türkmənçay müqaviləsi imzalanandan dərhal sonra, 1828-ci il martın 21-də imperator I Nikolayın fərmanına əsasən İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “erməni vilayəti” yaradıldı. Faktiki olaraq, bu sənədlə Azərbaycan ərazisində gələcək Ermənistanın yaradılmasının təməli qoyuldu. Statistik məlumatlara görə, həmin dövrdə İrəvan şəhərində 7 mindən çox azərbaycanlı və təxminən 2,5 min erməni yaşayırdı.

Türkmənçay müqaviləsi imzalanandan sonra daha 40 min erməni İrandan İrəvana, Qarabağa və Naxçıvana köçürüldü. 1829-cu və 1878-ci illərin rus-türk müharibələrindən sonra da ermənilərin həmin ərazilərdə məskunlaşdırılması davam etdirildi. Türkiyədən 85 min erməni Azərbaycan torpaqlarına köçürüldü. Bütün bu proseslər azərbaycanlı əhalinin zorla qovulması və qətlə yetirilməsi ilə müşayiət olunurdu.

O vaxtdan şovinistBöyük Ermənistan” ideyasının təbliği və erməni xalqının tarixinin saxtalaşdırılması başlandı. Bu ideyadan ruhlanan və Rusiyanın hakimiyyət orqanları tərəfindən dəstəklənən erməni işğalçılar azərbaycanlılara qarşı görünməmiş amansızlıqla geniş miqyaslı aksiyalar keçirdilər. XIX əsrin ikinci yarısında azərbaycanlılara qarşı soyqırımı artıq planlı xarakter aldı. Bu məqsədlə “Qnçak” (1887), “Daşnaksütyun” (1890), “Erməni vətənpərvərlər ittifaqı” (1895) kimi ekstremist qurumlar yaradıldı. 1905-1907-ci illərdə Bakıda başlanan ilk qanlı hadisələr Azərbaycanın çoxsaylı kəndlərini əhatə etdi. Həmin illərdə minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, onların əzəli torpaqları Ermənistan ərazisinə çevrildi.

O dövrdə Rusiyada baş verən inqilabi proseslərdən istifadə edən ermənilər Azərbaycanın onlarla kənd və şəhərlərində etnik təmizləmələr apardılar, Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Eçmiədzin və başqa bölgələrdən azərbaycanlıları qovdular. 1918-ci ilin mart ayına qədər İrəvan quberniyasında azərbaycanlılar yaşayan 199 kənd talan edildi və yandırıldı, həmin ərazilərdə yaşayan 135 min azərbaycanlının bir qismi məhv edildi, qalanlar öz torpaqlarını tərk etməyə məcbur oldular. Həmin dövrdə Azərbaycanda törədilən azğınlıqlara 1917-ci il dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz məsələləri üzrə fövqəladə komissar təyin olunmuş Stepan Şaumyan rəhbərlik edirdi. Rusiya qoşunları tərəfindən işğal edilmiş Qafqazın sovetləşdirilməsi siyasətinin həyata keçirilməsi üçün Şaumyana fövqəladə səlahiyyətlər verilmişdi.

1918-ci ilin mart ayında Brest-Litovsk sülh sazişi bağlanandan sonra rus ordusu Qars, Ərdəhan və Batumini tərk etdi, çünki həmin regionlar Türkiyəyə keçmişdi və Türkiyə bu vilayətlərin azad olunmasını tələb edirdi. Rus və erməni qoşunlarının bir hissəsi İrandan və Türkiyədən qayıdaraq, o vaxt az miqdarda müsəlman könüllülərdən ibarət hərbi qulluqçuların olduğu Bakıda yerləşdirildi. Bakıdakı müsəlman hərbi qulluqçuların Lənkəranda könüllülərə silah göndərməyi qərara almasından istifadə edən Şaumyan Azərbaycanın bu cənub şəhərinə silahsursat göndərilməsinə mane olmaq barədə əmr verdi. Atışma başlandı, ölənlər və yaralananlar oldu. Bu, münaqişə üçün bir bəhanə oldu. Şaumyan rusları və erməniləri qızışdıraraq azərbaycanlıların üstünə göndərdi və Bakıda müsəlman əhalisinin qətlə yetirilməsi başlandı.

Martın 30-da səhər erməni-bolşevik dəstələri şəhəri hərbi gəmilərdən atəşə tutdular. Artilleriya atəşindən sonra silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq, onları amansızcasına qətlə yetirirdilər. Martın 31-dən aprelin 1-nə keçən gecə azərbaycanlı əhaliyə qarşı qırğın kütləvi xarakter aldı. 3 gün ərzində Bakıda 17 min nəfər öldürüldü. Şaumyanın dəstələri Bakı sakinlərini qarət edirdi. Onlar Bakı sakinlərinə 400 milyon rubl həcmində maddi ziyan vurdular. Bundan əlavə, müsəlmanların ziyarətgahlarının çoxu dağıdıldı. Ağır toplardan Təzəpir məscidinə atəş açan daşnaklar və bolşeviklər Bakının möhtəşəm memarlıq abidələrindən biri olan “İsmailiyyə” binasını yandırdılar.

Martın 30-dan aprelin 2-dək Şamaxıda törədilmiş qanlı qırğın nəticəsində 8 mindən çox azərbaycanlı, o cümlədən 2,5 mindən çox qadın və 1,3 minə yaxın uşaq öldürüldü. Azğınlaşmış daşnaklar Quba qəzasında 162 kəndi yerlə-yeksan etdilər, 16 mindən çox dinc sakini öldürdülər. Dağlıq Qarabağda azərbaycanlıların 160 yaşayış məntəqəsi tamamilə dağıdıldı, Şuşada qanlı qırğın törədildi.

1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 50 min azərbaycanlı öldürüldü, 10 mindən çox adam doğma yurdundan qovuldu. Şamaxıda 58 kənd dağıdıldı, 7 min dinc sakin məhv edildi.

Ermənilər Azərbaycan torpaqlarına iddialarını bolşevik bayraqları altında gerçəkləşdirirdilər. 1918-ci ildə əksinqilabi mübarizə şüarı ilə Azərbaycan xalqını kütləvi şəkildə qırmağa başladılar. Həmin günlərdə Azərbaycanın minlərlə dinc sakini yalnız milli mənsubiyyət əlamətinə görə məhv edildi. Evlərə od vurulur, adamlar diri-diri yandırılır, məscidlər, məktəblər, kitabxanalar, memarlıq abidələri dağıdılırdı. Ermənilər Bakı, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda azərbaycanlı əhaliyə xüsusi amansızlıqla divan tutdular.

Ermənilərin vəhşiliyinə siyasi qiymət verməyə ilk dəfə ötən əsrin 20-ci illərində, Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan sonra cəhd göstərildi. O vaxt martın 31-i matəm günü elan edildi. Lakin Xalq Cümhuriyyətinin süqutu bu prosesi uzun müddətə dayandırdı. Ermənilər isə Zaqafqaziyanın sovetləşdirilməsindən istifadə edərək, Azərbaycan torpaqlarının bir hissəsini öz əraziləri elan etdilər. Bu yolla azərbaycanlılar ötən əsrin əvvəllərində Ermənistan SSR-in ərazisindən kütləvi şəkildə qovuldular. Didərgin salınan xalqa qarşı mənəvi təcavüz başlandı: azərbaycanlıların hüquqları kobud şəkildə pozulur, onların ana dilində təhsil almasına əngəllər yaradılır, azərbaycanlılar kütləvi repressiyalara məruz qalırdı.

Sonrakı sovetləşdirmə illəri Azərbaycan xalqının onsuz da məşəqqətli olan vəziyyətini daha da ağırlaşdırdı. 1920-ci ilin baharında bolşeviklərin əlaltıları olan ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı yeni hücumları başlandı ki, bu da respublika üçün yenidən torpaqların itirilməsi ilə nəticələndi. Zəngəzur və Naxçıvan qəzaları Sovet Ermənistanının tərkib hissəsi elan edildi. Ermənilər şovinist məqsədlərinə çatmaq üçün heç nədən çəkinmirdilər. Sovet hakimiyyəti illərində Moskvanın dəstəklədiyi Ermənistan zəbt olunmuş ərazilərdən azərbaycanlıları sıxışdırıb çıxarmağa yönəlmiş şovinist siyasətini davam etdirdi.

 

Hacı TOFİQ

 

Azad Azərbaycan. - 2015.- 31 mart.- S. 2.