Afaq Məsudun 60 illik yubileyi qeyd olunub

Bakı, 2 iyun, SalamNews, Ş.Nəzərli. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsudun 60 illik yubileyinə həsr olunmuş tədbir akademik Nizami Cəfərovun "Afaq Məsud dünyası" monoqrafiyasının təqdimatı keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək Afaq Məsudun "yetmişincilər" ədəbi nəslinin istedadlı nümayəndələrindən biri olduğunu onun yeni ideyaları mövzuları ilə müasir dövr Azərbaycan ədəbiyyatının inkişafında xüsusi rol oynadığını bildirib, yaradıcılıq xüsusiyyətlərindən geniş danışıb. "Afaq Məsud dünyası" monoqrafiyası barədə danışan İ.Həbibbəyli bildirib ki, yazıçının müasir bədii düşüncədə fərdiliyi, bu özəlliyin meydana gətirdiyi bədii məziyyətlər əsərdə ustalıqla araşdırılıb.

Tədbirdə AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun "Afaq Məsudun milli modernizm ədəbiyyatının gəlişməsində rolu", filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının "Afaq Məsud yaradıcılığının tənqidi dərkində Nizami Cəfərovun monoqrafiyasının yeri", filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovanın "Afaq Məsud hekayəsi ədəbi tənqid" mövzusunda məruzələri dinlənilib.

Azad Azərbaycan.- 2017.- 3 iyun.- S.7.