Cavanlıqdan  tanıdığım Vasin Qarayev

"Hər dəfə Yasin Qarayevin yeni roluna baxmağa gedəndə mənə bir - neçə çiçək dəstəsi aldırırdılar"

Mən teatra, kinoya, səhnəyə yad adam deyiləm. Köhnə şamaxılılar yaxşı bilirlər, tanınmış səhnə ustası Ümid İsrafilovun başçılıq etdiyi Şamaxı Xalq Teatrında səhnə həyatım da olub. O zaman Şamaxıda Dövlət Teatrı bərpa edilsəydi, kim bilir, tale məni haralara aparacaqdı. Nəticədə jurnalistikanı, bədii yaradıcılığı seçdim. Amma bu seçim mənim teatra marağımı azaltmadı. Teatrı həmişə məbəd hesab elədiyimə görə, orada çalışanların hamısına, aktyorlara, rejissorlara böyük maraqla, hədsiz hörmətlə yanaşırdım. Bakı teatrlarında elə bir tamaşa olmazdı ki, onun premyerasında iştirak etməyim. Əlbəttə, hamı kimi mənim də sevimli aktyorlarım var idi. Hamının adını çəkmək istəmirəm, ancaq Yasin Qarayevin yaradıcılığına daha çox maraq göstərirdim. Mənim Bakı Dövlət Universitetində oxumağa başlamağımla Yasin Qarayevin Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlaması üst - üstə düşmüşdü. Teatr xəstəliyini tələbə yoldaşlarıma da yoluxdurmuşdum, tamaşalara dəstə - dəstə gedərdik. Tələbə yoldaşlarım arasında hətta Yasin Qarayevə vurulanlar, xüsusi münasibət bəsləyənlər də var idi. Hər dəfə yeni tamaşaya, Yasin Qarayevin yeni roluna baxmağa gedəndə mənə bir - neçə çiçək dəstəsi aldırırdılar. Əlbəttə, bu, məndə qısqanclıq yaratmırdı, müəyyən xərcə düşsəm də, çiçəkləri həvəslə alırdım, çünki bilirdim ki, həmin çiçəklər sənətkara veriləcək. Nə gizlədim, bir - neçə dəfə Yasin Qarayev haqqında məqalə, hətta kitab da yazmaq istəmişəm, amma tez də fikrimdən dönmüşəm. Düşünmüşəm ki, Yasin müəllim haqqında söz deməyə qələmimin qüdrəti çatmaz...Yasin müəllim kimdir? Mən onun yaratdığı, mənfili - müsbətli, bütün surətlərin adlarını bilirəm. Ona görə verdiyim suala asanlıqla cavab tapıram. Yasin Qarayev Cəlaldır, Quludur, Əsəddir, Qarakişidir, Qafardır, Mahmuddur...O eyni zamanda Mir Cəfər Bağırovdur! Biri - birindən fərqli obrazlar yaratmaq hər aktyora nəsib olmur. Özü də Yasin Qarayev üçün rolun böyüyü - kiçiyi yoxdur, əsas odur ki, o, özü böyükdür. Böyük aktyordur, böyük insandır, böyük vətəndaşdır. Onu izləmək, alqışlamaq üçün heç Gənc Tamaşaçılar Teatrına getmək də lazım deyildi. Yasin Qarayev özü Azərbaycan Televiziyasının sevilən "Səhər görüşləri", "Komediya aləminə səyahət" verilişlərində qarşımıza çıxırdı, ovqatımızı dəyişirdi...

Yasin Qarayev xalq artistidir, Prezident təqaüdçüsüdür, çoxlu yaradıcılıq mükafatına layiq görülüb. Aktyorun ən böyük mükafatı isə, şübhəsiz, tamaşaçı alqışıdır. Sevinirəm ki, uzun illər ərzində çoxalan, salonları bürüyən, zaman keçdikcə daha yaxından eşidilən alqış sədalarına, bir tamaşaçı kimi, mənim də alqışım qarışıb.

Məzahir Süleymanzadə

Azad Azərbaycan.- 2018.-23 oktyabr.- S.7