Qəribə, çox qəribə əhvalat”

 

Azərbaycan Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində Miro Havranın pyesi əsasında hazırlananQəribə, çox qəribə əhvalattamaşasının premyerası olub.

 

Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı AZƏRTAC-a bildirib ki, mart ayının sayca üçüncü premyerası olan səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı, Xalq Rəssamı, Dövlət mükafatı laureatı Nazim Bəykişiyev, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Həsənovadır. Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının direktoru, Xalq Artisti Azər Paşa Nemətovdur.

 

Rollarda Xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılov, aktyor Ramin Şıxəliyev çıxış edib. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb. Səhnə əsəri bir qadın tərəfindən aldadılan iki kişinin çıxılmaz vəziyyətlə üzləşməsindən bəhs edir.

 

Qatar bələdçisi işləyən Draqitsa qadın hiyləgərliyini işə salaraq eyni vaxtda iki kişiyə ərə getməyi, üstəlik sirri uzun illər onlardan gizli saxlamağı bacarıb. Günlərin birində sirrinin üstü açılır, ikinci ərin qapısı döyülür və həqiqət bütün xırdalığına qədər tamaşaçı qarşısında aşkara çıxır. Aldadılan kişilər ortaq nöqtə tapmağa, anlaşmağa cəhd edirlər.

 

Qeyd edək ki, 1962-ci il təvəllüdlü Miro Havran məşhur xorvat yazıçı-dramaturqudur. Yazıçının əsərləri 25 dilə tərcümə olunub. Onun pyesləri müxtəlif ölkələrin teatrlarında, o cümlədən, Amerika, RusiyaBraziliya teatrlarında səhnəyə qoyulub. 2003-cü ildə Slovakiyada Miro Havranın adına beynəlxalq dram əsərləri festivalı – “Havranfestda təşkil olunub.

 

Məmmədhəsən

Azad Azərbaycan.-2018.- 11 iyul.- S.7.