Öz elimin, yurd-yuvamın qızıyam

 

Qadın gülərsə...

 

Əgər qadının elmi tərifi olsaydı, orada kövrəklik ifadəsi mütləq yer alardı. Buna heç kəsin şübhəsi olmasın. Mən əminəm ki, tarixə Dəmir ledi kimi düşən qadınların belə, qəlbində hansısa bir məqamda kövrəklik olub. Bu ilin aprel ayında dəvət aldığım bir ədəbi məclisdə əlimə bir kitab keçdi. Mənim tale yolum adlanan kitabın üz qabığında əsl azərbaycanlı bir xanımın baxışları ilə rastlaşdım. İstənilən kitaba mündəricatdan boylanmaq kimi bir adətim var. Bu dəfə də adətimə uyğun kitaba baxarkən, şeirlər toplusu olduğunu anladım.

 

Həmişə etiraf etmişəm ki, poeziyaya ruhən yaxın olmasam da, mənalı şeirdən yan ötə bilmirəm. Beləcə, müəllifini tanımadığım kitabı vərəqləyə-vərəqləyə bir neçə şeirin oxucusuna çevrildim. Şeirlərdəki həsrət, niskil diqqətimdən yayınmadı və müəllifi axtarıb tapmaq kimi bir jurnalist marağı yarandı məndə. Axtardım və onu ruhumun şəhəri olan Gəncədə tapdım. Məlum oldu ki, bir neçə kitabın müəllifidi, mətbuatda imzası da görünür. Və onu Qadın gülərsə rubrikamızın qonağı kimi görmək istədiyimi bildirəndə, Səlbi Baxış imzası ilə tanınan bu xanım məni Əgər qadın gülərsəadlı şeiri ilə qarşıladı. Və ilk öyrəndidiyim o oldu ki, şeirlərindəki həsrət və niskilin bir adı - Vətən. Təqdimatı isə onun öz ixtiyarına buraxıram. Gəlin tanış olaq.

 

ADDIM

 

1966-cı ilin soyuq fevral ayında Qərbi Azərbaycanın Vedi rayonunun Şirazlı kəndində dünyaya göz açmışam. İki aydan sonra ailəmiz Xanlar rayonuna (indiki Göygöl) köçdü və beləcə həyatım bu rayona bağlandı. 1984-cü ildə Göygöl rayonunda 4 saylı məktəbi əla qiymətlərlə başa vurdum. Ədəbiyyata çox meylli idim, təhsl almaq isə arzularımın zirvəsi idi. Lakin hərənin bir alın yazısı var və insan yazılan qədəri də yaşayır. Nə qədər səy göstərsəm də, cəhdlərim boşa çıxdı, ali təhsil almaq mənə nəsib olmadı, çünki müsabiqələr imkan vermədi. Ailə qurandan sonra belə, cəhdimdən qalmadım, lakin arzum yetməyən bir istək kimi eləcə də qaldı. Ədəbiyyata olan sevgimdən erkən yaşlarımdan yazıb-pozurdum. Amma o zamanlar bilmirdim ki, nə vaxtsa Vətən həsrəti məni qələmə sarılmağa məcbur edəcək.

 

AİLƏ

 

Yeddi uşaq olmuşuq ailədə - iki qardaş, beş bacı. Mən ailənin dördüncüsüyəm. Atam Qafar Məmmədov ailəsini fəhləlik etməklə saxlayıb. Anam Rəna Məmmədova da böyük bir külfəti dolandırmaq üçün atama həmişə kömək edib. Onlardan daima eşitdiyimiz öyüd-nəsihət düzlük və halallıq olub. Bu nəsihət indiyə qədər yol yoldaşımdı. Bizlərdən təhsil alan təkcə böyük bacım oldu, Musiqi texnikimunu bitirə bildi, gözəl muğamlar ifa edir. Valideynlərim bu həyatda özlərindən sonra mehriban, bir-birinə çox bağlı övladlar qoya bildi. Əfsus ki, onları tez itirdim, demək olar ki, bir-birinin ardınca. Bu azmış kimi qardaş acısı yaşamaq da bizə nəsib oldu. Hərəmiz bir evin çırağını yandırsaq da, ata-anamızın bizə aşıladığı mehribanlıq öz axarında davam edir.

 

YOL

 

Həyatda hərənin öz yolu, öz cığırı var. Oxumaq kimi yetmədiyim bir arzum qalsa da, bacardığım qədər öz cığırımı tapa bildim. Bu cığırı tapmaqda mənə əvvəllər əlimə aldığım qələm kömək etdi. Adətən deyirlər ki, dərd insanı dilə gətirir. Vətən həsrəti mənə böyük dərd oldu. Qürbət adlı həyat məktəbində dərs aldım. Bir də gördüm ki, içimdə, düşüncəmdə nə varsa, hamısı misralara çevrilir. Nə şair, nə də yazar deyirdim özümə. Yazdıqlarımı üzə çıxarmağa belə utanırdım. Həyat yoldaşım Eldar məni çox həvəsləndirirdi. Vətənə növbəti gəlişlərimin birində Vedibasar qəzetinin redaktoru, çox hörmət bəslədiyim Nəsibə İsrafilqızı yazdığım şeirləri görüb ilk müəllim kimi əlimdən tutaraq, məni cəsarətli olmağa yönəltdi. Və beləcə, bu iki insanın təkidilə 2015-ci ildə Mənim tale yolum və Səadət sevgidədi, 2020-ci ildə isə Dərdim niyə azalmır kitablarım işıq üzü gördü.

 

Söz qoşaraq, şeir yazdım dərdimə,

 

Göy yamaclı, bağ-bağatlı kəndimə,

 

Ana yurdum, baba yurdum Vedimə,

 

Vətənimin igid əsgər qızıyam.

 

VƏTƏN

 

Vətənin dəyərini qürbətdə yaşayanlar daha yaxşı bilir. Bu həsrət, bu niskil sardı məni qələmə. Bu həsrətin nə olduğunu kiçik yaşlarımdan nənə-babamın, ata-anamın söhbətlərindən bilirəm. Vedi deyəndə qəlbləri qan ağlayardı. O zaman hardasa mənə təəccüblü də gələrdi onların bu həsrəti, ta ki bu hissi özüm yaşayana qədər. Bir mahnıda deyildiyi kimi: Vətən - əlim çatandı, ünüm yetəndi. Bax, bunu yaşaya bilirsənsə, deməli, dünyanın ən xoşbəxtisən.

 

SƏLBİNAZ

 

1988-ci ildən başlayan hadisələr get-gedə Azərbaycanı qaynar bir qazana çevirməkdə idi. Vətənin aqibəti böyük və müəmmalı bir sual altında qalmışdı. Yuxarıların çəkişmələri insanları belə, onlara unutdurmuşdu. Belə bir anlaşılmazlıq içində yaşayan insanların əksəriyyəti ailəsini dolandırmaq üçün Rusiyaya üz tutdu və mən də bu həyatı yaşamaq məcburiyyətində qaldım. Amma oxumaq həsrətilə qovrulan mən, övladlarıma təhsil vermək üçün hər şeydən keçməyə hazır olmuşam. Xoşbəxtəm ki, buna nail oldum, yarımçıq arzumu onlar tamamladı. Böyük qızım Gəncə Humanitar Kollecini, ikincisi Neft Akademiyasını, oğlum Çelyabinsk şəhərində Cənubi Ural Dövlət Universitetini bitirib. Hazırda özümü üç ali təhsilli bir ana zənn edirəm. Qələm yenə də əlimdədi. Ömür yollarında, Dolub boşalan dünya, Gözüm yolda, könlüm səsdə silsiləsindn olan antologiyalarının yaradıcı üzvüyəm. Nəsimi, Xəlil Rza Ulutürk diplomlarına, QMİB-nin Nabat yolu mükafatına, Xarı Bülbül medalına layiq görülmüşəm. ANASAN-Anadolu sənətçi, şair, yazar, aşıq və Bilim Adamlar Birliyinin Gəncə təmsilçisiyəm. Bütün bunları mənə nəsib edən Allaha sonsuz şükürlər olsun. Mən bu gün torpaqları işğaldan azad olmuş bir ölkənin vətəndaşıyam. Bu hissi yaşamağın qüruru yerə-göyə sığmır. Vaxtı ilə bizə yuxarıdan baxanlara indi biz meydan oxuyuruq. 30 illik bir əsarətdən vur-tut 44 günə xilas olmağın tarixdə nə adı var, nə də bənzəri. Buna yalnız türk oğlu türk qadirdi ki, onu da dünyaya sübut etdi. Biz böyük itkilər bahasına bu tarixi yazdıq. Analara oğul dağı çəkildi, bacılar qardaş acısı daddı, cavan gəlinlərimiz yarımçıq ömür yaşamağa məhkum oldu, körpələr ata məhəbbətinə əbədi həsrət qaldı. Şəhidlər bizlər üçün darıxan torpaqları öz qanları ilə suvardı, illərdi namərd tapdağı altında inləyən Qarabağ cana gəldi. İllərin həsrətilə yaşayan Cıdır düzündə Qarabağ atları şahə qalxdı, Xarı Bülbül sevincini yenidən yaşamağa başladı. Dəmir yumruq elə qalxdı ki, düşmən hər an onu başı üzərində hiss edəcək və edir də. Çox acıyıram ki, nənə-babam, valideynlərim torpaq həsrəti ilə bü dünyadan köç etdi. Acıyıram ki, dədə-baba yurduma hələ ayağım dəymir, amma içimdə qəti bir inam, əminlik var ki, o yerləri yenə də nəfəsimizlə isidəcəyik. Biz əslində çox qorxaq, lakin arxasındakı havadarlara güvənən bir düşmənlə üz-üzəyik. Ali Baş Komandan dəfələrlə onu təkbətək döyüşə səsləsə də, onlar qınından çıxmağa cəsarət tapa bilmədi. Və sonda illərdi susan dünya kimin kim olduğunu gördü. Prezidentimizin dediyi kimi: Zəngəzur da, İrəvan da bizim tarixi dədə-baba yurdumuzdu və biz mütləq öz torpaqlarımıza qayıdacağıq. O günləri yaşayacağımıza inanıram.

 

Qurban olum Vətənimin daşına,

 

Dolanaram gündə min yol başına,

 

Qurban ollam gözdən axan yaşına,

 

Vətənimin igid əsgər qızıyam.

 

QADIN GÜLƏRSƏ

 

Vətənimə, dövlətimə, dövlətçiliyimizə hədsiz bağlı bir Azərbaycan qadınıyam. İnsan qürbətdə olanda Vətənin ən kiçik sədasını belə izləyir. Ev, ailə işlərinə baxmayaraq, yerli mətbuatımızı sosial şəbəkə üzərindən daima izləyirəm. Qəzetinizə bələdəm, rubrikanızın oxucusuyam. Lakin heç ağlıma gəlməzdi ki, bir gün həvəslə izlədiyim Qadın gülərsənin qonağı ola bilərəm. Bunun üçün qəzetinizin rəhbərliyinə, mənimlə maraqlanaraq, axtarıb tapdığınıza görə sizə dərin təşəkkürümü bildirirəm.

 

Qadının dünyası sehrli sirdi,

 

Dağların başında gəzər dumanı,

 

Gül kimi saraldıb soldurar dərdi,

 

Sevən ürəyində sızlar kamanı.

 

Qadının ana kimi uca bir adı var və onun çöhrəsindən heç zaman təbəssüm əskik olmasın ki, dünya yaşasın.

 

SON SÖZ

 

Araşdırmaları çox sevirəm, çünki onların arxasında özümə maraqlı xeyli məqamlar, bilməli olduğum bilmədiklərim, səmimi dostluğa çevrilən ünsiyyət olur. Bugünkü müsahibim də özüm üçün daha bir tapıntım oldu. Çox kövrək, səmimi, həssas, qəlbi torpağı üçün döyünən Səlbi Baxışdan ayrılanda, bir kəlamı xatırladım: Vətəni sevmək imandandır. İmanımız kamil olsun.

 

Tamilla TEYMURQIZI

 

Azad Azərbaycan.- 2021.- 5 avqust.- S.5.