LAÇIN – ƏRƏNLƏR YURDU

 

Azərbaycanın dilbər guşələrindən biri də Laçındır. Laçın rayonu respublikamızın cənub-qərbində, Ermənistanla sərhəddə yerləşir. Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol – dəhliz burada yerləşdiyindən ermənilər üçün Dağlıq Qarabağa gedən yol Laçından keçir(di). Məhz buna görə də, ermənilər Laçını Qarabağın “qara qapısı” adlandırmışlar.

 

1992-ci il mayın 18-də Laçın Ermənistan tərəfindən işğal edilmişdir. İşğal nəticəsində Laçın rayonunda 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 217 mədəni-maarif müəssisəsi, 101 məktəb, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisə, 142 səhiyyə, 460 ticarət obyekti itirilib, ümumilikdə rayona 7,1 milyard ABŞ dolları həcmində ziyan dəyib.

 

Ermənilər işğaldan sonra Laçına “Berdzor” adı vermişlər. 28 ildən çox düşmən tapdağı altında olan Laçın nəhayət ki, 44 gün (27.09. – 10.11.2020) davam edən və qələbəmizlə başa çatan II Qarabağ müharibəsinin nəticəsi olaraq Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyannaməyə əsasən dekabrın 1-də diplomatik yolla azad edilərək Azərbaycana qaytarılmışdır. Beləliklə, 18 may Laçının tarixinə qara hərflərlə həkk olunduğu kimi 1 dekabr bunun əksi olaraq rayonun tarixinə qızıl hərflərlə həkk olunmuşdur.

 

Məlumat üçün qeyd edək ki, Laçın rayonu 08 avqust 1930-cu ildə yaradılmışdır. Rayonun ərazisi 1835 kvadrat kilometrdir. Rayon işğal olunarkən əhalisinin sayı 48 min nəfər olmuşdur. Hazırda Laçın rayonunun əhalisinin sayı 80 min nəfərdir. Rayon inzibati cəhətdən 1 şəhər (Laçın), 1 qəsəbə (Qayğı” və 125 kənddən ibarətdir. Laçın rayonu ərazisinə görə 66 rayonu sırasında 8-ci yerdə durur. Rayonun mərkəzi Laçın şəhəridir. Bakı şəhərindən 443 km aralıda yerləşən Laçın şəhərinin əsası 10 avqust 1923-cü ildə qoyulmuşdur. Şəhərin yerində əvvəl Abdallar kəndi mövcud olmuş, 1926-cı ildə Abdallar yaxınlığındakı dağın adı ilə Laçın adlandırılmışdır. Şəhərə bu ad yazıçı Tağı Şahbazi Simurq tərəfindən verilmişdir. Laçın şəhəri vaxtilə indiki Kəlbəcər, Laçın və Qubadlı rayonlarını əhatə etmiş Kürdüstan qəzasının (1923 – 08.04.1929) və Kürdüstan dairəsinin (25.01. – 08.08. 1930), işğala qədər isə Kəlbəcər – Laçın iqtisadi rayonunun (Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonları) və Laçın rayonunun mərkəzi olmuşdur.

 

Laçın işğal edildikdən sonra rayonun əhalisi məcburi köçkün kimi respublikanın 59 şəhər və rayonunda məskunlaşmış, rayon mərkəzi kimi müvəqqəti olaraq Ağcabədi rayonu ərazisindəki Taxtakörpü adlanan yer seçilmişdir. Artıq ərənlər, laçınlar yurdu Laçın işğaldan azad edilmiş və laçınlıların yurd həsrətinə son qoyulmuşdur. Bundan sonra Sarı Aşıq, Xosrov və Həmid bəy Sultanovlar, Nurməmməd bəy Şahsuvarov, Hüseyn Kürdoğlu, Ağa Laçınlı, Məhəbbət Kazımov ... qəbirdə rahat yatmaqla ruhları şad olacaqdır.

 

P.S. Ən çox hörmət bəslədiyim Sosialist Əməyi Qəhrəmanlarından biri laçınlı Şərqiyyə Vəliyevadır. 27 mart 2020-ci il tarixində Şərqiyyə Vəliyeva haqqında Feyzbuk səhifəmdə paylaşım etmiş və məcburi köçkünlük həyatı yaşayan 84 yaşlı Şərqiyyə nənəyə (1936) 85 illik yubileyini Laçında qeyd etməsini arzulamışdım. Artıq Laçın azaddır və inanıram ki, İnşallah Şərqiyyə nənə özünün 85 illik yubileyini Laçında qeyd edəcəkdir.

 

İldırım ŞÜKÜRZADƏ

Azad Azərbaycan.- 2020.- 24 dekabr. S. 9.