Şikar Məstəlidən iki şeir

   

Şikar İsmayıl oğlu Məstəli

 

1939-cu ildə Cəbrayıl rayonu Quycaq kəndində anadan olub. Şərqşünas-fars dili tərcüməçisidir. İranda-Əfqanıstanda tərcüməçi işləyib. Bir neçə şeir kitabının, elmi tərcümələrin və fars klassik ədəbiyyatından tərcümə etdiyi yazıların müəllifidir. Azərbaycan Dövlət Televiziyasında maraqlı yazıları gedib. İran bədi filmlərindən etdiyi tərcümələr böyük ekrandateleviziyada nümayiş olunub.

Çoxlu yazıları Respublikamızın mətbu orqanlarında, İranda və Türkiyədə dərc olunub. Şikar Məstəli indi 81 yaşındadır. Doğma yurd- anadan olduğu Quycaq kəndinə, yenicə azad olunan Cəbrayıla yola düşmək üçün günləri, saatları sayır.

Çoxminli oxucularımıza Şikar Məstəlinin iki şeirini təqdim edirik.

 

Qarabağdan

 

Sən ey igid əsgər, sən ey mərd oğul

Düşmənin əlini üz Qarabağdan!

Qalib addımlarla keç qarış-qarış

Dağlıq Qarabağdan, Düz Qarabağdan!

 

Qızıl bir bayrağa döndər qəddini

Göstər sən yağıya, göstər həddini.

Dağıdıb, tapdayıb düşmən səddini,

Vüqarla dünyanı süz Qarabağdan!

 

Zəfər bayramına dünyanı hayla

Şikar tonqal çatsın o Tay, bu Tayla

Qadir əllərinlə, əzminlə payla

Hər sönən ocağa köz Qarabağdan!

 

Haray Cəbrayılım

 

(Köçkün bir Cəbrayıllı qardaşımın dilindən)

 

Dağlardan o yanda qaldı sevincim,

Qaçıra bilmədim özüm qaçanda.

Şəridi qırıldı, dağıldı incim,

Sar qartal yurduna qanad açanda

 

Çatdlm, sığışmadı düzlər şələmə

Uc-uca gəlmədi doğanaq, sicim.

İstədim dağları alım çiynimə,

Xəyanət eylədi, çatmadı gücüm.

 

Pərişan, çinara əlvida dedim,

Kədərli-kədərli yellədi başın.

Suyundan bir ovuc içmək istədim,

Saxlaya bilmədi kəhriz göz yaşın.

 

Bir dəst yorğan-döşək götürə bildim,

Bir rəngi getmiş əski bir kilim.

Küskün Cəbrayıldan Bakıya gəldim,

Soldu gülüstanım, əyildi belim.

 

O gündən bu günə on illər keçir,

Köçkünəm, qaçqınam, çaşqınam hələ.

Fikrimdə qurduğum saraylar çökür,

Ad qoya bilmirəm acı niskilə.

 

Şəhərdə gözəl bir ev veriblər,

İanə, yardım da alıram hər ay.

Eh heyf, vətənsiz ötüşür illər,

Haray, Cəbrayılım, haray, ay haray!

 

Azad Azərbaycan.- 2020.- 8 oktyabr.- S.11.