Əbədi ölməzlik zirvəsinə yüksələn şəhidimiz:

Kapitan Emin Mahmudov

 

İkinci Qarabağ müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıqla düşmənə layiq olduğu cavabı döyüş meydanında verməkdədir. Xalqımız da yüksək peşəkarlıq qabiliyyətinə malik vətənpərvər, qorxmaz, igid, Vətən, torpaq uğrunda qan tökməyə hazır olan qeyrətli Azərbaycan oğulları ilə öyünür. Bu cür keyfiyyətləriylə vətəninə, torpağına bağlılığı ilə düşmənə qarşı döyüş meydanında, işğal altında olan torpaqlarmızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək şəhidlik, əbədi ölməzlik zirvəsinə yüksəlmiş igidlərimizdən birikapitan Mahmudov Emin Pünhan oğludur.

Kapitan Emin Mahmudov 1994-cü ildə Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. Hələ uşaqlıq illərindən arzusu hərbçi olmaq idi. Vətənə, torpağa, xalqa xidmət etmək arzusu ilə ulu öndər Heydər Əliyevin çox böyük uzaqgörənliklə bu günümüz və gələcəyimiz üçün hələ Sovetlər İttifaqı dövründən yaratdığı Ali Hərbi Akademiyanı yüksək qiymətlərlə bitirərək, ən çətin qaynar nöqtələrdə zabit kimi xidmətə başlayıb.

2016-cı ilin Aprel döyüşlərində fəal iştirak edib, düşmənə sarsıdıcı zərbələr endirilməsində peşəkar zabit olaraq böyük şücaət göstərib. Emin Mahmudov İkinci Qarabağ müharibəsində də Aprel döyüşlərində olduğu kimi bir çox qəhrəmanlıq, igidlik nümayiş etdirib. Kapitan rütbəsi daşıyan Emin Mahmudov Füzulu, Cəbrayıl ərazisində gedən qanlı döyüşlərdə düşmənə qarşı göstərdiyi mərdlikləri ilə daim döyüş dostlarına nümuna olmağa çalışıb və bunun öhdəsindən ləyaqətlə gəlib. Düşmənin bir çox canlı qüvvəsinin, texnikasının məhv edilməsində əsgər yoldaşları ilə birlikdə böyük şücaətlər göstərib.

Oktyabrın 12-də kapitan Emin Pünah oğlu Mahmudov göstərdiyi belə qəhrəmanlıq əməliyyatlarının birində şəhidlik zirvəsinə yüksəlib. Onun xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib.

Şəhidin atası Pünhan müəllim bizimlə söhbətində bildirdi ki, onun özü də Vətən yolunda döyüşməyə hazırdır: «Bizim Dövlət Himnimizdə yazılıb, «Ey qəhrəman övladın şanlı vətəni, səndən ötrü qan tökməyə, cümlə hazırız». Bu, bizim hər birimiz üçün icrası məcburi olan bir əmrdir. Bizim hər birimiz yaşımızdan aslı olmayaraq vətənimiz, torpağımız uğrunda qan tökməyə hazır olmalıyıq. Mənim altmışa yaxın yaşım var, ancaq bu dəqiqə Vətən yolunda döyüşməyə getməyə hazıram. Biz Ali Baş Komandanımız İlham Əliyevi dəstəkləyirik. Vətən yolunda ölümə getmək, şəhid olmaqdan böyük şərəf duyuruq. Qüruq hissi keciririk ki, Qarabağımızı Ordumuzun gücü ilə işğaldan azad edirik. Mən fəxr edirəm ki, mənim oğlum da Vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Bizim hər birimiz şəhid olmağa, torpağımızı, vətənimizi qorumağa, qan tökməyə, can verməyə hazırıq. Çünki, biz şəhid verməsək, qan tökməsək, can verməsək torpaqlarımızı düşməndən azad edə bilməzdik. Ali Baş Komandanımızın dediyi kimi, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!»

Şəhid atasından eşitdiyimiz bu sözlər həqiqətən qürurvericidir. Var olsun Müzəffər Ordumuz! Azərbaycan əsgəri irəli!

 

Dəmir QURBANLI

 

Azad Azərbaycan.- 2020.- 29 oktyabr.- S.7.