Qarmon sevgisi ilə döyünən ürək...

 

(Və ya 32 il ömür sürmüş eloğlumuzun acı taleyi)

 

Çox dəyərli alim, pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqovun və Əməkdar incəsənət xadimi, yazıçı, rejissor, jurnalist, publisist Ağalar İdrisoğlunun məsləhəti və təklifi ilə 2020-ci ilin iyun ayında “Azad Azərbaycan”, “Təzadlar” qəzetlərində və çoxli internet saytlarında dərc olunan və indiyə kimi Azərbaycan daxilində və o cümlədən xaricdəki azərbaycanlılar tərəfindən təqribən 20,000- dən çox oxunan “Fəxr etdiymiz eloğlumuz” portret yazımı Azərbaycan qarmonu və Aftandil İsrafilovun 80 illik yubileyinə həsr etdiyim vaxtdan daha böyük axtarışdayam və Azərbaycan qarmonu, onun xaricdə yaşayan ifaçıları haqqında silsilə yazılar üzərində işləyirəm. Bu haqda çox hörmətli Ağalar İdrisoğlu da məndən Azərbaycan qarmonu ilə əlaqədar yenə sənədli hekayələr, məqalələr, oçerklər, portret yazıları yazmağı xahiş eləyib. Mən, oxucuların da marağını cəzb edəcəyini fikirləşərək aşağıdaki elegiyamı-portret yazımı qələmə aldım.

 

Müəllif

 

Dünyada yaşayan bütün xalqlar öz mədəniyyətlərinə, ədəbiyyatlarına arxalanaraq gələcəklərini davam etdirə bilərlər və etdirirlər də. Azərbaycan türkləri də tarix boyu özünün çox maraqlı ədəbiyyatına, musiqisinə və folkloruna dərindən sahiblənməklə, əsrlərdir öz mədəniyətini uğurla davam etdirirlər. Dünyaya səpələnmiş təqribən 65 milyon Azərbaycan türkü yaşadığı hər coğrafiyada milli adət-ənənələrini yaşatmış, yaşadır, bayramlarını, toylarını, sevincli günlərini və ad günlərini milli adətləri ilə qeyd edirlər. Aşağıdaki elegiyada da oxuyacağınız kimi, qardaş ölkə Türkiyədə də bu belə olmuşdur. Azərbaycan türkləri bu qardaş ölkədə alicənablığı, ziyalılığı, mədəniyyəti və bacarığı ilə tarix boyu seçilmişdir.

Sovet qırmızı imperiyasının dırnaqarası inqilabından sonra, azərbaycanlıların müəyyən bir hissəsi, əsasən də yüksək savadlı ziyalıları, vətənpərvər oğulları məcburiyyətdən başqa ölkələrə köçdülər. Rusların Azərbaycanı ilhaqından sonra Türkiyəyə köç etmək gərarına gələn ailələrdən biri də əslən Gəncəli olan Hacızadə ailəsidir. Ailə başçısı Əziz Hacızadə, həyat yoldaşı,3 oğlu və 4 qızı ilə birlikdə Qırmızı İmperiyanın 1937-38- ci illər Azərbaycanda apardığı soyqırımın, pepressiyanın onun da həbsinə qərar verildiyi bir vaxtda 1938-ci ildə Gəncədən, çox çətinliklə Türkiyənin Qars şəhərinə köçüblər. Həmin vaxtı Türkiyə Cumhuriyyətinin prezidenti olan Calal Bayar, qardaş ölkəyə gəlmələrinin xeyrli və uğurlu olması üçün Azərbaycandan gələn Gəncəli Hacızadə ailəsinə Uğurlu soyadını verilməsini uyğun görür. Ortancıl oğul Nazim, Qars şəhərində ailəsini dolandırmaq üçün atası ilə çiyin- çiyinə işləməyə başlayır. Bir tərəfdən velosiped kirəyə verir və bir tərəfdən də oxuyur. O, vaxt ərzində işlərini böyüdür, elektrik sahəsində də müəyyən işlər görməyi bacarır, bu sahədə mütəxəssiləşir və artıq onun adı Qarsda adlı- sanlı tacirlərdən biri kimi hesab edilir. Nazim kişinin uşaqlıqdan musiqiyə dərin marağı olub və xususən qarmon səsinin vurğunu olub. Gəncədə olan vaxtlarda, məhəllədə Mayil adlı bir qarmonçalan hər gün qapılarının qabağından qarmon çala- çala keçməsi, qarmondan çıxan ecazkar səslər uşaq yaşlı Nazimi o vaxtdan bu alətə valeh edib. Qarsda yaşayan digər azərbaycanlı ailələr kimi Uğurlu ailəsi də həmişə Azərbaycan radiosunun musiqi verilişlərinə qulaq asırdılar. Nazim, bir gün radio dalğası ilə üstad qarmonçalan rəhmətlik Teyyub Dəmirovun öz bəstəsi olan “Ayşadı” rəqsini onun peşəkar ifasında dinləyir. Bu rəqs ona çox xoş təsir bağışlayır və qərara gəlir ki, gələcəqdə oğlu olsa,onun adını Ayşad qoyacaq. Elə yazımın bu yerində bir haşiyə çıxıb Ayşad rəqs havası haqqında məlumat vermək istəyirəm. Bu rəqsin həm bayatı şiraz həm də şur ladında ifa ediləməsi çox çətin bir rəqsdir. Dahi qarmonçalan Teyyub Dəmirov bunu qavalın müşayeti ilə ifa etmişdir. Təəssüf ki, bu rəqsi başqa qarmon ustalarının heç biri ifa eləməyə cürət eləməmişdir, təkçə rəhmətlik Abutalıb Sadıqovun böyük ustalıqla ifa etdiyi bu rəqs müasir instrumentlərin də müşayəti ilə lentə alındı və hazırda qızıl fondda saxlanılır. Teyyub Dəmirovun oğlu ustad qarmon ifaçısı, dostum rəhmətli Hacı Teyyub də mənə bir söhbətində bu rəqsin xususən iti hissəsini çalmağın çətin olduğunu, amma Abutalıb Sadıqovun orginala yaxın ifa elədiyini və öhdəsindən layiqincə gəldiyini qeyd etmişdi. Zənnimcə indiki dövrdə bu kimi qədim rəqs havalarını cavan qarmonçalanlar da əslinə uyğun ifa etməlidirlər ki, bunlar yaddan çıxmasın və gələcəq nəsillərə ötürülsün.

Beləliklə, vaxt çatır və Nazim evlənir. Allah ona 1958-ci ildə bir oğul bəxş edir və adını əvvəldən fikirləşdiyi kimi Ayşad qoyur. Nazim bəy ürəyindəki qarmon sevgisini oğlu Ayşada da ötürür və onda qarmona böyük istək yaradır. Ayşad da uşaqlıq illərindən Azərbaycan musiqisinə, xususən də qarmonla ifa olunan musiqiləri daha dərindən dinləyir və Türkiyədə qarmon tapmaq imkanı olmadığına görə akkordeon ilə həmin musiqiləri ifa eləməyə çalışır. Yəni özü-özünün müəllimi olur.

1968-ci ildə dahi Azərbaycan bəstəkarı, əslən Gəncədən olan Fikrət Əmirov, böyük Türk bəstəkarı və dirijorü Səbahattin Qaləndərin dəvəti ilə İstanbulda öz əsəri olan “Nizami” simfoniyasını səhnəyə qoymaq üçün İstanbula yola düşür. Fikrət Əmirov, İstanbula Qars gələn qatar ilə gəlir. O, Qarsa gələndə,qatarda işləyən Nazim bəyin bir tanışı, Əmirova burada onun həmyerlisinin olduğu haqqında danışır və Nazim bəy ilə görüşdürür. Əmirov ilə Nazim bəy keçmişdə Gəncədə eyni məktəbdə oxuyublar. Fikrət Əmirov, həmyerlisinin evində 2 gün qonaq olur və doğma şəhəri Gəncə haqqında ətraflı danışırlar. Fikrət Əmirov Nazim bəyə Gəncə şəhərinin hazırki vəziyyəti haqqında çoxlu məlumatlar verir. Evdə Ayşadın da akkordeon çalmağına Fikrət müəllim qulaq asır, onun ifasından xoşu gəlir və deyir ki, “Sənə akkordeon çalmaq olmaz! Bu musiqiləri sən mütləq Azərbaycan Qarmonu ilə ifa eləməlisən”, -deməklə istedadlı cavana bir qarmon göndərəcəyinə də söz verir. Fikrət Əmirovun səfəri müvəffəqiyyətlə başa çatır və Türkiyə mətbuatı bu barədə və onun “Nizami” sinfoniyası haqqında çoxlu yazılar dərc edir. Əmirov İstanbuldan qayıdanda yenə həmyerlisinin evində 4 gün qonaq olur və sonra Bakıya qayıdır. Fikrət müəllim öz sözünü yerinə yetirir və Ayşad Uğurluya bir qarmon göndərir. Təəssüf ki, bu qarmon səhvən “Kazan” qarmonu olur. Daha sonra profesional qarmon göndərəcəyini də söyləyir amma bu ona qismət olmur.

Ayşad bu qarmon ilə öz üzərində işləməyə başlayır, vaxt keçdikcə daha da tələbkar olur və artıq “Kazan” qarmonu ilə kifayətlənmir. Sovet dövründə Azərbaycana gedib-gəlmək çətin olduğuna görə, 1975- ci ildə Nazim bəy oğluna yaxşı bir qarmon almaq üçün Təbrizdə yaşayan Hüseyn Müvəhhidi adli bir akkordeon ustasına müraciət edir, təbrizli usta qarmon tapmağın çətinliyindən danışır və Ayşad üçün akkordeonu modifikasiya yəni əlavələr etməklə qarmona uyğun hala gətizdirir. Yəni akordionun səs düzümünü si kökünə uyğunlaşdırır və sol tətəfdəki basları qarmonsayağı tempere hala çöndərir. Bu alətin səs düzümü qarmona yaxın olsa da, aydindir ki, Azərbaycan qarmonunu əvəz eləmir. Ayşad bir müddət bu alətdən də istifadə edərək, Azərbaycan musiqilərini çalaraq ifacılıq sənətinin sirlərinə daha da lazım olan səviyyədə yiyələnir.

Uğurlu ailəsi 1979- cu ildə Qarsdan İstanbula köçməli olurlar. Ayşad Uğurlu İstanbulda da qarmonunu çalmağa davam edir. O, artıq burada rəqs qruplarında qarmon çalır və Azərbaycan mahnılarını oxuyan sənətkarları qarmonu ilə müşayət edir. Hətta həmən rəqs qrupları ilə xarici ölkələrə qastrol səfərlərində də olur. Ayşad bundan əlavə Türkiyədə qarmonu tanitdırmaq üçün də səy göstərir. Lakin əlində olan həm “Kazan” qarmonu həm də Təbrizdə düzəldilmiş akkordeon onu artıq qanə eləmir. Ayşad , Azərbaycan qarmonu deyərək, bu arzu ilə yaşayır. Və qərara gəlir ki, bu qarmonu ancaq çox səlahiyyətli bir şəxsdən istəsin, bəlkə onun vasitəsi ilə qarmona sahib ola bilər. Çünki həmin illərdə Azərbaycana ancaq dəvətnamə ilə getmək mümkün idi. Onun turist kimi getməq imkanı da yox idi.

Ayşad Uğurlu 1982-ci ildə cənab Heydər Əliyevə Moskvaya bir məktub yazır, məktubda əslən Gəncəli olduqlarını və musiqi ilə məşğul olduğunu, fəqət qarmonunun olmadığını ifadə edir. Üzr istəyərək Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan cənab Heydər Əliyevdən bir Azərbaycan qarmonu xahiş edir. Həmən illər soyuq müharibə davam edirdi və Türkiyədən Moskvaya məktub yazmağa müsbət baxılmırdı. Ürəyində olan qarmon eşqi məhz bu cavan oğlanı axırıncı hall kimi və son çarə olaraq bu yola vadar eləmişdi. Uzun bir müddət cavab ala bilməyən Ayşad, Ameriqadaki Türk-Azərbaycan Cəmiyyətinin dəvətini qəbul edərək, əlindəki “Kazan” qarmonu ilə ABŞ-ın Çiqaqo şəhərinə gedir. Orada həm işləyir həm də sənət fəaliyyətlərini davam elətdirir. O gedəndən bir nəçə müddət sonra İstanbul Rus Konsolluğundan bir nümayəndə tərəfindən Nazim bəyə bir gün zəng gəlir. Telefonda deyilir ki,”cənab Heydər Əliyev bu türk gəncinə bir qarmon göndərmişdir lakin sizə tapa bilmədiğimizdən qarmonu yenidən Moskvaya qaytardiq. Lakin, Heydər Əliyev bunu rədd elədi və mütləq bu alətin sizlərə çatdırılmasına dair bizə sərəncam verdi. Qarmonuz burdadır gəlin, aparın...”.

Atası Nazim bəy çox sevinir və oğluna muştuluq verir ki, illərdir həsrətində olduğun Azərbaycan qarmonu hörmətli Heydər Əliyev tərəfindən Türkiyədə doğulmuş gəncəli Ayşad Uğurluya hədiyə olaraq göndərilmişdir.

Buradaca haşiyə çıxıb bildirmək istərdim ki, oxucular qarmon göndərilməsini kiçik hadisə hesab edə bilərlər. Lakin o zamanlar sərhədlər açıq deyildi, qarmon əldə etmək və gətizdirməq çox çətin idi. Belə yüksək vəzifəli bir siyasi xadimin bu hərəkətini əslində Azərbaycan -Türkiyə dostluğunun ən gözəl numunəsi kimi fikirləşmək olar. Bir türk gəncinin istəyinə, müdrik dövlət adamı diqqət yetirir və ona qarmon göndərir. Nəcə deyərlər; “ İki dövlət bir millət“ sözünün ən gözəl misalı kimi

1982- ci ildə Türkiyədə dərc olunan nəhəng qəzetlərdən biri “Günaydın Gazetəsi”nin jurnalisti Ərtuğrul Akbay keçmiş Sovet İttifaqındaki siyasi xadimlər ilə müsahibələr aparmaq üçün səfər edir və Moskvada Heydər Əliyev ilə bir müsahibə aparır, bunu da qəzetdə dərc edir. Həmin söhbətdə Heydər Əliyev Türkiyədən bir gəncin istəyini yerinə yetirdiyindən də danışır. Jurnalist Akbay İstanbula qayıdanda, Nazim bəyə zəng edir və Ayşadın kiçik qardaşı Kürşad Uğurlu ilə müsahibə aparır və həmin qəzetin şəklini də bu yazıya əlavə edirəm.

Ayşad uzun illərdən sonra qarmonuna Amerikada qovuşur və burada həm işləyir həm də sənət fəaliyyətlərini daha profesional davam elətdirir. O qarmonu həvəskar kimi çalsa da, yəni bu sahədə təhsil almasa da ifası peşəkar səviyyəsində idi. Çiqaqo şəhərində amerikalılar, türklər və azərbaycanlılardan ibarət bir rəqs ansamblı yaradır. Bu ansamblın balletmaysteri də Azərbaycan Dövlət Rəqs ansamblının keçmiş xoreoqrafı olan məşhur rəqqas Tanxo İzrafilovun qardaşı Moxay İzrafilov olur. Onlar bu ansanbl ilə məşqlər eləyib, çıxış edib uğurlar qazanırlar. Yenə Ayşad Uğurlu ilk dəfə olaraq Flamenqo rəqqaslarının ayaqlarını yerə vuraraq çıxardığı ritmik səslər ilə qarmonda Azərbaycan rəqs havalarını çalıb, bunları sintəz eləyib ərsəyə gətirməklə maraqlı bir ifa çıxardır. Xususən bu rəqs və musiqi havaları amerikalıların çox xoşuna gəlir.

Bu müddət ərzində Ayşad yenə bir azərbaycanlı ailənin qızı ilə evlənir və 3 oğlu olur. Vətən sevgisi onun uşaqlarının adında da öz təsirinin, gücünü göstərir. Uşaqlarına Cavanşir, Cahangir və Gəncəxan adlarını qoyur. Amerikaya qastrol səfərlərinə gələn bütöv Azərbaycanın sevimli sənət adamları, o cümlədən Alim Qasımov, Aftandil İsrafilov, Ramiz Quliyev,Vəli Qədimov, Şəfiqə Eyvazova və dünya şöhrətli sənətkar Zeynəb Xanlarova ilə də o, Amerikada görüşür.

Bundan sonra onun talehində bədbin və dəhşətli bir hadisə baş verir. Belə ki, Amerikada hər il aprelin 24-də Türk Konsulluğunun qarşısında bir tərəfdə ermənilər toplaşır Türkiyə ələyhində şuarlar deyib, sözdə soyqırım hadisəsini protest edirlər, bir tərəfdə də türk və azərbaycanlılar toplaşıb onlara əks reaksiya verirlər. Həmən bu protestlər hər il təkrar olunur hətta bəzən erməni və türklər biri-biri ilə döyüşürlər, dalaşırlar. Ayşad da hər bir vətənpərvər türk övladı kimi, ermənilərin bu fəaliyyətlərinin qarşısında durmaq üçün oradaki nümayişlərdə bir vətənpərvək kimi iştirak edirdi.

1988-cu ildə ermənilərlə olan bir döyüşdə, bir erməni onun başına Beyzbol çomağı ilə zərbə endirir. Bu zərbə Ayşadın başında anadan olduğu vaxtdan mövcud və passiv kimi olan şişi tərpədir. Bu şiş getdikcə ona pis təsir edir və müalicəsi çətinləşir. Məhz buna görə də Ayşad Amerikada beynindən əməliyyat olunur, həkimlər bildirirlər ki, şiş pis xəsiyyətlidir. O, əməliyyatdan sonra müalicə alsa da heç bir fayda vermir. Axırda Ayşadın atası Nazim bəy Amerikaya gedib, onu Türkiyəyə gətirir və Azərbaycan qarmonun vurğunu bu gözəl insan İstanbulda 23 aprel 1990-cı ildə 32 yaşında dünyasını deyişir. Talehin hökmünə bax ki, həmin gün hava da tutqun idi və elə bil ki, yer-göy belə gözəl Azərbaycan türkü üçün ağlayırdı. Bir gün sonra isə 24 aprel olacaqdı. Yəni iki il öncə 1988- ci ildə Ayşad ermənilərlə döyüşdə yaralanmışdı...

Ümummilli lider rəhmətlik Heydər Əliyevin ona hədiyyə etdiyi qarmonuna, evdə onun xatirəsinə hörmət və mənəviyyat əlaməti olaraq əl deyilmir və daha çalınmır. 2012-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın xahişi ilə, Nazim bəy qarmonu Bakıya qaytarmaq üçün Fondun Türkiyədəki nümayəndəsinə təhvil verir. Bu barədə Azərbaycan televiziyası da bir qısa metrajlı televiziya verilişi hazırlayır.

Maraqlı tarixçəsi olan bu qarmon hal- hazırda Heydar Əliyev Mərkəzində Milli Musiqi alətlər bölməsində nümayiş etdirilir. Ailəsinin tək istəyi isə Mehriban xanımın istəyi ilə qaytarılan bu qarmonun Heydər Əliyev tərəfindən Ayşad Uğurluya verilməsinin zikr edilməsidir.

Azərbaycan qarmonu sevgisi ilə döyünən ürəyə sahib bu gözəl insanın xatirəsi qarşısında baş əyib, Allahdan ona rəhmət diləyirəm. Ruhu şad olsun deyirəm. Ürəyimdən gələn bir haykırtı var və istəyirəm ki, bu haykırtını Ayşadın ruhu da eşitsin. Əziz qardaş Ayşad! Artıq sentyabr ayının 27-dən azərbaycanlılar, qan qardaşlarımız, can qardaşlarımız Qarabağda Böyük Vətən Müharibəsinə başlayıblar. Onlar böyük hücumla erməni vəhşilərini məhv edərək, Azərbaycanın üçrəngli bayrağını tezliklə Xankəndində, Şuşada dalğalandıracaqlar. Bununla rəşadətli Azərbaycan Ordusu bütün şəhidlərin qanını ermənilərdən alacaqlar. Eləcə də sənin də qanını alacaqlar. Axı sən də mədəniyyət şəhidisən. Erməni vəhşiləri ilə Amerikada döyüşdə yaralanıb, əlacı olmayan xəstəliyə mübtəla olmuşdun...

Sonra orada böyük bayram konsertləri olacaq. Azərbaycan sənətkarlarının ifasında qarmon da səslənəcək. Yəqin həmin vaxtı sənin ruhun da orada olacaq. Qarmon çalan sənəkralarımızı izləyəcəksən... Elə bu başdan deyirəm: “Ruhun şad olsun əziz qardaşım. Çünki sənin bu faciəli taleyinlə tanış olanların hamısı o cümlədən mən də çox təəssürləndim. Özümü saxlaya bilməyib, kövrəldim. Sizim-sızım sızıldadım. Bu gün də sən yadıma düşəndə kövrəlirəm. Mən qarmonu uşaqlıqdan sənin kimi sevmişəm və Azərbaycan qarmonunu dünyanın ən böyük, ən ülvi musiqi aləti bilirəm. Deməli, bizim ruhumuz da yaxın olub və Ulu Tanrı da məhz mənim, sənin haqqındaki bu yazını, bu elegiyanı yazmağımı uyğun görüb. Deməli, heç bir şey təsadüfi deyil....”.

 

Hörmətlə,

 

Hacı Naili MUSABƏYLİ

 

Ankara şəhəri

 

Azad Azərbaycan.- 2020.- 8 oktyabr.- S.8.