Hardasa o uzaqlarda...

 

İstedadlı gənc şairənin yaradıcılığına qısa baxış

 

Qısa tanıtma: Sevinc Qərib Laçın şəhərində doğulub. Orta məktəb illərindən şeir yazmağa başlayıb. 1992-ci ildən məlum işğal hadisələri ilə əlaqədar ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşıb. Yeniyetmə yaşlarından məcburi köçkün həyatı yaşayan, yurd acısı çəkən Sevinc Qərib Sumqayıtda ədəbi yaradıcılığını davam etdirib. Şeir məqalələri ilə müxtəlif qəzet səhifələrində görünüb. İş fəaliyyəti şəxsi həyatındakı problemlərlə bağlı xeyli müddət ədəbi mühitdən uzaq qalıb. Yaradıcılığı davam etsə , dərc olunmaqdan imtina edib.

 

2016-cı ilin sonlarından o, ədəbi mühitdə yenidən görünməyə başlayıb. Mütəmadi olaraq dövri mətbuatda, müxtəlif qəzet dərgilərdə şeir yazıları ilə çıxış edir. 2017-ci ildə Hardasa o uzaqlarda... adlı ilk şeirlər kitabı işıq üzü görüb.

 

Kitabın ilk geniş təqdimatı Sumqayıt Poeziya Evində keçirilib. Sevinc Qəribin özünəməxsus yaradıcılığı, fərqli üslubu qələm əhli oxucular tərəfindən rəğbətlə qarşılanır. Yaradıcılığı haqqında müxtəlif müəlliflərin təhlili məqalələri çap olunub. Türkiyə türkcəsinə uyğunlaşdırılmış bir neçə şeiri Baküden Fethiyeye Gönül Körpüsü adlı antologiyada yer alıb. Cənubi Azərbaycanda fəaliyyət göstərən Ədəbi Körpü aylıq dərgidə onun şeirləri dəfələrlə çap olunub.

 

İndi isə Sizə Sevinc Qəribin bir neçə şeirini təqdim edirik.

 

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

 

 

 

Bir qara əl oynayır sevincimin içində

 

Ayrılıqdan vüsala salınıb bu körpülər,

 

Eh... hələ uzaqlar yetimlik çəkir orda.

 

Qorxuram bu yolların etibarı qırıla,

 

Həsrət yerin bərkidir, təzə ev tikir burda...

 

 

Körpülərin tağları qırıq bəndə söykənib,

 

Bir qara əl oynayır sevincimin içində.

 

Gün təzə boylanırdı duman özün yetirdi,

 

Yenə yollar üşüyür yiyəsizlik biçimdə.

 

 

Bir talesiz yurd orda, üstü kədər örtüklü,

 

Bəxt güzgüsü çatlamış gəlin ömrüdü ömrü.

 

Çırağının nefti yox, suyu başdan bulanıb,

 

Ocağı közsüz qalıb, oğurlanıb kömürü.

 

 

Şeytan quyruq bulayır tüstüsüz bacasında,

 

Qapısında iblisin nökərləri yallanır.

 

İlahi göydən baxıb düşünür görəsən,-

 

O yurdun adamları yenə nəyə aldanır?!!

 

 

Yenə savaş oxuyur meşələrdən gələn səs,

 

Səbri daha dar gəlir bu torpağın əyninə.

 

Ağaclar qulağını söykəyib qayalara,

 

Güllələrin səsini həkk eləyir beyninə...

 

 

Yollar qucaqlayıb köhnə izimi

 

Yoldumu izimi çəkib aparan,

 

Mənəmmi bu yolun inadın qıran?

 

Kimiydi yanımdan ötdü çaparaq,

 

Kimiydi uzaqdan əl edib duran?

 

 

Yol məni, mən yolu gedib bitirdik,

 

İndi ayrılırıq bir tin başında.

 

O məndə, mən onda itib gedirdik,

 

Fərqində deyildik yayın, qışın da.

 

 

Fəsil tanımadıq, il tanımadıq,

 

Qarı ayaqlayıb, buzu adladıq.

 

Kölgəni yurd seçib daldalanmadıq,

 

Küləyi belindən iki qatladıq.

 

 

Keçdik keçilməzi, tərsi ram etdik;

 

Aşdıq olmaz adlı aşırım səddi.

 

Qismətə bölünməz kəsri tam etdik;

 

Hasil ömrümüzdə qoşa ədəddi.

 

 

Mənəmmiş yanımdan tələsik keçən,

 

Mən yola düşəndə saçım qaraydı.

 

Dünən zirvədəki qartalı seçən,

 

Göz indi bilmədi hara haraydı.

 

 

Belə unudurmuş insan özünü,

 

Belə ötüşürmüş illər xəbərsiz.

 

Yollar qucaqlayıb köhnə izimi,

 

Təzə iz qoymağa ayaq təpərsiz.

 

 

Yıxılmazdı ürəyimdən adamlar

 

Bircə adam saxlayaydın gözümdə,

 

Kiçiltməzdin ucaltdığım dağları.

 

Bircə ümid, bircə inam, tək güvən...

 

Qaraltmazdın dürr bildiyim ağları.

 

 

Gətirməzdin gözlərimə payızı,

 

Başlamazdı yarpaq-yarpaq tökümlər,

 

Xəzanına bulaşmazdı taleyim,

 

Yıxılmazdı ürəyimdən adamlar.

 

 

O qadın da yalançıymış, İlahi,

 

Aldandım şeytanın mələk üzünə.

 

İblisiymiş, qaranlığın Allahı

 

İşıq kimi görünürmüş gözümə.

 

 

O adam da babasıymış günahın,

 

Savab bilib yar seçmişəm özümə.

 

Düz sözəydi apardığım pənahım

 

Güvəndim... aldandım kişi sözünə.

 

 

Bircə adam saxlayaydın gözümdə,

 

Bircə ümid, bircə inam, tək güvən...

 

 

Əllərimi tanrıya borc vermişəm

 

Sənə könlümə yağan yağışdan,

 

Ruhunu, könlünü buz tutan adam.

 

Çəkmə izlərimi, çəkmə yoxuşdan,

 

Şeytanın evinə üz tutan adam.

 

 

Mənim ruhum başqa, düşüncəm başqa.

 

Quşun dimdiyində yem sevinciyəm.

 

Könlümə dost olur bəzən qarışqa,

 

Kimdi bu qəribdən küsüb inciyən.

 

 

Əbəsdir tənimə yetişmək cəhdin,

 

Məni dağ doğurub, səni dərələr.

 

Sənin savab ilə ötüşmək cəhdin,

 

Xülyadı, önünə iman sərələr.

 

 

Çək uzağa duasız əllərini,

 

Mən göylərdən duaları dərmişəm.

 

Savab yazsın deyə əməllərimi,

 

Əllərimi Tanrıya borc vermişəm.

 

 

Vicdan qamçılayıb atını, səndən-

 

Çox-çox uzaqlarda dincini alır.

 

İnsaf da, mürvət dolanır gendən,

 

Boğaza çəkməyə ülgücün qalır.

 

 

Mənim könlüm yalın, ruhum da çılpaq

 

Umduğum bir ovuc torpaqdı, Allah!

 

Suyunu, havanı ver özgələrə.

 

Ürəyim bir əsim yarpaqdı Vallah,

 

Bir ovuc torpağı çox görmə mənə.

 

 

Bir xışma torpaq ver yastıq əvəzi,

 

Elə bircə xışma sürtüm gözümə.

 

Çıxsın azadlığa dustaq nəfəsim ,

 

Torpaq ətri dolsun ciyərlərimə.

 

 

Hər gecə yuxuma hicran tökülür,

 

Hər gecə yuxumda torpaq görürəm.

 

Nəfsimin ilməsi sap-sap sökülür,

 

Hər gecə yuxumda torpaq yeyirəm.

 

 

Umduğum bir ovuc torpaqdı, torpaq!

 

Dünya qoy dünyanın qalsın özünə.

 

Mənim könlüm yalın, ruhum da çılpaq,

 

Bir ovuc torpaq ver çəkim üstümə.

 

 

Ruhum leysanlara təslim

 

Balışıma daşır gözüm,

 

Kürdən qopan qol kimidi.

 

Öyrənib sulara üzüm,

 

Ümmana bir yol kəm idi.

 

 

Susuram, içim alışır,

 

Dinirəm sözüm yandırır.

 

Var olan nəyə çalışır,

 

Məni yoxa inandırır?!

 

 

Haqq verər göz gördüyünə,

 

Aldadar qulaq adamı.

 

Bəxtim düşüb kor düyünə,

 

Əcəl alacaq "qadamı".

 

 

Kərpic-kərpic hördüyümə,

 

Divar-divar ah sarılır.

 

Ömür deyib sürdüyümə,

 

Dərd baxır bağrı yarılır.

 

 

Əlimi tutan öz əlim,

 

Ayaqlarıma əsayam.

 

Əsirdi ağzımda dilim,

 

Səbrini udan kasayam.

 

 

Getdiyim yolun kəsəsi,

 

Qəmin izinə calanır.

 

Kimim var umub küsəsi,

 

Kölgəm dizimə dolanır.

 

 

Duyğularım uçuq, pərən,

 

Ruhum leysanlara təslim.

 

Ehh... nəfəsindən öpərəm

 

Dönsə könlümə söz fəsli...

 

* * *

 

İnsafın olsun göy üzü

 

bir gecəlik

 

zülmətini çək içinə.

 

Bir ulduzu pay ver mənə

 

yastığımda rəqs eləsin

 

saçlarımın havasına .

 

bir az nurundan götürüm

 

pərdə tutum qaranlığın

 

yuvasına.

 

Buz donunda təklik ruhu

 

var-gəl edir otağımda.

 

Ayı ver çəkim üstümə

 

örtüyüm olsun bu gecə.

 

Qucaqlasın işıq məni

 

qaranlığın canı çıxsın

 

yatağımda...

 

həsrətin yorduğu

 

ömür kimidi

 

qaranlıqdan doyan gözüm:

 

bir az yuxu umacağı,

 

bir az işıq istəyi var.

 

İnsafın olsun göy üzü,

 

bircə gecə zülmətini çək içinə.

 

 

Ümidlərin dirildiyi yerə

 

Çox qalan deyiləm buralarda,

 

yerini dar elədiyim adam!

 

Bir ovuc torpağa möhtacam,

 

Bir udum vətən havasına.

 

Getmək üçün yol gərəkdi,

 

Qalmaq üçün bəhanəm yox.

 

Gecələrin ümidsiz səhərindən

 

təngə gəlmişəm,

 

gündüzlərin gecə rəngindən

 

yorulmuşam.

 

Yollar zülmətin qusduğu

 

qaranlıq kimi görünməz,

 

uzaq, qorxulu...

 

ümidlər ölü, arzular yaralı,

 

dilək dilənmir dildə,

 

gedib Tanrıya çatmır dualar,

 

yalvarışlar,

 

göyün gözətçiləri yuxulu...

 

çox qalan deyiləm buralarda,

 

yerini dar elədiyim adam!

 

Axtarıb tapacam

 

qaranlıqda itən yolları,

 

çıxıb gedəcəm

 

ümidlərin dirildiyi yerə...

 

Sevinc Qərib

 

Azad Azərbaycan.- 2021.- 1 aprel.- S.11.