“Hardasa o uzaqlarda”nın cazibəsində

 

 

 

Qələm əhli bilir ki, qələmin nazı çoxdur. Yel qanadlı duyğuların, düşüncələrin cilovunu yığıb ram etmək istəyə, planlaşmaya baxmır çox vaxt. Amma bir ulduz işığı salan cazibəli hədəfi olur ruhun. Gec-tez o hədəfə doğru addım-addım gedərik. Sonda ürəyinin ehtiyac duyduğu o cazibənin mənbəyinə yetişərsən - istəyinə əminsənsə.

 

zamandır bir ulduz parıltısı ilə özünə cəzb edirdi bu poeziya məni. nəhayət, mən bu əsrarəngiz dünyaya səyahətimin ilk dayanacağındayam. Bu sirli dünyanın ilk dayanacağı belə adlanır: “Hardasa o uzaqlarda”. O ulduz parıltılı poeziyanın - dünyanın sahibi isə Sevinc Qəribdir. Bu şeirlərin mənim baxış bucağımdan ulduz assosiasiyası yaratması da təsadüfi deyil.

 

Hər bir yaradıcı insanın yaratdığı şeir, musiqi, rəsm, heykəltəraşlıq s. nümunələrdə özünəməxsus bir cizgi, nüans, ştrix olduğu sirr deyil. Bu ştrixlərlə əsər müəllifini imzasız da tanımaq olur əksər hallarda. Sevinc Qəribin zövq ala-ala oxuduğum şeirlərində dominant bir bədii detal var ki, bu poeziyanı süjet xətli bir əsərə bənzətsək baş qəhrəman kimi onun adını çəkə bilərik: GECƏ.

 

Bu gecə gözümə şeir tökülüb... (“Şeirli yuxum”)

 

Günəşi düyün vururam gecənin hörüklərinə... (Gecənin hörükləri)

 

Gecələr sükutun qulaqbatırıcı səsi

 

Səssizliyin vahiməli kabusu... (Gecələr)

 

Gecənin zil səsli sükutu... (Yenə)

 

“Gecə”dən doğulan şeirlər gah yuxuya çevrilir, gah həqiqətə, gah yağışa dönür, gah da göz yaşını xatırladır. Gecələrin “ tənhalıq ssenaristi” sakit buraxmır şair ruhunu. Sanki axşam düşüncə mübahisə başlayır: tənhalıqla, qəribliklə, həsrətlə, haqsızlıqla, lap elə qaranlığın özü ilə:

 

Ölümdən dönmüş

 

kimiyəm bu sabah,

 

bu sabah gecə savaşından

 

qalib çıxdım. (Bu sabah)

 

qarışıq nəfəslərin gecə sükutuna həmləsi...

 

içimdəki səsin hayqırtısı ilə boğum bəlkə,

 

qışqıran səssizliyi... (Yenə)

 

Baş qəhrəmanı Gecə olan bu poeziyanın digər obrazları da maraqlıdır: Yuxu, Şeir, Həsrət, Göz Yaşı, Kədər Vətən.

 

YUXU:

 

Kirpiklərim xumar-xumar öpüşür,

 

aldanıb bir yuxu ehtimalına.

 

guya qovuşacaq yuxuyla gözlər,

 

guya yuxularda azasıyam mən... (“Şeirli yuxum”)

 

Dahi sənət adamlarının “memarı” Kədər olur. Şadlıqdan, zənginlikdən, toy-bayramdan qalıcı həmişəyaşar əsərlər mində bir yaranar ya yox. Nakamlıq, həsrət, kədər, ayrılıq, üzüntü yaratdı əbədi populyarlığı olan əsərləri. İlhamla Kədərin “əlbirliyi” təsirli əsərlər meydana çıxarır.

 

Sevinc Qəribin şeirlərində bu mənada kədərin gətirdiyi bir dərinlik var. Sevinc bu poeziyada qərib görünür. “Bir ovuc sevincdi, bir əlçim gülüş, Dəymə, ümidlərim qan ağlamasın”- deyən Lirik “mən”in sevinci çox az şeirlərdə ötəri olaraq rastımıza çıxdı:

 

“Bir az gözlərimə sevinc gətirdi

 

Çəhrayı şaftalı çiçəkləri”...

 

Səhəri səninlə açmaq

 

gözəl... gözəl nəfəsini

 

ciyərlərimə çəkmək... (“Şəms üçün”)

 

Bu da, əlbəttə, təbiidir, anlaşılandır. Vətən dağının acısını yaşayan bir insan necə ürəkdən sevinə bilər ki?!

 

O yanda bir yurd dağılıb,

 

Xaraba qalıb evləri,

 

Meşəsini don vurub,

 

Torpağına qan yağıb,

 

Diriləri dərbədər,

 

Ölüləri kəfənsiz

 

Bir şəhər əsir qalıb. (“XOCALI”)

 

Sevinc Qərib kədərinin kökü o əsir qalan torpaqdadır, sevincini orada qoyub gələnlərdəndir Sevinc.

 

Boşuna aşmışam o gədikləri,

 

Dağın o tayı da boş ümid imiş.

 

Elə nağıl imiş söylədikləri,

 

Vətəndən savayı cənnət yox imiş.Yox imiş”)

 

Müasir Azərbaycan poeziyasında iddialı, sanballı qələm sahibi olan şairələr içində Sevinc Qəribin hələ daha neçə-neçə dəyərli kitablara imza atacağına inanıram uğurlu şeirlərin davamını gözləyirəm. Ruhiyyəsində cazibəli parıltı hiss etdiyim bu ulduz - poeziya ədəbiyyat asimanımızda hər zaman parlaqlığı ilə seçilsin oxucuların qəlbini nurlandırsın. Uğurlar, SEVİNC Qərib!!!

 

Alasan əlinə mürəkkəbini,

 

Düşəsən yolların izlərinə.

 

Çəkəsən sınağa şair təbini,

 

Sərəsən ruhunu kəhrizlərinə.

 

 

 

Təşnə dodaqların yanğısı sönə,

 

Soyuya ürəyin bulaq suyutək.

 

Susmuş bülbüllərin nəğməsi dinə,

 

Torunda dincələ, yata hörümçək.

 

 

 

Çevirib yönünü gedəsən uzaq,

 

Düşüb izlərinə gələ sərin meh.

 

Çiçək qucaqlaya səni bir qucaq,

 

Gizlənə ovcunda bircə damcı şeh.

 

 

 

Atasan özünü dəlisov çaya,

 

Çəkə ürəyindən çıxara səni.

 

Elə rast gətirə bir özgə taya,

 

Özün tapmayasan özündə səni.

 

 

 

Aygün CƏFƏROVA,

tədqiqatçı-yazar

 Azad azərbaycan.- 2021.- 5 avqust.- S.7.